• 27 Yanvar 2023
logo
“Rəsmi İrəvan ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir”

“Rəsmi İrəvan ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir”

Turan Rzayev: “Bununla belə Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır”

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransındakı çıxışını ümumilikdə rəsmi Bakının 2023-cü il strategiyası kimi də qiymətləndirmək olar. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir ki, sərhədlər müəyyənləşməyib. Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. “Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”- Bayramov deyib. Aydın məsələdir ki, Bayramovun qeyd etdiyi 8 Azərbaycan kəndi, Qazaxın işğal altında olan 7 kəndi (Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara) və Naxçıvanın işğal olunmuş Kərki kəndidir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Anar Turan 2023-də gözləntilər və digər məsələlərlə bağlı suallarımızı cavablandırarkən deyib. O, həmçinin digər suallarımızı dacavablandırıb...
-Azərbaycan Prezidenti İlham Əliyev də dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd etmişdi. Həm ölkə başçısının, həm də xarici işlər nazirinin bu məsələni dilə gətirməsi rəsmi Bakının işğal altında olan 8 kəndi unutmadığını və 2023-cü il üçün strateji hədəf olaraq qarşıya qoyulduğunu göstərir.
- Vardanyanla bağlı düşüncələriniz necədir, Azərbaycan hansı addımları ata bilər?
- Ceyhun Bayramovun mətbuat konfransında toxunduğu məqamlardan biri də son zamanlar xüsusilə aktuallaşan, özünü separatçıların lideri olaraq görən erməni milyarder Ruben Vardanyanla bağlı oldu.
Bayramov açıq şəkildə bildirdi ki, Azərbaycanın Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq. Lakin bu o demək deyil ki, Bakı Xankəndi ilə təmaslardan imtina edib. Ümumiyyətlə belə təmaslar olmalıdır və Xankəndi erməniləri adından təmas qurulacaq şəxsi rəsmi Bakı özü müəyyənləşdirməlidir.
Nazirin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Bakı Xankəndi ilə təmaslar qurur, sadəcə təmasların qurulduğu şəxsi açıqlamır. İndiki mərhələdə bu düzgün addımdır.
Bu il bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər.
- Bu il yekun sülh müqaviləsi imzalana bilərmi?
-Ceyhun Bayramovun çıxışında diqqətçəkən məqamlardan biri də onun “Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir” sözləri oldu.
Prinsip etibarilə bu, doğrudur. Belə ki, sırası ilə ilk öncə iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilməli, daha sonra yekun sülh müqaviləsi imzalanmalıdır. Yekunda isə kommunikasiyaların açılması prosesi getməlidir. Bütün hallarda iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilmədən sülh müqaviləsindən danışmaq əbəsdir.
Ermənistan hazırda həm danışıqlar prosesini ləngidir, həm də 10 noyabr bəyanatının tələblərini icra etmir. Misal üçün, Ceyhun Bayramov deyir ki, “Moskvada danışıqların üçüncü raundu keçirilməli idi. Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır”.
Halbuki rəsmi İrəvan 10 noyabr bəyanatına görə öhdəliklər götürüb. Yəni indiki məqamda Ermənistanın danışıqlar prosesini dəyişmək cəhdi və ya prosesi ləngitməsi ciddi nəticələr doğura bilər.
Digər tərəfdən, Bayramovun “Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondan ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir” sözləri də diqqət çəkir.
Görünən odur ki, Rusiya tərəfi Azərbaycanın bu istiqamətdə tələblərinin qarşısını “erməni silahlılarının çıxarılması Ermənistanın öhdəliyidir” deyərək almağa çalışır.
Aydın məsələdir ki, Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır. Çünki erməni silahlı birləşmələrinin regionda qalması Kremlin Bakıya qarşı təzyiq etməsinə imkan verir. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, döyüş postları qurmasına şərait yaradan da məhz sülhməramlılardır. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir.
Bayramov bu məsələ ilə bağlı “Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik” dedi.
Yəni Azərbaycan bir müddət bu məsələnin həlli istiqamətində danışıqlar apara bilər, lakin danışıqların uzanması və nəticəsiz olması anti-terror əməliyyatının başlanmasına gətirib çıxara bilər.
