Türklər dünyanın ən qədim millətlərindəndir. Təxmini hesablamalara görə bu gün dünyada Türklərin sayı 210 milyondan çoxdur. Müasir dövrdə türklər Saxadan Balkanlara qədər yayılıb (təxminən 12 milyon kvadrat kilometr).
Türklər haqqında ilk qədim və etibarlı mənbə Çin mənbələri sayılır. Türklərin yayıldığı ərazinin ilk xəritəsi M.Kaşğarinin "Divani-lüğəti-it-Türk" əsərində verilib. Dünyada altı tanınmış müstəqil türk dövləti və bir tanınmamış Şimali Kipr Türk dövləti var. Sahəcə ən böyük müasir türk dövləti Qazaxıstandır. Ən çox türk əhalisi isə Türkiyədə yaşayır. Türklərin ilk yaşayış məskəni Asiya qitəsi, Şərqi Türküstan (Mərkəzi Asiya), Altay, Sayan, Tyan-Şan dağları hesab olunur. Türklər Altay dil qrupunda birləşir. Türk dili dörd qola ayrılır - oğuz, uyğur, qıpçaq və bulqar.
Ən qədim türk yazısı 2500 il bundan əvvələ aid edilən, Qazaxıstanda, Eşik kurqanından tapılan gümüş kasa üzərindəki yazıdır. Bu kurqanda tapılan qızılı geyimli adamın zinət əşyaları zənginliyinə görə yalnız Misir ehramlarından geri qalır.
Ən uzunömürlü türk dövləti Osmanlı imperiyasıdır.
Əgər bu gün bizim Azəri türkcəsiylə oxuduğumuz mahnını Osmanlı Türkü, Qazax, Qırğız, Özbək, Türkmən, Qaraçay türkü, uyğur, qıpçaq, bulqar.....bizimlə birlikdə zümzümə edir, oxuyursa - demək biz varıq, biz böyükük, güclüyük. O qədər azman imperiyalar bizə dişini qıcadıb ki..Amma nə qədər cəhd etsələr də Türk oğlu Türk olaraq nə azadlıq eşqimizi, nə varlığımızı, nə də kimliyimizi əlimizdən ala bilməyiblər. Nə bu gün var olmuşuq, nə də dünən. Biz tarixlər şahidiyik, qədimliyimiz minilliklərlə ölçülür, beş min illik tariximiz var. Bunu biz demirik, qədim Çin mənbələri deyir, Lev Qumilyov deyir, Yevgeni Bertels deyir, (mən bilərəkdən Türk mənbələrinin adlarını çəkmirəm), Aleksandr Şerbak, Anatoli Miller, Stralenberq, Yan Kovalski, Vasili Bartold, Radlov, Yan Rıpka, Yelizaveta Ubryatova....daha kimlər, kimlər deyir. Herodotda “Tarkita”, Hind mənbəyində “Turuxa”, Çin mənbəyində “Tukuyə” olaraq anılırıq. Ümumilikdə bu gün tarix ədəbiyyatında Türk xalqlarının 112 tanınmış dövlət qurumu haqqında məlumatlar verilir. Bunlar arasında 15 imperatorluq, 38 dövlət, 34 bəylik, 4 atabəylik, 16 xanlıq, 5 cumhuriyyətin adı çəkilir. Bax belə...
Hz. Məhəmməd Peyğəmbər deyirdi: “Mənim türk adlı bir ordum vardır. Türklər sizə toxunmayınca siz də onlara toxunmayın. Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək”.
Cahiz ( IX yüzil ərəb dahisi, 777-869) :“Bir türk başlı-başına bir millətdir”. “Türkə qarşı heç nə dura bilməz”. “Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür” yazırdı.
Napaleon Bonapart (fransız imperator, 1769-1821) isə, Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz”, Alfonse de Lamartin (fransız yazıçı, 1790-1869) .“İnsanlığa şərəf verən türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır”,
Corc Bayron (ingilis şairi, 1788-1824) “Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar”, Hammer Purqştal (alman alimi, 1774-1856) “Tarix türklərdən çox şey öyrəndi”, Əbdülqazi Bahadur xan (1605-1663) “Türk tarixini yalnız türk yaza bilər!”, Mixail Şiryani (din xadimi, 1126-1199) “Dünya türkləri daşımağa kafi deyil”, Dünya dahilərinin çoxu “Türklər dövlət yıxıb-dövlət qurmaqda dünyanın ən mahir və qabil xalqıdır”, “Türklər savaşda fələk, barışda mələk kimidirlər” deyiblər.
Mustafa Kamal Atatürk (1881-1938) isə , “Dünya üzərində türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir. Türkə yurdluq etməmiş bir qitə yoxdur. Bir türk cahana bədəldir. Yüksək türk! Sənin yüksəkliyinin hüdudu yoxdur. Mən Türk millətinə hər şeyi öyrətdim, bircə yad millətə qulluq etməkdən başqa!”
Başını dik tut Türk oğlu! Sən hamıdan güclüsən! Bu gün gizli bunkerlərdə, dəyirmi masalarda dünya nizamını, düzənini yozanlar Sənin var olmamağından ötrü müxtəlif "plan"lar cızmadadırlar. Bir Türk oğlu olaraq var olmağın Səni sevməyənlərin yuxusunun kabusudur. Sən at üstündə qitədən qitəyə zəfər çalıb tarix yazanda bu gün at oynadanlar hələ yuxudaydı. Sən daim var olacaqsan, Tanrı səninlədir. Gec, tez Dünya nizamı Səninlə gələcək. Uca Tanrı Zəlimxanımıza qəni - qəni rəhmət eləsin! Şair daim hayqıra-hayqıra, fəxrlə deyirdi:
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün-beş gün gecim-tezim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən Peyğəmbərdi, Qurandı,
Nə yozulsa, xeyrə yozum olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Dinlənəcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Tanrı Türkü qorusun! Türkün varlığı Tanrının Yer üzündə çatdığı ən böyük ocaq, ən gur yanan çıraqdır. Zaman-zaman bu ocaqdan, bu şölədən, bu qordan Dünyaya işıq seli axır, bu işıq da özlüyündə qaranlıqların bağrını yarır. Qorumuz daim alovlansın, şölənimiz gurlansın, alovumuz dünyanı işığa, nura boyasın həmişə...
Malik Balaşov, tarixçi-publisist, “Qızıl qələm” media mükafatçısı