Elçin Mirzəbəyli: “Tədricən Xankəndi-Laçım yolunun Ermənistanla həmsərhəd ərazisində qurulan sərhəd-keçid məntəqəsində Azərbaycanın digər sərhəd-keçid məntəqələrində tətbiq olunan hüquqi rejim tətbiq olunacaq”
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəylinin “Xalq cəbhəsi” qəzetinə şərhini oxuculara təqdim edirik:
- Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin nəticələri necə dəyərləndirirsiniz?
- Fransanın Xarici işlər nazirinin Azərbaycana səfəri, rəsmi Parisin əsassız iddialarının Bakıya çatdırılmasına, Fransanın Azərbaycan-ermənistan münasibətlərinin tənzimlənməsində, sülh prosesində iştirakının təmin edilməsinə, bütün bunlar mümkün olmadıqda isə Makron hökumətinin artıq itirilmiş simasının qorunub saxlanılmasına xidmət edirdi. Məlum olduğu kimi Ketrin Kolonna bunların heç birinə nail ola bilmədi və Bakıdan İrəvana “suyu süzülərək” yola düşdü. Bu səfərədək həm Paris, həm də İrəvan hesab edirdilər ki, onların ən müxtəlif müstəvilərdə Azərbaycana qarşı həyata keçirdikləri təzyiq siyasəti, qismən də olsa öz bəhrəsini verəcək. Amma bəlli olduğu kimi, hər iki destruktiv tərəfin fəaliyyəti nə regional, nə də qlobal miqyasda effektiv nəticə vermədi və mahiyyət etibarilə iflasa uğradı. Fransa Xarici işlər nazirinin Azərbaycandakı dəyişkən ritorikası da sübuta yetirdi ki, Paris Bakıdan nəinki istədiklərini ala bilməyib, əksinə Fransanın bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin hər hansı bir mərhələsində iştirak etmək şansını tamamilə itirdiyini də başa düşüb.
- Sizcə hansı səbəblərdən Ketrin Kolonna Bakıda olarkən Azərbaycanın təklif etdiyi sülh planını dəstəkləyib, sülh üçün hər cür çıxış edib, amma sonra İrəvana gələndə orada Bakıya qarşı əsassız iddialar irəli sürüb?
- Katrin Kolonna Bakıda Azərbaycanın təklif etdiyi sülh planının əleyhinə çıxış edə bilməzdi. Çünki Azərbaycanın irəli sürdüyü təkliflər, yaxud şərtlər özündə istisnasız olaraq, beynəlxalq hüququn norma və prinsiplərini əks etdirir və açıq şəkildə bu şərtlərin əleyhinə çıxmaq, faktiki olaraq, beynəlxalq hüququn norma və prinsiplərinin əleyhinə çıxmaq anlamına gəlir. Bu baxından, rəsmi Parisin açıq şəkildə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tətbiqinə təminat verdiyi norma və prinsiplərin, BMT Nizamnaməsinin əleuhinə çıxması mümkün deyil.
İrəvanda verilən gurultulu bəyanatların səbəbi isə məğlubiyyətdən, iqtidarsızlıqdan doğan aqressiyadan başqa bir şey deyildi. Katrin Kolonna Emmanuel Makronun, Fransa Senatının üzvlərinin və digərlərinin bugünədək Azərbaycana münasibətdə asıb-kəsdiklərini, sadəcə təkrarlayırdı. Çünki bundan başqa Ermənistanı və erməniləri sakitləşdirəcək heç nəyi yox idi. Bakıdan əliboş qayıtmışdı və Ermənistan hakimiyyətinin gözləntiləri özünü doğrultmamışdı. Bütün bunlardan sonra, uğursuzluğunu, əlacsızlığını gizlətmək, erməniləri ümidləndirmək üçün onlara nəsə deməliydi və dedi də...
- Azərbaycan tərəfindən Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin (BKP) yaradılması nəticəsində ekofəalların aksiyasının davam etdirilməsinə ehtiyac qalmadı. 4,5 ay davam edən bu aksiya nə dərəcədə uğurlu oldu?
