• 27 Yanvar 2023
logo
Azərbaycanın qlobal siyasətdə yeri və rolu durmadan artır

Azərbaycanın qlobal siyasətdə yeri və rolu durmadan artır

Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.
Davos Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqlar və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün müxtəlif transmilli media qurumları tərəfindən birbaşa nümayiş etdirilir. Forum müddətində transmilli korporasiyaların rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açır.
Davos Dünya İqtisadi Forumu 53-cü toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi rəsmi görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bir daha göstəricidir. Builki Forum Azərbaycana, dövlət başçısı İlham Əliyevə hörmətin və rəğbətin daha da artdığını nümayiş etdirdi. Hər il ənənəvi keçirilən bu tədbir iştirakçı dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Hər zaman qeyd edildiyi kimi, keçirilən hər beynəlxalq əhəmiyyətli tədbir həm məkan, həm də müzakirəyə çıxarılan mövzunun aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibi baxımından xüsusi diqqət çəkir. Qütbləşmə posesinin daha da dərinləşdiyi hazırkı dövrdə dövlətlər arasında əməkdaşlıq əlaqələrinin çoğrafiyasının daha da genişləndirilməsi əsas çağırışlar sırasındadır. Dünya İqtisadi Forumunun tarixinə, onun dünya və ölkəmiz üçün əhəmiyyətinə nəzər saldıqda hər il tədbirin günümüzün ən aktual məsələlərinə həsr olunduğunu, həmçinin iştirakçıların sayının daha da artdığını görərik. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna dövlət başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması, Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, həmçinin ölkə Prezidetinin Çinin CGTN televiziya kanalına müsahibəsi həm ölkəmizin, həm də cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi oldu. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin İsveçrəyə 19-cu səfəri idi. Dövlət başçısı 15 dəfədir ki, Davos Dünya İqtisadi Forumunda iştirak edib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüsüynov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Qələbəsini təkcə siyasi-diplomatik müstəvidə həmlələri ilə deyil, həmçinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atdığı davamlı addımları ilə də möhkəmləndirir. Biz bunun əyani nümunəsini Prezident İlham Əliyevin son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak etməsi və dünyanın mötəbər biznes mərkəzi sayılan Davosda keçirilən beynəlxalq İqtisadi Foruma qatılmasının timsalında görürük: “Maraqlıdır ki, özünü Qərbyönümlü hesab edən Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən dünya miqyaslı tədbirlərin heç birində gözə dəymir. Bu həm də ondan irəli gəlir ki, Ermənistan iqtisadi inkişaf baxımından, sərmayə qoyuluşu baxımından heç kimi maraqlandırmır. Çünki perspektivli ölkələrin sırasında yer almır. Bu baxımdan, Paşinyanın dünyanın biznes nəhənglərinə təqdim edə biləcəyi ciddi heç nə yoxdur. Azərbaycan isə yaranmış bütün fürsətlərdən maksimum dərəcədə faydalanmağa çalışır. Ölkə rəhbəri bir tərəfdən müsəlman ölkələrinin böyük maliyyə resurslarının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə cəlb edilməsi üçün mühüm addımlar atır, digər tərəfdən isə Qərb dünyası ilə, o cümlədən Avropa İttifaqı ilə iqtisadi inteqrasiyanın genişləndirilməsini prioritet istiqamət kimi diqqətdə saxlayır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır”.
Partiya sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsindən məlum oldu ki, Azərbaycan Çin ilə də iqtisadi əməkdaşlıq əlaqələrini durmadan artırmaq xəttini yürüdür. Belə ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir, habelə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlığı dərinləşdirməyə hədəflənib: “Davos İqtisadi Forumu da əvvəlki kimi Azərbaycan üçün öz əhəmiyyətliliyini qoruyub saxlayır. Dövlət başçımız bu Forumun illlik toplantılarında daimi olaraq iştirak edir, foruma qatılan digər ölkələrin liderləri və transmilli şirkətlərin rəhbərləri ilə silsilə görüşlər keçirir, ölkəmizdə həyata keçirilən iri layihələrə xarici investisiyaların cəlb edilməsi, habelə yeni əməkdaşlıq imkanlarının birlikdə nəzərdən keçirilməsi üçün səy göstərir. Davos İqtisadi Forumu ölkəmizin iqtisadi imkanlarını nümayiş etdirməklə bərabər, həmçinin Azərbaycanı tanıtmaq baxımından da olduqca əlverişli platformadır. Postsovet ölkələrinin bir çoxunun liderləri bu imkandan məhrumdur. Bunun da ən müxtəlif obyektiv-subyektiv səbəbləri var. Paşinyanın sözügedən foruma hansı səbəblərdən qatılmadığını yuxarıda qeyd etdik. Vladimir Putin isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə görə Davos Zirvəsinə qatılmaq imkanlarını itirib. Belarus lideri də Davos Forumu üçün “persona non-qrata” sayılır. Azərbaycan isə bu forum üçün öz əhəmiyyətliliyini qoruyub saxlamağı bacarıb. Davos Forumu Azərbaycanın müsbət imicinin göstəricisidir”.
Milli Məclisin deputatı Kamran Bayramov isə deyib ki, hər bir iqtisadi proseslərin arxasında siyasət dayanır. Azərbaycanın isə Davos Forumunda dünya dövlətləri üçün mahiyyəti başqa məsələdir. Daha dəqiq desək, neft məsələsində Avropa dövlətləri Rusiyanın asılılığından qurtulmaq istəyirlər. Bu şəraitdə onlar alternativ yollar axtarmalı olur ki, bu yollardan biri də, təbii ki, Azərbaycanla münasibətlər qurmaqdır. Deputat diqqətə çatdırıb ki, dövlət başçımız Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında ətraflı məlumat verərək Azərbaycan həqiqətlərini, habelə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. İşğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələrin əhəmiyyətindən danışaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm roluna da xüsusi olaraq diqqət çəkib.
Deputat əlavə edib ki, dövlət başçımız Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir.
K.Bayramov qeyd edib ki, dövlət başçımızın beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin və texnologiyanın cəlb edilməsinə şərait yaradacaq.
Cavid