• 29 Avqust 2026
logo
Azad olunmuş ərazilərdə radiasiya problemi

Azad olunmuş ərazilərdə radiasiya problemi

Azərbaycan Respublikasında son illər ərzində əldə edilmiş iqtisadi inkişaf ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və insan həyatının təhlükəsizliyinin təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərinə çevirməyə imkan yaradıb. Ölkədə əhalinin rifahının və həyat təhlükəsizliyinin yüksəldilməsi və sağlamlığının qorunması üçün irimiqyaslı dövlət proqramları həyata keçirilib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanıldı. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcəkdir. Lakin azad edilmiş Qarabağ ərazisində radiasiya problemləri həllini gözləyir.
30 il müddətində Ermənistanın Azərbaycan torpaqlarını təcavüzdə saxlaması nəticəsində işğal olunan ərazilərdə müxtəlif texnogen fəaliyyət və döyüş əməliyyatlarının aparılması ətraf mühitə ciddi ziyan vurub. Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemin dağılma prosesinin getməsi və bu prosesin illər ərzində beynəlxalq ekoloji təşkilatların nəzarətindən kənarda qalması bölgədə, həmçinin böyük radioekoloji fəlakətin başlanğıcını qoyub.
AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 2022-ci ildə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransında deyib ki, işğaldan azad olunmuş Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var.
O qeyd edib ki, respublika və dünya ictimaiyyətinin diqqətinin Qarabağ və ətraf ərazilərdə olan problemlərə cəlb edilməsi bu tədbirin əsas hədəflərindəndir.
Alim “Şuşa İli” çərçivəsində AMEA-da humanitar, sosial, dəqiq elmlər, o cümlədən radiasiya və digər istiqamətlər üzrə tədbirlər planının hazırlandığını, FRTEB-in iclaslarında ayrı-ayrı həmkarlar tərəfindən elmi məruzələrin edildiyini, əldə olunmuş nailiyyətlərin Qarabağın yenidən qurulması və bərpası, həmin ərzilərdə yüksək həyat şəraitinin yaradılması kimi problemlərin həllinə yönəldiyini bildirib.
O, “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda keçirilən respublika elmi-texniki konfransının bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
R.Əliquliyev əlavə edib ki, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir.
Onu da qeyd edək ki, indiyə qədər “Metsamor” AES-dən çıxarılan radioaktiv tullantıların işğal altında olan Azərbaycan ərazilərində basdırılması və həmin ərazilər vasitəsilə daşınması barədə çoxsaylı məlumatlar yayılıb. Məlumatlara görə, həmin tullantılar əsasən Ağdərə, Kəlbəcər və Laçın rayonlarında basdırılır. Ekspertlər qeyd ediblər ki, həmin ərazilərdə radiasiyanın şiddətli dərəcədə artması da qeyd edilənlərin təsdiqidir. Bu isə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox böyük təhlükə mənbəyidir. Bundan başqa, müharibə əməliyyatları zamanı bir sıra silahların hazırlanmasında istifadə olunan radioaktiv və yüksək toksikliyə malik bəsitləşdirilmiş uran radioekoloji vəziyyəti pisləşdirən digər əsas mənbələrdən biridir.
Son illərə dair məlumatlar nüvə və radioaktiv materialların, eləcə də nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın rolunun gücləndiyindən xəbər verir ki, bu da radioaktiv tullantıların əvvəllər işğal olunmuş ərazilərdə yaxın vaxtlaradək Azərbaycanın nəzarəti altında olmayan "boz zona"da basdırıldığı ehtimalını gücləndirir.
Ermənistan vətəndaşlarının iştirakı ilə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar qonşu ölkələrdə, xüsusilə Gürcüstanla sərhəddə dəfələrlə ifşa ediliblər. Belə hallardan biri 2011-ci ilin noyabrında erməni xüsusi xidmət orqanlarının "çirkli bomba" hazırlanmasında istifadə oluna biləcək stronsium radioaktiv elementini əcnəbi alıcıya satan 4 nəfəri həbs etməsi olmuşdur. 2012-ci ilin aprelində daha iki erməni oxşar iş üzrə həbs edilib.
2010-cu ildə Gürcüstanda milliyyətcə erməni olan şəxslər zənginləşdirilmiş uran qaçaqmalçılığında ittiham olunaraq həbs edilib. Elə həmin il Gürcüstan polisi, biosferin radioaktiv çirklənməsinin əsas komponentlərindən biri olan sezium-137 radioaktiv maddəsini satmaqda şübhəli bilinən daha 4 nəfəri həbs edib. 2016-cı ilə olan məlumatlara görə, Gürcüstan həbsxanalarında radioaktiv maddələrin qaçaqmalçılığında ittiham olunan 5 erməni saxlanılırdı.
Nüvə materiallarının qeyri-qanuni dövriyyəsi nüvə silahının ucuz analoqunun işlənib hazırlanması zamanı onlardan istifadə riski ilə əlaqədar təkcə region üçün deyil, həm də bütün dünya üçün təhlükədir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistanda dəfələrlə Metsamor Atom Elektrik Stansiyasından (AES) radioaktiv tullantılardan Azərbaycana qarşı hərbi məqsədlər üçün istifadə edilməsinə dair çağırışlar səslənib.
