Noyabrın 18-i günorta saatlarında Təbrizdə iş qəzası baş verib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya açıqlama verib.
Məlumata görə, iş qəzası nəticəsində 1 işçi ölüb, 3 nəfər ağır yaralanıb.
Təbrizin Vəliəsr məhəlləsinin İrdək küçəsində işçilərin tikinti liftindən yıxılması nəticəsində bir nəfər yerindəcə ölüb, üç nəfər isə ağır bədən xəsarətləri ilə şəhərin İmam Rza xəstəxanasına çatdırılıb.
Məlumatda xəstəxanaya çatdırılan işçilərin durumunun ağır olduğu qeyd olunub.
Bundan öncə oktyabrın 18-də Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd cari günəş ilinin ilk yarısında əyalətdə 49 nəfərin iş yerində baş verən hadisələr zamanı öldüyünü deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 21-i qadın olmaqla 722 nəfərin iş yerlərində xəsarət alması ilə bağlı Tibbi Ekspertiza Mərkəzinə məlumat verilib.
Qeyd edək ki, iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu avadanlıqlarla təmin olunmaması ölüm hallarının artmasına səbəb olur.
Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının rəsmi statistikada göstərilənlərdən bir neçə dəfə çox olduğunu bildirirlər.
Gunaz.tv