• 19 Aprel 2024
logo
Adəmdən atom əsrinə, yaxud Şahin Fazil poeziyası...

Adəmdən atom əsrinə, yaxud Şahin Fazil poeziyası...

Deyirlər yoxdur aləmdə gözəl günlər gözəllərsiz,
Onu təsdiq edərdim, gərçi inkarım görünsəydi...
Şahin Fazil

“Təbiətdə iki cür qocalma var: bəzilərini köhnəldirlər, bəziləri köhnəlir. Birincilərin təkrar istehsalı mümkündür, elə ikincilərin də... Əşyanın yerini əşya, heyvanın yerini heyvan, bitkinin yerini bitki, insanın yerini insan tutur”. [red. G. Kərimi] Lakin şairin yerini heç kim tuta bilmir. Yaradıcılığın digər növünü təmsil edən ayrı-ayrı insanlar misalı hər şair də dünyaya bir dəfə təşrif gətirir. O mənada ki, nə qədər şair, yazıçı var, o qədər də üslub var. Necə ki, ümummilli liderimiz – müdriklik mücəssəməsi H. Əliyev demişdir: “Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir insanlardır”.
Mükəmməl kitab yazmaq, həmişəyaşar mövzular seçmək, nümunəvi davranış tərzi, dəyərli tərcümələr müəllifi kimi ad qazanmaq haqqında söhbət açacağım alim-şairin həmişə sabahın sorağında olmaq ənənəsindəndir. O sabah ki, onu ancaq təxəyyülümüzün hüdudları sayəsində yaşaya bilirik.
Şeir nədir? Şeir, subyektiv fikrimizə görə, ödənilməyən hisslərin nəzm şəklində özünü ifadəsinə deyilir; əgər şeir məcburən, yəni şair olmaq niyyətilə yazılmırsa, şairlik taledir. Bu mənada Şahin Fazil xoşbəxt taleli şairdir. O, yazdıqları qədər səmimi, tövsiyələri kimi xeyirxahdır; sadə və aydın yazır. Şairin poetik obrazları gah bu əsrdən xəbər verirlər, gah o biri əsrdən, gah dünyanın bu başından soraq gətirirlər, gah da o biri başından. Yorulan, dincələn şair deyil Şahin Fazil. Gününün qrafiki bir dəfə yazılıb, həm də həmişəlik:

“Şahinəm, vaxtımı mən boş yerə öldürməmişəm,
Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur”.

Eşq olsun! Vaxtın ən qiymətli olduğunu dərk etməkdən böyük məsuliyyət varmı?! İnsan o zaman fərdilik pərdəsini qaldırmağa müvəffəq olur ki, onun üçün zamandan qiymətli heç nə qalmır.
Zaman keçmişi, gələcəyi yox, məhz indini təqib etdiyi üçün canlıdır. Şahin Fazil də nə qədər canında can var, bu canlı zamana ötüb keçmək fürsəti vermir, ya onunla qoşa addımlayır, ya da bir addım irəlidədir.
Şahin Fərzəliyev ziyalıdır; nə zaman nə yazmağın yerini, necə yazmağın yolunu yaxşı bilir. Ziyalı ancaq özünə məlum olan həqiqətlə oxucunun inamına şübhə salan, yaxud kütlənin narazılığına səbəb olan şəxs deyil, ziyalı o kəsdir ki, ancaq özünə məlum olan həqiqəti əks fikirdə olanlara etiraz etmək fürsəti verməmək cəhdilə yazır. Söhbətimizin bu məqamında şairin özünə müraciət edək:

“Bilirəm qiymətini xəlqi sözün, sərrafəm,
Xəlqi sözlərlə yazan şe’rini bədnam olmaz”.

