• 17 Aprel 2024
logo
Zahid Oruc:”Hakimlərin məruzə etməsi nə deməkdir”?

Zahid Oruc:”Hakimlərin məruzə etməsi nə deməkdir”?

Müzakirə edilən məsələ mühüm hüquqi, sosial və ictimai əhəmiyyətə malikdir. Heydər Əliyevin rəhbərliyi altında iki fərqli formasiyanın-sovet və müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən Ulu öndər dövlətimizi hüquq, qanun və vətəndaşların təməl mənafelərinin qorunması üzərində inşa edirdi və o kurs bizi tarixi Qələbəyə gətirdi. Bir-biri ilə ideoloji ziddiyətlərinə baxmayaraq, Azərbaycan sovet və müstəqil dövlətinin ədalət mühakiməsi siyasəti vahid bir ideyada-Qoy Ədalət Zəfər çalsın şüarında birləşirdi. Ona görə də İlham Əliyevin rəhbərliyi 2017-və 2019-cu illərdə verilən fərmanlar da məhkəmə sisteminin inkişafına xidmət edirdi. Sözügedən sənəddən indi müzakirə olunan məsələ ilə bağlı iki müddəanı xatırlatmaq istərdik:
“3.2-ci maddəyə görə vahid məhkəmə təcrübəsi formalaşdırmalı və 3.3. bəndə əsasən isə, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısını alınmalıydı.
İndi biz Məhkəmə-Hüquq Şurasına bir sıra səlahiyyətlər veririk. Ən böyük islahat həmin qurumun əvvəlki dövrdə olduğu kimi, Ədliyyə nazirliyinə deyil, Ali Məhkəməyə tabe etdirilməsi, vakansiyalara sədrlərin təyini, məhkəmə aparatlarının strukturu və ştat cədvəli, 1-ci, apleyasiya və kassasiya instansiyalarının hakimləri haqqında intizam icraatına başlanması və sair səlahiyyətlər daxildir. Lakin sual budur- bütün bunlar yekunda qanunçuluq və ədalət mühakiməsinin keyfiyyətini artıracaqmı, şəffaflığı gücləndirəcəkmi və vətəndaşların hüquqlarının qorunması üçün hakimlərin fəaliyyətinə kənar təsirləri azaldacaqmı?
Suala cavab verməzdən əvvəl, xüsusi vurğulayaq ki, Vətən müharibəsində Qələbədən sonra bütün hakimiyyət orqanlarından, o cümlədən məhkəmə sistemindən gözləntilər artıb. 30 illik savaşın qalibi olan vətəndaşlarımızın tələbləri və istəkləri güclənib. Digər tərəfdən, biz azad torpaqlara təkcə mülki insanları deyil, həm də, dövlət-hakimiyyət orqanlarını qaytarırıq. Böyük Qayıdışla Kəlbəcərdən Zəngilandək hər yerdə dövlət-hakimiyyət institutları öz fəaliyyətlərini qurur və köçkünlüklərinə son qoyurlar. Belə tarixi dönüş anında xalqımızın tələblərini qarşılamaq üçün məhkəmə orqanlarının müəyyən müstəqilliyi önə çıxır. Təəssüf ki, hakimlərin müstəqlliyindən danışılanda onların yalnız siyasi və inzibati orqanların, ictimai institutların, media və xarici təşkilatların müdaxiləsindən azad olunmasından danışılır. Halbuki bizim məhkəmələrdə 1-ci instansiya məhkəmə hakimləri sədrlərdən, onlar da öz növbəsində yuxarı məhkəmələrdən hər gün daha çox asılı edilir və beləliklə, gücləndirilən mərkəzləşmə üç pillələli mühakimə təsisatını faktiki bir pilləli məhkəmə sisteminə çevirib. Elə bilin, hərbi kazarma qaydalarında olduğu kimi hər bir hakim işin sonunda “məsləhətləşməyə çıxır, məruzələr edir və yekunda ona verilən göstərişi qərara çevirirlər”. Məgər məhkəmə sistemində ierarxiya ləğv olunub və bütün mülki, inzibati, yaxud cinayət işləri üzrə qurumlar vahid hərbi sistemə keçiblər? Onda kim zəmanət verir ki, bir Ali Məhkəmənin məhdud tərkibli heyətinin diktatı 540-dan artıq hakimin iradəsini, hüquqi peşəkarlığını və apardıqları araşdırmaları əvəz edə, daha ədalətli qərarlar çıxara bilər? Heç kəs ona təminat verə bilməz. Ona görə də məhkəmələrin ictimai nüfuzu yüksək deyil və bu ədalət mühakiməsinə ictimai inamı göstərən ən mühüm göstəricidir.
Əlbəttə, fəmandan ötən ötən 9 ildə fasiləsiz proses aparılıb-yeni hakimlərin seçilməsi çoxmərhələli və beynəlxalq standartlara uyğundur. O cümlədən, Cinayət Məcəlləsində 300-dən çox maddə dekrimanllaşdırılıb, cəza siyasəti humanistləşib, elektron məhkəmə sistemi, işlərin avtomatik bölgüsü və sair baş verib, bunlar danılmaz həqiqətdir. Lakin sənəddə kargüzarlıq xərclərindən bəhs edilir-bilrisiniz ki, ədliyyə sisteminə ayrılan büdcə məhkəmə, probasiya xidməti və cəzaçəkmə müəssisələri, Məhkəmə Şuraları, məhkəmə idarəetmə orqanları, dövlət vəkilliyi, icra və notariat, məhkəmə-tibb xidmətləri, yetkinlik yaşına çatmayanların məhkəmə müdafiəsi, Ədliyyə Nazirliyinin fəaliyyəti, sığınacaq xidmətləri və s-ni əhatə edir.
