• 20 Yanvar 2022
logo
Nazir: "Ermənistan Oxçuçayı çirkləndirməyə davam edir"

Nazir: "Ermənistan Oxçuçayı çirkləndirməyə davam edir"

"Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab sularının davamlı olaraq atılması çay hövzəsinin çirklənməsinə səbəb olub. Bu isə çayın Azərbaycandan keçdiyi ərazilərinin ekoloji sistemini deqradasiyaya məruz qoyur".
Bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir: "Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir. Lakin çox təəssüflər olsun ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir. Oxçuçayın çirklənməsinin qarşısının alınması məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq reabilitasiya proqramının hazırlanması məqsədilə tədqiqat qrupu yaradılır. Burada beynəlxalq elmi-tədqiqat təcrübəsinə böyük ehtiyacımız var".