Ritm və qafiyə özlüyündə poeziyanın əsas cəhətlərindən sayılır. Oxucunun, yaxud dinləyicinin diqqətini ilk özünə cəlb eləyən, daha doğrusu, oxunan şeri, söylənilən mənzum rəvayəti dinləməyə sövq edən də məhz onlardır. Bu mənada qəzəl yazmaq texniki cəhətdən çox zəhmət tələb edir. Ümumiyyətlə, poeziyanın əhatə dairəsi istifadə etdiyi materialın ümumiliyi baxımından çox genişdir, amma qəzəldə bu imkanlar bir qədər məhdudlaşır. Ötürülməsi nəzərdə tutulan ideyanın təşkil etdiyi sözləri, cümlələri həm ritmə, qafiyəyə salmaq, həm vəznin tələb etdiyi ahəngə uyğunlaşdırmaq, əlbəttə, mürəkkəb işdir. Əruz vəznində yazmağın çətinliklərinə baxmayaraq o, Şahin müəllimin qələmində gah təsvirə, gah hekayətə, gah da dramatik hadisələrin poetik ifadəsinə istiqamət alır. Beləliklə, ayrı-ayrı insani meyl və əməllərin tək qəzəldə yox, müxtəlif janrlarda mümkün təsvirini yaratmaqla şair poeziyanın bilavasitə uzunömürlülüyünə xidmət etməyə çalışır.
Şahin Fazilin üstün yaradıcılığı onunla izah olunur ki, müəllif istənilən hadisəni həm tarixçilər kimi praqmatik, həm də sənətkar gözü ilə poetik olaraq, yəni görünənlərdə yox, ideyada, qarşılıqlı münasibətlərdə yox, mahiyyətdə qavrayır. O, sadəcə, həqiqəti göstərir, onu sübut etməyə ehtiyac hiss etmir. Aşağıdakı misralara diqqət edək:

“Mən həm
Yerdə ölmək istəməzdim,
şahinəm”.

Misralardan da göründüyü kimi tarixçi-alim bilir ki, özlüyündə var olanın, yəni ideyanın aşkara çıxarılması tarixdən çox poeziyada baş verir. Sonuncu sətirdəki şahin sözünün hansı quş adı ilə əvəz olunmasından asılı olmayaraq ideya dəyişməz olaraq qalacaq. Başqa sözlə, “şahinəm” sözü simvolik mənadadır, bir növ “yerdə ölmək istəməzdim” cümləsinin aydınlaşması üçün vasitə rolunu oynayır. Əlbəttə, vücud göyə daşına bilməz. Burada yerdə ölməsi istənilməyən, əslində, cism deyil, ruhdur; şair cisminin yox, ruhunun öldürülməsindən narahatdır.
Şahin Fazil tarix üzrə elmlər doktoru olsa da, yanaşı olaraq ədəbi şəxsiyyətlərə, ədəbi metod və janrlara ədəbiyyat tarixçisi kimi nəsər salır. O, ayrı-ayrı şairlərin yaradıcılıq prosesini
elmi cəhətdən əsaslandırılmış metodla izləyib öz yenilikçi dövri ilə onların mühiti arasında müqayisəli paralellər aparır, ədəbi aləmin hansı yaradıcılıq prinsiplərilə inkişaf etdiyinin xronoloji ardıcıllığını müəyyən edir ki, bu da ona öz ədəbi istiqamətini təyin etməkdə köməkçi rolunu oynayır.
Şairin “Dünyanın dağılması, yaxud yaxşı oldu dağıldı” poeması oxucuya hələ heç kimin qələmə almadığı bir üslubda təqdim olunub. Əsər fantaziya ilə gerçəkliyin, poeziya ilə nəsrin, keçmişlə gələcəyin sintezindən yaranıb. Obrazlar Yer kürəsi “dağılandan sonra” onun cənnət və cəhənnəmdəki sabiq sakinləridir və bütün hadisələri də onlar nəql edirlər. Müəllif dünyanın dağılma səbəbini insanların cahilliyində axtarır:

“Yeri dağıtmayıbdır
Zəlzələ, ya vəlvələ.
Olmasaydı adamlar
Yaşayacaqdı hələ...
Yaxşı oldu dağıldı”.

