• 6 Dekabr 2023
logo
Dini və milli tolerantlığın Azərbaycan modeli

Dini və milli tolerantlığın Azərbaycan modeli

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür

16 noyabr tarixi bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilən Beynəlxalq Tolerantlıq Gününun məqsədi bütün dinlərin və xalqların nümayəndələrini bir-birinin dəyərlərinə ehtiram şəraitində yaşamağa çağırışdır. Azərbaycanda da bu əlamətdar tarix qeyd edilir.
Beynəlxalq Tolerantlıq Gününun təsis olunmasının səbəbi xüsusən son onilliklərdə dünyanın müxtəlif yerlərində milli və dini zəmində baş verən qarşıdurmaların daha da dərinləşməsi idi. Bəli, müasir dövrümüzün acı həqiqətlərindən biri ondan ibarətdir ki, heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verməkdədir.
Azərbaycanda isə vəziyyət fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Bu mənada ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər.
Azərbaycanda multikulturalizmin və dini tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixinə əsaslanır. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində bu siyasət dövlətçilik ideologiyası şəklini alıb. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin müvafiq müddəalarında, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti sayəsində Vətənimiz çoxmillətli və çoxkonfessiyalı ölkə, qlobal miqyasda mədəniyyətlərarası dialoq məkanı kimi tanınıb. Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanması sahəsində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilib.
Qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı isə dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır.
Multikulturalizmin müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya, Kanada modelləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul olunması qeyd edilənlərə bariz nümunədir.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistan ilə arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməmişdir. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları - ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri vardır: "Ümummilli lider Heydər Əliyev hər zaman haqlı olaraq multikulturalizm ənənələrinin qorunub saxlanılmasını ölkəmizin demokratik inkişafının əsas prinsipi hesab etmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi idi ki, həmin dövrdə ölkəmizdə yaşayan bütün milli azlıqların hüquq və azadlıqlarının, həmçinin etnik-mədəni, dini dəyərlərinin qorunması nəticəsində Azərbaycan dönüşü olmayan multikulturalizm yoluna qədəm qoymuşdur. Ulu öndər tərəfindən əsası qoyulan multikulturalizm, tolerantlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün multikulturalizm ənənələri ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezidentin də qeyd etdiyi kimi, multikulturalizm artıq Azərbaycanda həyat tərzinə çevrilib".
Sosiologiya üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini Asəf Qənbərovun fikrincə,
Azərbaycanda tarixən müxtəlif məzhəblər və dinlər arasında qarşılıqlı hörmət və həmrəylik mövcud olmuşdur. Azərbaycanda heç vaxt dini və məzhəbi zəmində qarşıdurmalar, dini çəkişmələr baş verməmişdir. Bu, onu göstərir ki, Azərbaycanda məzhəblərarası tolerantlığın dərin tarixi kökləri vardır. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda, aydın şəkildə görürük ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində və milli dövlətçiliyin bərqərar edilməsi istiqamətindəki fəaliyyətində müxtəlif məzhəbə mənsub ziyalılar, maarifçilər və ictimai xadimlər birgə fəaliyyət göstərmiş, din və məzhəb fərqliliyini nəzərə almadan Azərbaycançılıq ideyaları ətrafında birləşmişlər.
Günümüzdə aydın nəzərə çarpır ki, dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindən biridir. Azərbaycanda dini tolerantlıq ənənəsi bir tərəfdən qorunur və inkişaf etdirilir, digər tərəfdən isə bu ənənənin tarixi kökləri və nəzəri əsasları ətraflı öyrənilir. Məsələn, dini tolerantlığın inkişafı məqsədilə, 2016-cı il 15 yanvar tarixində Heydər məscidində şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazı icra olunmuşdur. Həmin tarixdən etibarən Vəhdət namazı konfessiyalararası dostluq və dini tolerantlığın simvolu kimi ənənəyə çevrilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan fərqli məzhəblərə mənsub dindarların birlikdə ibadət etdikləri az sayda müsəlman ölkələrindən biridir.
Deyilənləri əsas götürərək, Azərbaycanın dinlərarası və məzhəblərarası münasibətlər modelinin dünyanın bir çox müsəlman ölkəsi üçün nümunə təşkil etdiyi vurğulanır. Nəticə olaraq, bir daha vurğulanmalıdır ki, Azərbaycanda həyata keçirilən din siyasətinin prioritetlərini, bir tərəfdən, bütün vətəndaşların, o cümlədən dini azlıqların dini etiqad azadlığını təmin etmək, digər tərəfdən, dini təhlükəsizliyin tərkib hissəsi olan dini tolerantlığın bərqərar edilməsi təşkil edir.
Onu da qeyd edək ki, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

Cavid