• 25 Fevral 2024
logo
Azərbaycan Premyer Liqasının XV turu heç-heçə seriyası ilə əlamətdar olub

Azərbaycan Premyer Liqasının XV turu heç-heçə seriyası ilə əlamətdar olub

Azərbaycan Premyer Liqasının XV turu heç-heçə qeydə alınması ilə əlamətdar olub.

Baymedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, ilk oyun gününün hər iki matçının heç-heçə nəticələnməsi ilə reallaşıb.

“Araz-Naxçıvan” – “Səbail” görüşü 1:1, “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.

XIV turun son günündə də iki heç-heçə qeydə alınmışdı. Həmin gün “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub. Yalnız 14 il əvvəl - 2009-cu dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki dörd matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” görüşləri qolsuz bitib.

Bu tur iki komanda üçün heç-heçə yubileyləri ilə əlamətdar olub. “Sumqayıt” 50-ci dəfə səfərdən bir xalla dönüb. Bu, “Turan Tovuz”la qarşılaşmada (2:2) gerçəkləşib.

Sumqayıtın eyniadlı klubunun rəqib meydanlarındakı ilk bərabərliyi 2010-2011-ci illər mövsümünə təsadüf edib. 2011-ci il sentyabrın 18-də keçirilən “Rəvan”la matç 0:0 hesabı ilə yekunlaşıb.

“Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə “Səbail” üçün ikiqat yubileylə yekunlaşıb. Bakı klubu Premyer Liqada 40-cı, səfərdə 20-ci dəfə sülhə imza atıb.

“Dənizçilər”in ilk heç-heçəsi 2017-2018-ci illər mövsümündə gerçəkləşib. 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfərdəki qarşılaşmada qol vurulmayıb.

“Səbail”lə matçda (1:1) Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb. Muxtar respublika təmsilçisinin kapitanı XV turda öz qapısına qol vurub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.