Şahin Fazil adı çəkilən poemada kimə müraciət edir-etsin, hamının – Allahin da, nəbinin də, şair və yazıçıların, o cümlədən, filosfların da Yerin dağılması məsələsində ortaq məxrəcə gəldikləri yekdil fikir belə olur: “Yaxşı oldu dağıldı!” Lakin iki obrazın – Allahın və onun elçisinin “Yaxşı oldu dağıldı!” deməsi müəllifi yetərincə təəccübləndirir, daha doğrusu, təccübləndirmir, şair gerçək dünyanın puç olmasını oxucuya öz üsulu ilə anlatmağa səy göstərir. Poemanı hərfi mənada bir sıra böyük mütəfəkkirlər haqqında annotasiya da adlandırmaq olar. Əsərin sonunda səsləndirilən ədəbi-fəlsəfi suallar isə Yer kürəsində hələlik cavabsız olaraq qalmaqdadır:

“Heyrətdəydim onda mən:
Varlıq vardı, yox varmı,
Yoxluq vardı, var varmı?
Yerdən yaxşı yer varmı,
Ey xudavəndi-aləm?
Belə demək olarmı,
Yaxşı oldu dağıldı?”

Bir çox şairlərin şeirlərinə təzminlər yazan ustad qəzəlxan Əfzələddin Xaqaninin də poeziyasını yadından çıxarmayıb. Hər iki müəllifin beytini yanaşı oxuyanda bir-birindən fərqləndirmək mümkün olmur, necə ki, eyni həcmli, eyni çəkili, eyni rəngli iki dürrü bir-birindən ayırmaq müşkül məsələdir.
Ə. Xaqani: “Xaqani sənə yazmayacaqdır daha məktub,
Çünki sənə səndən o, şikayət necə yazsın?!”

Ş. Fazil: “Həsrət çəkirəm Təbrizə, Urmiyyəyə həsrət,
Əsdirsə əgər əlləri həsrət, necə yazsın?!”

Şahin Fazil əsərlərindən birinə «Ölüm poeması, yaxud qardaş, ölüm nəmənədi?» adını verib. Adından da göründüyü kimi poema varlığın gerçək dünyadan yox olma prosesini əhatə edir, yəni haqqında bəhs olunmaqla ölüm şərəfləndirilir. Bu əsərdə də şeir və nəsr bir-birini qarşılıqlı olaraq tamamlayır. Deyilənlərə əyani misal kimi əsərin özündən sitat gətirmək daha münasib olar.

Nəsr: “... Qardaş, heç nəyi havayı vermirlər, illah ki, bu zamanada. Allah baba ölümü də havayı paylayır. Ölüm... Özü də havayı. Vallah mən havayı heç nə istəmirəm, illah ki, ölümü.

Şeir:
“Allah babadan savayı,
Var hamının ölüm payı.
O pay paylanır havayı,
Qardaş ölüm nəmənədi?”

Əslində, bu poema da cavabsız sualların prozaik və poetik ardıcıllığından ibarətdir. Həmin suallar ki, bir zamanlar alman şairi Matias Klavdi ölümü ilə barışmağının labüd səbəbi kimi onların cavabsızlığından şikayət edirdi. Klavdinin ölümündən yüz doxsan bir il sonra Şahin Fazil də öz nikbin poeziyasında həmin sualların cavabsızlığından narahatlıq ifadə edir, hətta gileylənir də:

“Deməmişdi «gəlim», gəldi,
Bir anda min ölüm gəldi,
Xocalıya zülüm gəldi,
Qardaş, ölüm nəmənədi?”

