Xanoğlan Əhmədov: “Dini radikalizmin kökündə xurafat elementləri dayanır”
Vətəndaş cəmiyyəti strukturlarının Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən sosial və dini mövzularda maarifləndirmə işi aparmçası vacibdir. Belə mpvzulara tez-tez müraciət edən təşkilatlardan biri Media və Mülki Cəmiyyət İctimai Birliyidir. Təşkilat sədri Xanoğlan Əhmədov “Xalq Cəbhəsi”nə müsahibəsində maraqlı məqamlara toxundu...
- Bu yaxınlarda yeni layihənizin geniş təqdimatı keçirildi. Maraqlıdır, bu dəfə layihənizin mövzusu diniz radikalizmə həsr olunmuşdu...
- Əvvəcə onu qeyd edim ki, “Dini radikalizmə qarşı mübarizədə maarifçilik tədbirləri” mövzusunda həyata keçirdiyimiz layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilirdi. Məqsədimiz gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsinə və dini radikal ekstremizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin təşkil edilməsi idi. Biz, eyni zamanda layihə çərçivəsində “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli film çəkdik, Bakı şəhərində və Lənkəran şəhərində filmin geniş təqdimatı keçirdik. Qeyd edim ki, sənədli filmdə ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsirlərinə məruz qalan gənclərin dini radikallığa və ekstrimizmə meylənməlirinin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilir.
Məlumdur ki, din tarixən cəmiyyət həyatının vacib bir komponenti kimi meydana gəlib, dəyərlərin, insan münasibətlərinin formalaşmasına, insanın təbiət, cəmiyyət haqqında təsəvvürlərinə müəyyən təsir göstərib. Müqəddəs kitablar, o cümlədən Qurani-Kərimdə əksini tapmış əxlaqi-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub və insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətindən biri kimi nəzərə alınıb. Cəmiyyət üçün narahatlıq doğuran hal odur ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunur. Nəticədə insanları cəhalətə, xurafata, fanatizmə sürükləməyə cəhd göstərilir, din pərdəsi altında radikal və ekstremist meyillər mənəvi cəhətdən sağlam həyat tərzini korlamağa, vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənir. Bu baxımdan dini radikalizm və ekstremizm vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir.
- Ümumiyyətlə dini radikalizm nədir?
- Radikal qruplar xalq arasında yayılmış ənənəvi inanclara qarşı çıxırlar, elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edirlər, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz "həqiqətlərini" isbatlamaq üçün dini mətnləri öz məqsədlərinə uyğun şərh edirlər. Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. Qeyd edək ki, radikalizm və ekstremizm sözləri arasında nə qədər uyğunluq olsa da onları bir-birindən fərqləndirən xüsusiyyətlər də vardır. Ən başlıca fərq odur ki, ekstremizm ifrat ideyaların zorakı yollarla həyata keçirilməsidir.
Müxtəlif dinlərin nümayəndələrinə qarşı dözümsüzlük, eyni zamanda konfessiyalararası qarşıdurma mahiyyətcə dini ekstremizmə yol açan amillərdəndir. Dini ekstremizmin tətbiqi əsasən dini ekstremist təşkilat vasitəsilə həyata keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Onların fəaliyyətində zorakılıq metodu üstünlük təşkil edir. Daha dəqiq desək, ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini - etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Əsasən radikal dini birliklər bu mövqedən çıxış edir. Onlar özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqe nümayiş etdirirlər. Onlar aqressiv təbliğat metod və vasitələrindən istifadə edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər. Bu dini radikalizmin ən təhlükəli formasıdır.
- İslam dinində radikallığa, ekstrimizmə münasibət necədir?
- Cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçılmazdır. Dini radikalizmin kökündə xurafat elementləri dayanır. Məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Dində əsli olmayan düşüncələr mövhumat və xurafatı, bunlar isə öz növbəsində cəhaləti doğurur. Mövhumat və xurafat girdabına yuvarlanmış insanların xüsusiyyətlərindən biri də öz dırnaq arası idyalarını fanatikcəsinə müdafiə etmələridir. Fanatizm həqiqəti görməmək, daha doğrusu, görmək istəməməkdir. Fanatiklik həqiqətlərə qarşı çıxacaq dərəcədə olan cahillikdir əslində. Fanatizmin varlığı həqiqətin yoxluğudur.
Dünyada xüsusilə Yaxın Şərqdə dini zəmində baş verən münaqişələrin, dini radikalizm və ekstremizmin acınacaqlı nəticələri göz önündədir. Dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin tam əksəriyyəti böyük fəlakətlərlə, dağıntılarla, kütləvi insan təlafatları ilə üz-üzədir. Bu proseslərdə təkcə həmin ölkələrin vətəndaşları deyil eyni zamanda dünyanın müxtəlif yerlərindən insanlar cəlb olunur. Qəribəsi odur ki, törədilən cinayətlər din, cihad pərdəsi ilə örtülməyə çalışılır.
