Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Keçən il noyabrın 13-dək 209 min 368 ton pambıq yığılıb.
Pambıq yığımında Saatlı (40 min ton), Bərdə (32 min 576 ton), Ağcabədi (31 min 29 ton), Beyləqan (28 min 389 ton) və Biləsuvar (28 min 95 ton) rayonları irəlidə gedirlər.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Həmin illə müqayisədə 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.
Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur.
2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verib.