• 4 Fevral 2023
logo
“Sudan qənaətlə istifadə etmək borcumuzdur”

“Sudan qənaətlə istifadə etmək borcumuzdur”

Kainatda baş verən ekoloji proseslər heç şübhəsiz ki, Azərbaycana da öz təsirini göstərir. Bu gün hamı bilir ki, dünyada qlobal istiləşmə gedir və bunun nəticəsində ölkəmizdə su qıtlığı problemi yaranıb. Kür çayında suyun azalması, Xəzərin səviyyəsinin çəkilməsi buna bariz nümunədir. Belə getsə bir neçə ildən sonra sudan təkrar istifadə etmə metoduna keçməli olacağıq. Bunun üçün ilk növbədə texniki su məsələsi həll olunmalıdır. Suvarmada, avtomobillərin yuyulmasında və s. texniki işlərdə şirin sudan deyil, texniki sudan istifadə edilməlidir.
Bəli, bu dəfə sizə bu problemlərin həlli istiqamətində elmi araşdırmalarla məşğul olan bir alimdən, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovdan söhbət açmaq istəyirəm...
Deyir ki,- “Bu gün dünyada 2 təbii problem varsa, biri iqlim dəyişikliyi, biri də su çatışmazlığıdır. Rus alimi və iqlimşünası Voyeykov deyib ki, çaylar iqlimin məhsuludur. Təkcə Kürdə deyil, bütün çaylarımızın axımında azalma müşahidə edilir. Bu proses yalnız bizim ölkədə yox, bütün dünya su hövzələrində baş verir. Qlobal istiləşmə dünya okeanlarından tutmuş kiçik su hövzələrinə qədər öz təsirini göstərməkdədir. Birbaşa səbəbi təbii və antropogen amillərlə bağlıdır. Yəni insanların ətraf mühitə təsiri inkar edilməzdir.”
Professor Rza Mahmudov 1952-ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dünyaya gəlib. 1968-ci ildə orta təhsilini başa vuraraq Bakıya üz tutub. Burada Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsini fərqlənmə diplomu ilə bitirərək coğraf-hidroloq ixtisasına yiyələnib. 1983-cü ildə “Lənkəran ərazi çaylarının yağış–daşqın axım itkilərinin tədqiqi” mövzusunda namizədlik, 1997- ci ildə “Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib...
“Qlobal istiləşmə, ilk növbədə qar-buz örtüyünə təsir göstərir. Dünyanın qar-buz örtüyü azalırsa, deməli, çayların qida mənbələri azalır. Məsələn, Tufandağ, Şahdağ, Bazardüzündə buzlaqların sahəsinin azalması, bu dağların hövzələrində olan Qusarçay, Qudyalçayın suyunun axımına birbaşa təsir göstərir. Qlobal miqyasda temperaturun artması çayların qida mənbələrinə, axımın formalaşmasına, axımı formalaşdıran amillərə təsir göstərir. Orta temperaturun artması ilə çaylarda illik axım azalmaqla yanaşı, həm də rejim dəyişkənliyi baş verir.”- söyləyir.
“Hidrometeorologiya, iqlim dəyişmələri, təbii fəlakətlər və həyat”, “Azərbaycanda hidrometeoroloji xidmət son üç əsrdə”, “Azərbaycanda hidrometeoroloji şərait və təhlükəli hidrometeoroloji hadisələr” və “Azərbaycanın sel təhlükəli çaylarının kataloqu” kitablarının müəllifidir. Uzun illərdir ki, Bakı Dövlət Ünüversitetində dərs deyir. Bununla yanaşı AMEA-nın Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiridir.
Deyir ki,- “Azərbaycan əhalisinin kənd təsərrüfatı və içməli su təchizatı ilə bağlı tələbatını ödəmək, yaranacaq problemlərin qarşısını almaq üçün dövlət səviyyəsində işlərə çoxdan başlanıb. Proqnoz xarakterli tədbirlər həyata keçirilir. Çoxsaylı su anbarlarının tikilməsi, yeni su mənbələrinin axtarılması, Qəbələ su xəttinin çəkilməsi və s. işləri misal olaraq qeyd edə bilərəm. Məsələn, 5-10 il əvvəl su evlərə saatla gələrdi, indi 24 saat su ilə təmin olunan evlərin sayında böyük artım var. Ölkəmiz qabaqlayıcı tədbirlər görür. Eyni zamanda sudan istifadə mədəniyyəti, ekoloji mədəniyyət formalaşmalıdır. Bu sahədə də ölkəmizdə işlər gedir. Avropada bu işlərə, tutaq ki, 40-50 il əvvəl başlanıb və sudan istifadə mədəniyyəti bu səviyyəyə gəlib çatıb. Bizdə də bu işlər aparılır və istər-istəməz zamanla sudan istifadə mədəniyyəti formalaşacaq. Su ehtiyatları, çayların axınının azalması baxımından özümüzü buna hazırlamalıyıq. Az su ilə çox iş görmək bacarığını formalaşdırmalı, israfa getməməliyik. Bizdən bu gün tələb olunan budur. İndiki dövrdə su ilə bağlı problemdən çıxış yolu olaraq hər birimiz israfçılığın qarşısını almaq üçün çalışmalıyıq. Zaman gələcək, təbiət öz sözünü yaxşı mənada deyəcək...”
Bəli, o, gələcəyə ümidlə baxır. Düşünür ki, hər bir problemdən çıxış yolu var...
Yanvarın 23-də Rza müəllimin 71 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram.

Elman Eldaroğlu