• 7 Dekabr 2024
logo
Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb

Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb

Gürcüstanın Baş Prokurorluğu azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsində kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, prokurorluq faktla bağlı iki nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki və daha çox şəxsin sağlamlığına qrup halında qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi ilə ittiham irəli sürüb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin Muşevan (Dəllər) kəndində 7 nəfərə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təqsirləndirilən şəxslərin noyabrın 25-də saxlanıldığı qeyd olunub. Məlumata görə, iş üzrə 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bildirilib ki, artıq prokurorluq saxlanılanlara qarşı həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, hadisə noyabrın 25-də Muşevan kəndində toy mərasimində baş verib. Məlumata görə, Muşevan və Darvaz kəndlərindən olan gənclər arasında mübahisə davaya çevrilib. İnsident zamanı Dəllər kəndindən 6, Darvaz kəndindən 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.