• 21 İyun 2024
logo
Naxçıvanqalanın divarının uçması ilə bağlı rəsmi açıqlama

Naxçıvanqalanın divarının uçması ilə bağlı rəsmi açıqlama

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın ön divarlarından birinin uçmasına səbəb olub.

Baymedia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib.

Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarda çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində "Naxçıvanqala" bir neçə dəfə dağılıb və bərpa edilib. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzi binaları uğursuz restavrasiya zamanı sökülüb, köhnə torpaq divarlarına metal tor çəkilərək təbii sal daş və sement əsaslı tikinti materialları ilə üzlənib. Restavrasiya zamanı yol verilən ciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir.

Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.

Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib.