Yaxın Şərq regionunda İsrail faktorunun həmin regionun ölkələri və xalqlarının taleyinə təsiri həlledici rol oynayır. İsrail amilini hər nə səbəbdən qəbul edən və etməyən ölkələr seçdikləri yola görə talelərini yaşayırlar. Onların həyatı İsrail amilindən asılı şəkil alır. İsraili qəbul edənlər, yenə qeyd edirəm ki, hər hansı səbəbdən, öz istəyi, məsburiyyətdən və ya başqa səbəbdən, sakit və firavan həyat yaşayırlar. Qəbul etməyənlər isə hər zaman gərginlik, ölüm riski, məhdudiyyətlər içərisində on illərdir yaşayırlar və gələcəkləri də sual altındadır. Məsələyə bilavasitə qarşıdurmanın səbəbləri nöqteyi-nəzərindən yox, ən vacib region ölkələrinin insanlarının və onların idarəçilərinin psixologiyası nöqteyi-nəzərindən yanaşmaq istəyirəm.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, gərginliyin siyasi motivləri barədə hər kəsə məlum həqiqət odur ki, İsrail dövlətinin ikinci dünya müharibəsindən sonra indiki ərazidə yaradılması bütün region ölkələrinin etirazına səbəb olur. Bu illər ərzində bir neçə genişmiqyaslı müharibələr olur. İsrail bu müharibələrdən qalib çıxır, qurduqları dövləti müfafiə edirlər. Güclü iqtisadiyyat yarada bilirlər. Susuz, bərəkətsiz çölləri canlandırıb, həyatları üçün lazım olan hala gətirirlər. Güclü hərbi sənaye kompleksi qura bilirlər. Bir neçə cümlə ilə məsələnin siyasi tərəfi belədir. Amma məsələnin ətraf ölkələrinin insanlarının bu problemə baxışı bucağından psixologiyası baxımından daha maraqlı və mürəkkəbdir: “Məsələnin mahiyyətini açmaq üçün sadə misal gətirək. Azərbaycanda İsraili dəstəkləyən insanlar da çoxdur, müəyyən məsələlərdən dəstəkləməyən insanlar da. İki tərəfin də öz arqumentləri vardır. Görünən odur ki, İsrailə münasibəti fərdi maraqlar formalaşdırır. Bu, İsrailin mahiyyəti ilə əlaqəli deyildir. Bu, İsraili qəbul edib etməməkdən ibarətdir. Bu eyni ilə, İsraili əhatə edən ölkələrə də şamil edilə bilər. Məsələ ondadır ki, İsraili qəbul edən ölkələr, məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir kimi müsəlman ölkələri İsraillə əməkdaşlıq yolu tutublar, hansı ki vaxtilə ona düşmən idilər. Sonra bunun onlara heç bir xeyir gətirməyəcəyini başa düşdükləri üçün yollarını dəyişdilər. İndi sakit və firavan həyat sürürlər. Amma Yəmən, Livan, Suriya kimi ölkələr İsrailə qarşı düşmən mövqedədirlər və onların həyatı göz önündədir. İran və Qəzza bu münasibətlərdə xüsusi yer tutduğu üçün bu, ayrı müzakirə olunmalıdır”.
Politoloq deyib ki, İsrailin Qəzzada və Qərbi Şəriyyədə yürütdüyü siyasət əslində qeyd edilənlərə nisbətən aydınlıq gətir. Məsələ ondadır ki, Qəzza və Qərbi Şəriyyə Fələstin xalqının yaşadığı iki ərazi olsa da, ordakı idarəçilikdən asılı olaraq müxtəlif həyat yaşayırlar. Qəzzada mövcud olan "HƏMAS" və Fələstin Azadlıq Təşkilatının idarəçiliyi ilə Qərbi Şəriyyədə mövcud olan Fələstin Azadlıq Təşkilatının idarəçiliyi əhalinin həyatında mühüm rol oynayır. Qəzza HƏMAS idarəçiliyində məhv məhv olmaq təhlükəsi ilə üz-üzədirsə, FƏT idarəçiliyində və Mahmud Abbas yönətimindəki Qərbi Şəriyyə sakit həyat sürür. Təbii ki, İsrail ilə nə qədər birlikdə həyat sürmək arzu edilirsə və mümkün olursa. Görünən odur ki, yönətimdən asılı olaraq İsraillə yanaşı da yaşamaq olur, düşmən kimi müharibə şəraitində yaşamaq da. Bunun da ucunda məhv olmaq təhlükəsi hər an mövcud olur: “7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə geniş miqyaslı qəfil terror hücumundan və bu zaman etdiyi vəhşiliklərdən sonra Qəzzaya davam edən İsrail hücumu Yaxın Şərqin artıq bir daha əvvəlki kimi olmayacağını aydın göstərir. Qəzza artıq dağıdılıb. İsrail tərəfindən ələ keçirilib. Yeraltı tunellər böyük ölçüdə məhv edilib. HƏMAS-ın liderləri öldürülüb. 40 mindən çox sivil insan, uşaq həlak olub. Qəzza xalqı məhv olmaq təhlükəsi ılə üz-üzə qalıb. Təbii ki, bunlar ağır statistikadır. Əslində, bəli, statistika! Dünya bunu statistika kimi görür. Ara-sıra etiraz səsləri eşidilir, amma kimsə bu qırğının qarşısını almaq gücündə deyildir.
Fələstin məsələsində İran və Türkiyənin rolu nədən ibarətdir sualı maraq doğurur. İran yaratdığı HƏMAS və "Hizbullah" vasitəsilə proksi müharibə apardığı İsraili həmişə ayaqda saxlayır. İsrail hər zaman ətrafında düşmən olduğu üçün ayıq və sayıqdır, hətta deyərdim ki, İsrailin indiki inkişafı bu amilə əsaslanır. İsrail bu regionda tək olduğunu bildiyi üçün güclü olmağa məcburdur. Ərazisinə havadan və qurudan edilən təcavüzkar onları məcbur edib ki, elə hərbi avadanlıqlar istehsal etsinlər ki, bu təcavüzlərin qarşısını alsınlar. Məsələn, "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri Qəzza və Livandan atılan çoxlu miqdarda primitiv raketləri zərərsizləşdirmək üçün yaradılıb. Görünən odur ki, tərəflər bir-birilərinin həyatının axarını müəyyən edirlər. İranın İsraillə düşmənçiliyinə ciddi baxaraq fikir yürütmək istər-istəməz suallarla qarşılaşır. Biz, necə qəbul edək ki, HƏMAS-ın 7 oktyabr hücumunu alqışlayan İran, hətta bunun İran tərəfindən hazırlandığı da deyilirdi, sonra İsrail Qəzzanı bombalamağa, qisas almağa başlayanda heç bir ciddi dəstək vermirlər. Qəzza yox olur, amma İran rejimi fələstinliləri göstərdikləri igidliklərə görə təbrik edir. Amma məhv edilən HƏMAS döyüşçüləri, öldürülən uşaq və qadınların sayı minlərlə artır. Hətta məsələ o yerə çatır ki, HƏMAS-ın liderlərindən İsmayıl Haniyəni Tehranda yeni prezident Pezeşkianın inaqurasiya mərasimindən sonra qaldığı konspurativ oteldə partladaq öldürürlər. Bunun F 35-dən atılan raketlə edildiyi deyilir. Sonra otelə yaxın ərazidən raketatarla edildiyi deyilir. Son məlumat isə Haniyənin otelə gəlməsindən iki saat əvvəl SEPAH-ın İdrailə casusluq edən iki casusu tərəfindən qoyulduğu bəyan edilir. Nəticədə Haniyə məhv edilir, agentləri isə İsrail İrandan çıxarır. Onların Bəlucistan üzərindən ölkədən çıxarıldığı qeyd edilir. 20 dən çox bu işlə əlaqəli adamın tutulduğu bildirilir. Haniyənin öldürülməsindən sonra neçə gündür İran tərəfindən qisas bəyanatları gəlir. Neçə gündür İran İsraillə müharibə üçün ölkə daxilində çıxarmadığı oyun qalmayıb. Bütün dünyanın günlərdir İsrailə qisas hücumu yerinə İran ordusunun hərbi təlimlərə başlaması tragekomik gurum yaradır. İranın yeni strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Cavad Zərif vəzifəsindən istefa verib və onun qeyd etdiyi fikir, əslində İranın bütün mahiyyətini açır. O, qeyd etmişdir ki, İran fələstinlilərdən çox fələstinyanlı olmağı buraxmalıdır. Hesab edirəm ki, o, açıq deməsə də, qeyd etmək istəyir ki, İranın bu siyasəti fələstinlilərin başına gələnlərin səbəbidir. O, istefa verməklə İranın bu kimi siyasətinə etiraz edib. Həqiqətən də Fələstin xalqı İran rejiminin qurbanına çevrilib. Əslində, bütün ərəb ölkələrinin Fələstindən üz döndərməsinin əsl səbəbi Qəzza xalqının İran rejiminin əlaltısına çevrilməsi səbəbindən olub”.
A.Qasımov onu da qeyd edib ki, Türkiyənin Qəzzaya münasibəti mahiyyət etibarilə İranın münasibətindən fərqlənmir. Türkiyə bu məsələdə söz duelindən o tərəfə getməyib. İran rejimi kimi ancaq qəzzalıları necə deyərlər qaza gətirməklə məşğuldur. Türkiyə kanallarında ancaq HƏMAS əsgərlərinin uğurlarından, qələbəlırindən, İsrailə layiqli müqavimət göstərməsindən danışılır. Amma Qəzza artıq məhv edilib. İki milyona yaxın fələstinli ac-susuz çadırlarda can verirlər.
İsrail-Türkiyə gərginliyinin çox irəli gedəcəyi ehtimalı zəifdir. Qarşılıqlı ritorikaların kəskinləşməsinə baxmayaraq istər Türkiyə, istərsə də İsrail bir-birilərinin gücünə bələddirlər. Hesab etmirəm ki, onlar açıq şəkildə qarşıdurmaya gedərlər. Sadəcə indiki gərginliyi kütləyə oynanılan oyun hesab etmək olar. Bu iki ölkənin açıq qarşıdurması regional müharibə riski daşıyır ki, bu da ilk növbədə Türkiyənin xeyrinə deyil.
Azərbaycan isə Türkiyə və İsrailin yaxın dost və qardaş ölkəsi kimi hər iki dövləti səbrli olmağa çağırır. Onların qarşıdurmasında maraqlı güclər vardır. Hesab edirəm ki, hər iki dövlət dərin siyasi keçmişə malik ölkələr kimi nə etdiklərini yaxşı bilirlər. Azərbaycanın onların qarşıdurmasında tərəf olacağı məsələsi təbii ki, mürəkkəb məsələdir. Azərbaycan hər iki ölkə ilə dərin köklərlə bağlıdır. Tərəflərdən birinin yanında olmaq məsələsi mümkün deyil. Azərbaycan onların hər ikisinin yanındadır və hesab edirəm ki, onların qarşıdurmasını gözləyən güclər istəklərinə çatmayacaq. Belə bir qarşıdurma onların hər ikisini gücdən salar. Bu da Türkiyə və İsrailin düşmənlərinə yarayar: “İsrailin HƏMAS-ın liderlərindən biri olan İsmayıl Haniyəni Tehranda öldürməsi onu göstərir ki, on illərdir guya Haniyənin və digərlərinin orda-burda gizlənməsi və onlara əl çatıla bilməməsi nağıldan başqa bir şey deyildir. İsrail istədiyi adamı istədiyi vaxt və istədiyi yerdə öldürə bilmək imkanına sahibdir. Bu onu göstərir ki, bu kimi adamlar bu illər ərzində ya İsrailin işinə yaradığı, ya da onunla işbirliyi etdiyi üçün sağ qalırlar. Artıq lazım olmayanda məhv edilirlər. Ona görə çox da bu kimi işlərə ciddi yanaşmaq lazım deyil. Yaxın Şərqdə kimin əlinin kimin cibində olduğunu bir Allah bilir. Yaxın Şərqdə bir gərginlik ab-havası vardır. Amma bu, həmişə vardır. Nə olursa, birilərinin nəzarətində olur. Sadəcə olan sadə insanlara olur. İranın isə bundan sonra nəsə deməyə gərək dili olmasın. İran adlı dövlətin tək adı var. O da ABŞ-ın hesabına ayaqda durur. Onlar güclərinin ancaq Azərbaycana çatdığını hesab etdikləri üçün hücum multfilmləri çəkib paylaşırlar, özüdə uşaqların dilindən. Biz də buna gülüb keçirik. İran dünya miqyasında siyasəti şou aləminə çevirən ilk dövlət olmaqla yanaşı, eyni zamanda, ikiüzlülükdə və hiyləgərlikdə də mahirdir. İsrailin bir düşmana ehtiyacı var və İran da bu düşmən obrazını qarşılayır. İran düşmən olaraq İsrailə xidmət edən ölkə durumundadır. İran 2500 illik tarixi təcrübə baxımından hərəkət edir. Onlar yüz dəfə ölçüb bir dəfə biçmək taktikası ilə hərəkət edirlər. Hələ şah dövründə 1970 ci illərin əvvəllərində molla rejimi hakimiyyətə gəlməmişdən əvvəl İranın nüvə və raket texnologiyasının əsasını İsrailin qoyduğu deyilirdi.
Ərəblərsə Fələstin məsələsini ərəb olmayan iki dövlətin üzərinə qoymağı bacarırlar, yəni Türkiyə və İranın. Amma hesab edirəm ki, Fələstin üzərindən siyasət yürüdən ölkələrin hamısı öz şəxsi maraqlarından çıxış edirlər. Qaldırılan səs-küy sadəcə görüntü xatirinədir. Belə olmasa idi hələ də Qəzzada ölümlər davam etməzdi. Dünya düzəninin yenilənməsi Yaxın Şərqin dizayn edilməsindən keçir. Bu regionda stabilliyin olması dünyada stabilliyin olmasının əsas şərtlərindən biridir. Bunun üçün isə hələ çox proseslər olmalıdır. Geniş miqyaslı müharibə gec-tez qaçılmaz olacaq. Bu müharibənin sonunda regionda daşlar öz yerində oturacaq”.
Cavid