2020-ci ilin noyabr ayının əvvəlində erməni politoloq, "Demokratiya üçün Tərəfdaşlıq" Mərkəzinin sədri Stepan Danielyan Metsamor Atom Elektrik Stansiyasının (AES) tullantılarının Qarabağda yayılmasını təklif edib. Elə həmin ayın sonlarında "Asbarez" adlı erməni nəşrində bir məqalə dərc olunub. Məqalənin müəllifi Stepan Altunyan yazırdı ki, Azərbaycana qarşı "çirkli bomba"dan istifadə etməyin və "Bakını radioaktiv xarabalığa çevirməyin" vaxtıdır.
Müzakirələr tam atəşkəs haqqında razılaşma əldə edildikdən sonra da davam etmişdir.
Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantılarından Azərbaycana qarşı hərbi məqsədlər üçün istifadə imkanları 12 yanvar 2021-ci il tarixində daha yüksək səviyyədə - Ermənistan Parlament Komissiyasının Regional məsələlər və Avrasiyaya inteqrasiya haqqında iclasında müzakirə mövzusu oldu. Bu barədə erməni nəşri "News.am" yazırdı.
"Çiçəklənən Ermənistan" Partiyasından olan deputat Mikayıl Melkumyan bu variantın texniki imkanları ilə maraqlanıb. Buna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan bildirib ki, nəzəri baxımdan bu, hər zaman mümkündür. Onun sözlərinə görə, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan söhbət gedə bilər. Bununla yanaşı, nazir müavini Ermənistanın həmin məqsədə çatmaq üçün bu cür texnoloji irəliləyişi həyata keçirə bilib-bilməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib.
Ermənistan tərəfi işğal illərində qonşu ölkələrə nüvə tullantılarının basdırılma üsulu və yeri ilə bağlı heç bir məlumat verməyib. Bu fakt tullantıların basdırılmasının beynəlxalq hüquq çərçivəsindən kənarda - "boz zona" kimi Qarabağın ərazisində baş verə biləcəyini güman etməyə əsas verir.
İşğaldan azad edilən ərazilərin radiasiyadan təmizlənməsində azərbaycanlı alimlərin və mühəndislərin hazırladığı xüsusi detektorların quraşdırıldığı avtomobildən istifadə olunur. Avtomobilin baqaj hissəsində yerləşdirilmiş dedektorlar vasitəsilə 300 metr radiusda yerləşən radiasiya aktivliyi müəyyən edilir. Avtomobildə 4 ədəd dedektor quraşdırılıb. Onlardan ikisi qama, digər ikisi neytron şüasını qeyd edir.Avtomobil hazır olduqdan bu günə qədər ölkə ərazisində 6 ədəd sahibsiz radioaktiv mənbə aşkar edilib. Naməlum radioaktiv materiallar Nüvə Labarotoriyasına gətirilir və burada nümunə hazırlığı prosesi həyata keçirilir. Böyük Qayıdış strategiyasına əsasən, işğalçıların 30 il ərzində törətdiyi ekoloji cinayətləri, eləcə də mina təhlükəsini aradan qaldırmaq üçün radioaktivlik səviyyəsinin araşdırılması da vacib amildir. Bu labarotoriyalara əsasən işğaldan azad edilən ərazidən nümunələr gətirilir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departmentinin müdiri Cəlal Nağıyev prosesi belə izah edib: "Bu materialların istifadə müddət, yaşı, hansı məqsədlə istifadə olunması, çirklənməyə məruz qalıb-qalmaması, radiasiya təhlükəsi nöqteyi-nəzərdən qiymətləndirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra həmin materiallar istifadəyə yararlı deyilsə, aidiyyəti dövlət qurumuna utilizasiya üçün göndərilir”.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ekspertizasiyalar nəticəsində təkcə torpaqdan deyil, su hövzələrindən götrürülən nümunələrlə də onların radioaktivliyi yoxlanılaraq insan üçün nə qədər təhlükəli olduğu araşdırılır.
Nüvə Spektroskopiya Şöbəsinin mühəndisi Pərvanə Pənahova araşdırmaların nəticələrinin necə əldə olunduğundan danışıb: “Müxtəlif metodlarla nümunə hazırlığı keçəndən sonra onu xüsusi nümunə qablarına yerləşdiririk. Onları yüksək təmizlikli qamma spektrometr cihazı ilə ölçürük və nəticələri “cenni 2000” proqramı özü avtomatik hazırlayır. Amma burada operatorun üzərinə çox böyük yük düşür. Bir neçə düzəlişdən sonra biz nəticələri verə bilirik”.
Müəssisədə həmçinin Qamma şüalanma qurğusu vasitəsilə tibbi ləvazimatların sterilizasiyası, heyvan yemlərinin dezinfeksiyası, qida məhsullarının mikrob yükünün azaldılması və nəticədə onların saxlanma müddətinin uzadılması prosesi baş verir.
Strelizasiya məqsədilə qamma şüalanma üzrə elmi tədqiqat şöbəsinin mühəndisi Elvin Muradov AZTV-yə açıqlamasında prosesi belə izah edib: "Hər bir məhsula uyğun minimum, maksimum doza müəyyən olunduğu üçün o şüalanmaya buraxılır. Mühəndis tərəfindən əvvəldən müəyyən olunmuş doza xəritəsinə əsasən məhsulun nə qədər şüalanacağı müəyyən edilir. Məhsulun üzərinə xüsus dazmetrlər yapışdırılır. Məhsullar şüalandıqdan sonra həmin dazmetrlər çıxarılaraq ölçülür. Və məhsulu həmin deyilən dozada şüalanıb-şüalanmadığı müəyyən olunur".

Cavid