• 19 Aprel 2024
logo
İran "OPEC+"un hasılatın artırılması qərarının neft bazarına təsirini qiymətləndirib

İran "OPEC+"un hasılatın artırılması qərarının neft bazarına təsirini qiymətləndirib

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) ölkələrinin yanvar ayından etibarən gündəlik neft hasilatını 500 min barel artırmaq qərarı bazara təsir göstərməyəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Bijan Zanqane deyib.

"Bazarın buna necə cavab verəcəyin baxmalıyıq. Belə bir qərarın neft bazarına həlledici təsir göstərəcəyini düşünmürəm, qiymətlərin azalmasına şübhə edirəm, çünki 500 min barel kiçik bir rəqəmdir", - deyə B. Zanqane qeyd edib.

Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0.5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.