• 16 May 2024
logo
Havanın temperaturu normadan bu qədər yüksəkdir

Havanın temperaturu normadan bu qədər yüksəkdir

Son günlər ölkə ərazisinə cənubdan daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. Hazırda havanın temperaturu iqlim normasından yüksəkdir.

Baymedia.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998-ci və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31,5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin mayın 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”, - deyə N.Mahmudov qeyd edib.