Bu baxımdan ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyasının ( CEPEJ) 45 ölkə arasında apardığı araşdırmaya görə, ölkəmizdə hər vətəndaşa ayrılan məhkəmə xərcləri 2020-ci ilin nəticələrinə görə ÜDM-in 0.44 faizinə, yəni, 10 min avrodan aşağı ölkələr qrupuna aiddir. Baxmayaraq ki, yeni məhkəmə binalarının, maddi-texniki bazanın, informasiya resurslarına çıxışın təmin olunması müsbət hadisədir, lakin əsas problem-əhalinin 100 min nəfərinə düşən ümumavropa göstəricisi olan 20 hakim əvəzinə bizdəki 6 nəfərlik tərkiblə və cəmisi 578 hakimlə 10 milyon 200 nəfərlik əhalinin, 100 minlərlə iddia yükünün, keyfiyyətli hüquqi araşdırmaların həyata keçirilməsi çox çətindir. Halbuki hər 100 min nəfərin məhkəmə iddialarına baxılması və həlli üçün ağlabatan müddət 8 iş saatı, 5 iş günü və 21 hakimdən ibarətdir. Gördüyünüz kimi, biz həmin göstəricidən 3.5 dəfə geri qalırıq.
Sənəddə statistik məlumatlara dair məddəa yer alıb. Bu çox mühüm bir qərardır. Mötəbər məlumat bazaları olmadan, siyasət planlaması aparmaq qeyri-mümkündür. Avropa Komissiyasının standartlarından biri də ədalətə inam və məhkəmələrin işi ilə bağlı məmnuniyyət sorğularının keçirilməsidir. Lakin siz nə məhkəmələrin, nə də Şuranın açıq mənbələrində belə təhlilə və tədqiqatlara rast gəlməyəcəksiniz. Halbuki ölkə başçısının sərəncamında vahid məhkəmə təcrübəsi o prinsiplə formalaşmalıydı ki, istənilən bir bölgədə, yaxud Apelyasiya və Ali Məhkəmənin baxdığı sosial, yaş və digər kateqoriyalar, əməllərin xarakteristikası üzrə təsnifatlaşdırmlar əksini tapmalıydı. İki il əvvəl Yasamal Məhkəməsində keçirilən konfrans zamanı orada aparılan tədqiqatları istisna hal və parlaq nümunə kimi məmnuniyyətlə xatırlayırıq. Halbuki nəinki qeyri-peşəkarlar və məhkəmə tərəfləri, o cümlədən, vəkillər, hüquq məsləhətçiləri, 3-cü sektor arasında sorğular məhkəmələrə inam faizinin aşağı olduğunu göstərir. İctimai fikirdə belə bir mövqe var ki, biz hələ sovet ədalət mühakiməsi meyarlarına çatmamışıq, hakim şəxsiyyətləri, parlaq obrazlar ona görə də formalaşa bilmir.
Məhkəmə təcrübəsi o deməkdir ki, burada proqnozlaşdırıla bilən vəziyyət yaranır və vətəndaşlar öncədən yəqin edə bilirlər ki, lüzumsuz məsələlər üzrə məhkəmələrə müraciət etməsinlər. Elə həmin təcrübə kömək edir ki, inzibati orqanlar yanlış qərarlardan çəkinsinlər. Ali Məhkəmənin bir hakiminin rəsmi açıqlamasına görə, inzibati məhkəmələrdə çıxarılan qərarların 85 faizi vətəndaşların xeyrinə olur. Bu o deməkdir ki, icra və idarəetmə oqranları vətəndaşların hüquqi mənafelərini pozmasalar, o zaman belə kütləvi müraciətlər də baş verməz və hakimlərin iş yükü də qat-qat azalar.
Biz təklif edirik ki, dövlət səviyyəsində nəinki məhkəmə, bütövlükdə hüquq sisteminin vəziyyətinə dair yüksək səviyyəli müşavirələr keçirilsin, obyektiv və mötəbər rəylərin dinlənilməsi üçün açıq və etibarlı platformlar yaradılsın.
Biz hər bir paramatrdə Ermənistan və Gürcüstandan qabaqda olmalıyıq. Haqlı olaraq, öyünürük ki, Cənubi Qafqazın iqtisadiyyatının üçdə ikisi bizdə formalaşır. Həqiqətən mühüm iqtisadi uurlar olduğu üçün biz ədalətli məhkəmə sisteminə görə öndə olmalıyıq. Nəzərə alın ki, bütün informasiya vasitələrində hər iki ölkədə proseslərin açıq və canlı yayımlarda göstərilməsi praktikası geniş yayılıb və bu vətəndaşlarımızın mövqeyinə, düşüncə və qiymətləndirmələrinə güclü təsir edir.