- Ekofəalların aksiyası, istisnasız olaraq, özünü doğrultdu. Əvvala, həm Ermənistanın, həm də bu ölkəni himayə edənlərin diqqətinə çatdırdi ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının, gənclər təşkilatlarının fəalları, bütövlükdə isə azərbaycanlılar ölkəmizin təbii sərvətlərinin talanması, ekologiyamıza ziyan vurulması, bütövlükdə izə Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimizdə baş verən özbaşınalıqla barışmayacaqlar və uzun illər boyu qanunsuz olaraq istismar edilən resurslar Azərbaycan xalqının, dövlətinin təbii sərvətidir və Azərbaycan Respublikasının vətəndaşlarına məxsusdur. Bu aksiya eyni zamanda Azərbaycanda və ölkəmizdən kənarda olan “beşinci kolon”un apardığı təbliğatı da iflasa uğratdı və sübuta yetirdi ki, qrant pulları hesabına satın alınmış zümrənin Azərbaycanın ictimai rəyinə təsir imkanları yoxdur.
Başqa bir amil isə ölkənin bütün ərazilərimdə və sərhədlərində qanunun aliliyinin təmin olunmasdan başqa alternativin olmadığını bir daha sübuta yetirdi.
- Sirr deyil ki, Laçın yoluna sərhəd-keçid məntəqəsinin quraşdırılması Qərbdə bir çox qüvvələr tərəfindən mənfi qarşılanıb. Qərb vəziyyəti geri qaytarmağa çalışacaqmı?
- Prosesin geriyə dönüşü yoxdur. Əksinə, tədricən Xankəndi-Laçım yolunun Ermənistanla həmsərhəd ərazisində qurulan sərhəd-keçid (buraxılış) məntəqəsində Azərbaycanın digər sərhəd-keçid məntəqələrində tətbiq olunan hüquqi rejim tətbiq olunacaq. Məlum olduğu kimi, Azərbaycanın əsas hədəfi bölgəyə daxil olunan hərbi təyinatlı yüklərin qarşısını almaq, qanunsuz hərbi birləşmələrin fəaliyyətinə son qoymaqdır. Bu isə bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Əgər Qərb dövlətləri xaosu, qanunsuzluğu, özbaşınalığıçox sevirlərsə, bunu öz ərazilərində gerçəkləşdirə bilərlər. Məsələn, Fransa imkan verə bilər ki, Aralıq dənizindən Korsikaya hərbi təyinatlı yüklər, canlı qüvvə daşınsın. Heç bir nəzarət mexanizmi olmasın.
Azərbaycanın bütün digər addımları kimi, dövlət sərhədinin nəzarətə götürülməsi, Ermənistanla sərhəddə buraxılış məntəqəsinin qurulması da həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu, Azərbaycanın suveren hüququdur.
- Son bir ildə Ermənistan-Azərbaycan danışıqlar prosesində Qərbin kəskin addım atdığı bir vəziyyət yaranıb. Bu o deməkdirmi ki, Qərb danışıqlar prosesində vasitəçilik məsələsində təşəbbüsü tamamilə ələ alıb?
- Azərbaycan vasitəçi axtarışında deyil. Bizim üçün vacib olan irəli sürdüyümüz təkliflər çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanması, bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Bu prosesə hansı ölkə, yaxud təsisat real töhfə verə biləcəksə, həmin ölkə və təsisatla da bu və ya digər formada müzakirələrin aparılması mümkündür. İstər Rusiyanın, istərsə də Qərbin hər hansı bir ərazisi, sadəcə Ermənistanla sülh müqaviləsinin müzakirəsi üçün platforma, məkan rolunu oynaya bilər. Digər tərəfdən, bizim ümumən “qərb” adlandırdığımız qütbün mövqeləri də yekdil deyil. Ona qalarsa, Türkiyə də NATO-nun, Qərb blokunun üzvüdür, ancaq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini özünün qırmızı xətti hesab edir. Yaxud Fransa – bu ölkə, bəlli olduğu kimi tərəfdir və Ermənistanın yanında yer alıb.
Rusiya gəldikdə isə, bu ölkə indiki halda Cənubi Qafqazda baş verən proseslərə adekvat cavab vermək iqtidarında deyil. Amma bununla yanaşı, bölgəyə təsir inkanlarını da itirmək istəmir. Bu isə müəyyən boşluqların, daha dəqiq desək qeyri-müəyyən bir vəziyyətin yaranmasına yol açır. Qeyri-müəyyənlik isə bölgədə təhlükəsizliyin bərqərar olmasına maneə yaradır, davamlı sülhün əldə olunmasına imkan vermir. Ola bilsin ki, may ayının ikinci yarısından başlayaraq, Moskvanın mövqeyində də müəyyən fəallaşma hiss olunsun.
Fateh