Göründüyü kimi, qələminin ucundan başlamış qəlbinin sərhədlərinə, dərrakəsinin hüdudlarına qədər vətənpərvər olan alim Şahin yaradıcılığının səciyyəvi obrazına çevrilmiş Xocalı qətliamını ölümün sinonimi kimi tanıyır və tanıdır.
O da bir çox mütəfəkkirlər misalı dünyanın zaman başlanğıcını öyrənməyə can atır, «Sən sondasan, ya əvvəldə? Niyə Yerin aqibəti, Yerə deyil, Göyə bağlı? Suallarım niyə açıq, Cavablarım niyə bağlı?» mənzum sualları ilə sanki həyata məxsus olan «olum-ölüm»ün baş vermə səbəbinin niyə həyatdan uzaqda, Yerdən kənarda gizlənməsini dərk etməyə çalışır. “Yer dövr edir, Yer dövrədir, yer çevrədir, Çevrənin əvvəli harda? Dövrənin əvvəli harda?” misraları ilə bir növ oxucunu düşünməyə vadar edir ki, onların diqqətini hadisələrin gedişatından yayındırıb mahiyyətinə yönəldə bilsin. Axı mahiyyəti dərk etməyə çalışan insan gec-tez özünü də tanımalıdır.
İnsan harada yaşayır-yaşasın, onun taleyi beynəlmiləl olmalı, özünü insan kimi dərk eləyən hər kəsin diqqət mövzusuna çevrilməlidir. Bu mənada Şahin Fazil beynəlmiləl şairdir, onun sevgi prototipi, sadəcə, insandır. Şairi Qarabağ qarışıq işğal olunan məskənlərimizin taleyi necə narahat edirsə, eləcə də, Fələstində tökülən günahsız qanlar ürəyini yandırır, hətta o qədər yandırır ki, susuzluqdan əzab çəkən yağışsız ölkələrə yağmur arzulayır:

“Qələm, ilhamımı ləngitmə, et çarə, tələs, dindir:
– O hansı ölkədir ölkəm təkin parə? Tələs, dindir.
– Fələstindir!”

Yaxud:

“Əlbət, yağmasa, olmaz,
Yağa, hər yana düşə,
Kaş bu yağışdan bir az
Ərəbistanə düşə... “

Yazarın, ümumiyyətlə, insanın kimliyi səviyyəsinin uyğun gəldiyi cəhətlər, düşüncəsinin üstünlük verdiyi əməllər baxımından təyin edilir: çılğınlıq o dərəcəyə çatmalıdır ki, müvazinəti pozmasın, mühakimə öz qədərini aşmamalıdır ki, çılğınlıq susmasın.
Şair o zaman böyük olur ki, şeirlərində ilahi sevgi ilə bəşəri duyğuların harmoniyasını yaradır. Bu nöqteyi-nəzərdən yanaşanda Şahin Fazil yaradıcılığının Yerlə Göyün vəhdət zolağı boyu uzanan həmişəyaşıl üfüqlərini söz sənətinin məhvərində görürük. Aşağıdakı poetik lövhəyə nəzər salaq:
“Məcnun – səhra dəlisi,
Fərhad – dağ dəlisi,
Mən – söz!”

Şeir yazmaq təkcə başqalarının görə bilmədiklərini görmək imkanından ibarət deyil, həm də başqalarının danışa bilməyəcəkləri dildə danışmaqdır. Şeirin səmaları genişdir, o, uçduqca uça bilir. Poeziyanın mövzu rəngarəngliyi dünyada baş verən hadisələrin sayı qədər sonsuzdur, lakin əsl şair ayrı-ayrı hadisələri qələmə almaqdansa, onların ümumləşdirilmiş obrazını yaratmaqla aid olduqları anlayışların bədii təsvirini yaradır.
Böyük filosoflar insanları zaman-zaman siniflərə ayırmış, onların üzərində dahiliyinə, alimliyinə, adiliyinə görə bölgülər aparmışlar. Lakin insanın maddi aləmə qarşı hiss etdiyi ehtiyacları nə qədər azalsa da, sağ qalması üçün vacib olan amillərin hökmündən xilas olması mümkün deyil. Deməli beyninin yaradıcı potensialının necə olmasına baxmayaraq ac qalmasın deyə hər gün həyat ilə mücadiləyə qalxan insan vaxtının olmaması səbəbindən alimliyə, dahiliyə imza ata bilməyəcək. Beləsi, ola bilsin, heç insanlığını da qoruyub saxlaya bilməyəcək. Mənzərə hansı şəkildə olur-olsun, insan üçün başlıca şərt insanilik məsələsidir, təəssüf ki, bölgülər ayrı-ayrı adamlara görə yox, cəmiyyətin təməl prinsiplərinə əsaslandığına görə bu məziyyəti dəstəkləmir.
Öz işini cəmiyyətin təməl prinsipləri üzərində quran Şahin Fərzəliyev, görün, bölgü daxilində bölgüsüz insanların ümumiləşdirilmiş obrazını necə ustalıqla təsvir edir:

“Hambal yük gözləyir məhzun, müntəzir...
Hamı yükdən qaçır, hambal yük gəzir:
– Gəl, ey Yük!”