- Dini zəmində baş verən müharibələr cihad hesab oluna bilərmi?
- Dini radikalizm və ekstremizm anlayışlarının mahiyyəti ilə bağlı bəzi məqamlara diqqət yetirmək vacibdir. Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyəti ilə bağlı işlədilən termindir. Araşdırmalar göstərir ki, dini radikalizm dedikdə hər hansı bir dini etiqad çərçivəsində formalaşmış, sonradan isə həmin etiqadın təməl inancları ilə qarşılaşdırılaraq və onları tənqid atəşinə tutaraq ondan uzaqlaşmış ideologiya başa düşülür. Əsasən radikal dini birliklər bu mövqedən çıxış edir. Onlar özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqe nümayiş etdirirlər. Bu ideya daşıyıcıları aqressiv təbliğat metod və vasitələrindən istifadə edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər.
İslam dini yarandığı gündən etibarən insanları düşünməyə təşviq edir. Yəni, Uca Yaradan bizdən hər hansı bir əməli kor-koranə şəkildə deyil, dərk edərək, düşüncəli şəkildə yerinə yetirməyi istəyir. İslam elminin ana qaynağı hesab edilən Qurani-Kərim məhz “Oxu” əmri ilə başlayır. Bir dinin ki bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir, məhz bu aspektən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə, təhsilə münasibəti necə yüksək dəyərlər üzərində qurulub. Həmçinin, Qurani-Kərimdə dəfələrlə vurğulanan elm kəlməsi insanları elmli olmağa sövq edir. Təbii ki, elm sahibi olmaq üçün vasitə məhz təhsildir. Başqa ifadə ilə desək, elmə gedən yol təhsildən keçir.
Müasir dövrdə dini radikalizmə, ekstremizmə, fanatizmə və hər cür ifrata qarşı mübarizədə əsas silah maarifləndirmədir. Savadsızlıq cəhalətə, cahillik fanatizmə, fanatizm radikalizmə, radikalizm ekstremizmə, ekstremizm isə terrorizmə aparan yoldur. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin və digər neqativ dini meyillərin qarşısını alan ən güclü vasitədir.
- Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolunu necə qiymətləndirirsiniz?
- Elmə yiyələnmək üçün keçilməsi vacib olan yol məhz təhsildir. Allah-Təala (c) “düşünmək”, “təfəkkür etmək”, “fikirləşmək”, “ağıl, təfəkkür sahibi olmaq” kimi əmrləri bizə Qurani-Kərim vasitəsilə dəfələrlə bildirir. Sadalanan əmrlərin əsasında elmin özəyini təşkil edən ağıl durur. Uca Yaradan insanı xəlq edərkən ona məhz ağıl nemətini bəxş etməklə, onu yaradılmışların ən üstünü edib.
Bir sözlə cəmiyyətdə dini radikalizmə, cəhalətə qarşı ən effektiv silah dünyəvi və dini təhsildir. Dindən yanlış istiqamətdə istifadənin qarşısını cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi ilə almaq mümkündür. Heç şübhəsiz ki, istər ölkəmizdə, istərsə də dünyanın müxtəlif yerlərində cəmiyyətin üzləşdiyi bir çox problemlərin kökündə savadsızlıq, cəhalət və insanların kifayət qədər maariflənməməsi dayanmaqdadır. Bu problemi yoluna qoymadan inkişaf etmək sadəcə mümkünsüzdür. Yağış torpağı canlandırdığı kimi, Allah-Təala da hikmətlə, elmlə qəlbləri işıqlandırır.
Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrı olsa da, dövlət dindən ayrı deyildir. Din ictimai həyatımızın, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın, əxlaqımızın, mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə də bu sahədə baş verən və ya baş verə biləcək hər hansı neqativ proseslərə qarşı dövlət biganə qala bilməz. Dövlət burada da öz düşünülmüş tənzimləyici, maarifləndirici və əlaqələndirici funksiyalarını yerinə yetirir.
Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə18. Din və dövlət, bənd 2) göstərilir ki, "insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan" dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır". Konstitusiyanın 48-ci maddəsində (maddə 48. Vicdan azadlığı. bənd 4.) göstərilir ki, "dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır".
Dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri xalqımızın tarixi köklərinə, türkçülüyə, azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər.
Dini radikalizmi,ekstermizmi aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, sülh, tolerantlıq, kimi anlayışların təbliğ edilməsidir. Tolerantlıq - dini dözümlülük, yəni digər inanc və əqidələrə dözümlü yanaşmaq deməkdir. Daha dəqiq desək, tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olmaqla yanaşı, insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. Ölkəmizdə tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Əli