Fədakarlıq fitrəti insanın təbiətində baş qaldırmalı, qanında olmalıdır. Müharibə də belədir: məhz fədakar insanlar ölümün üzərinə könüllü gedirlər. Fədakarlıq özünü idarə edə bilməmək cəhətilə tərs mütənasiblik təşkil edir və insanın bütün kateqoriyasına aiddir. Vətən sevgisi yeganə hisdir ki, insan şəraiti idarə etmədiyi yox, daha düzgün idarə etdiyi üçün odun içərisinə, ölümün pəncəsinə atılır. Şahin Fazil də mövcud şəraiti düzgün qiymətləndirdiyinə görə işğal olunmuş torpaqlarımız uğrunda döyüşməyə hazırdır. Şair bu mövzuda kitab-kitab şeir yazıb. Onun qəhrəmanlıq poeziyasının yaranmasına səbəb Qarabağın... Şuşanın azad olunması eşqilə qərəmanlığa susamış ürəyidir. Yuxarıda söylədiklərimizin yekunu olaraq müəllifin dahi musiqiçi
Ü. Hacıbəyliyə xitabən qələmə aldığı döyüşkən misralara diqqət yetirək:

“Çarpışmağa hazır bizim əskər!
Azad oluna bilməsə, yaddan Qarabağ gər,
Ölmüş o şəhidlər təzədən bir də ölərlər, Üzeyir bəy,
Qoy “Cəngi” çalınsın!”

Yaxud:

“Unuda bilmərik bu dərdi,
Kim əkdi, amma kim becərdi...
Üstündə güllələr cücərdi,
Xocalı”.

Hamı qələmlə yazır: şagird də, tələbə də, müəllim də, həkim də, alim də, dahi də və s. Lakin qələm sözünün bir sinonimi var: şair. Nədənsə, şair deyəndə adamın yadına qələm, qələm deyəndə şair düşür. Bəlkə bu o səbəbdəndir ki, dünyanın ilk söz adamları şairlər olublar. Əksər filosoflar da yaradıcılığa şeirlə başlayıblar. Şeir danışmağı bacaran hər kəsin dilidir: sərbəsti, hecası, əruzu var, vəzni, qafiyəsi, təfiləsi, bəhri var... Şeirin elə bir növü, elə bir janrı yoxdur ki, Şahin Fazil qələmində sınaqdan keçməsin. Üstəlik özü ədəbiyyata o qədər yeni ölçülü şeir növləri gətirib ki...
Haqqında sevə-sevə danışdığım ustad şairin yaradıcılıq amplitudası o qədər böyük, tarixçi iddiası o qədər səmimi, şeir səması o qədər geniş, poeziyası o qədər rəngarəngdir ki, haradan başlayıb harada qurtarmaq məsələsində lap çaş-baş qalırıq.
Təbiət dəyişkənliyi sevir, amma bitki, heyvan, insan ideyası dəyişməz olaraq qalır. Təbiətin əbədi nəzəriyyəsi əbədi varlıq yarada bilmirsə, əbədi olan nə üçündür? – Öz qısa ömrünü qarşılıq istəmədən min bir əzabla əbədi ideyalara xərcləmək idrakın dərk olunmazlıq göstəricisidir: dərk
edən özü dərk olunmur. Suallar çoxdur; insan bilmir, gələcəyini keçmişin ağrısından xilas etsin, yoxsa indisini gələcəyin... Bu arada şeirlər – poetik ideyalar müəllifi Şahin Fazilə uzun ömür, can sağlığı, yeni yaradıcılıq diapazonu arzulayırıq.

Göyərçin