Nəticə etibarilə, 2023-cü ildə kiçikmiqyaslı atışmalar və gözdağı xarakterli anti-terror əməliyyatının şahidi ola bilərik.
- Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüş zamanı çıxış edən ölkə başçısı bir sıra önəmli məqamlara toxundu. Verilən mesajlarla bağlı nələri söyləmək olar?
-Prezident çıxışı zamanı qeyd edib ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Ölkə başçısının qeyd etdi bu məqam həqiqətdir. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb.
Cümhuriyyət və SSRİ, habelə ondan öncəki tarixi sənədlərdə bütün məlumatlar, ərazinin demoqrafik-etnik vəziyyəti göstərilib. Həmçinin rusların erməniləri Cənubi Qafqaza, əsasən də Qərbi Azərbaycana hansı illərdə və hansı yollarla köçürməsi arxiv sənədlərində öz əksini tapıb. Rəsmi Bakı uzun müddətdir həm dövlət xətti, həm də bir sıra tədqiqatçılar vasitəsilə bu sənədləri toplayır.
Dövlət başçısı çıxışı zamanı, həmçinin “əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var”,- deyə qeyd edib.
Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi domino effekti yaratdı. Ermənilər Qərbi Azərbaycanın ardınca bənzər prosesi Naxçıvanda da etdi. Naxçıvanın bugünkü ərazisindən iki dəfə çox ərazisi ermənilər tərəfindən müxtəlif bəhanələr ilə ilhaq edilib. SSRİ dövründə yaradılan Mehri rayonu belə məhz Naxçıvan və Qərbi Azərbaycan torpaqları hesabına yaradılıb.
Qarabağda da bu proses başlansa da SSRİ-nin dağılması və digər faktorlar səbəbindən ermənilər niyyətlərinə çata bilmədi. Bu zaman isə ermənilər separatçılıq kartına əl ataraq bunu işğal siyasəti ilə pərçimlədi. Lakin Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə 27 illik işğala son qoydu. Bu həm də Qərbi Azərbaycanla başlanan domino effektini sonlandırdı.
- Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdış perpsektivini necə dəyərləndirirsiniz?
- Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də onun “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri oldu. Ölkə başçısı qeyd etdi ki, mən əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır və məhz ölkə başçısı bu gün Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi heç də təsadüfi deyil.
Rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə edə bilər. Prinsip etibarilə əsl qaçqınlar da məhz Qərbi azərbaycanlılardır. Bu gün sonuncu, yəni 1988-ci ildə Qərbi Azərbaycandan məcburi şəkildə qovulan azərbaycanlının 5-ci nəsli dünyaya gəlir.
Sayı bir milyondan çox olan Qərbi azərbaycanlılar Bakının İrəvana qarşı başlıca təzyiq vasitəsi ola bilər. Sayı heç 120 min nəfər olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək mümkündür.
Hesab edirəm artıq bu istiqamətdə işlər də gedir. Bir müddət öncə bəzi rayonlarda Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin getdiyinə dair informasiya yayıldı. Rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər. Ölkə başçısının dediyi kimi Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.
- Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə keçirilən etiraz aksiyası nəyə hesablamnıb?
-Bəllidirki, Milli Demokratik Qütb bloku 8 yanvar tarixində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyasına etiraz bildiriblər.
Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə, o cümlədən Rusiya sülhməramlı kontingetini də (RSK) günahlandırıblar. Aksiyaçılar bundan başqa RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər.
Prinsip etibarı ilə Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vaqe Qasparyan ermənilərin Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini öncədən bildirmişdi. “Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq” - Qasparyan deyib.
Hər nə qədər aksiyada iştirak edən 100-dən çox adam saxlanılıb, “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına - yox” şüarları səsələnsə də bunun İrəvanın növbəti şousu olduğu bəllidir.
Aydın məsələdir ki, Nikol Paşinyan Qərbyönlü siyasət yeridir və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o bunun bu tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür. Bu mənada Paşinyan bu aksiya ilə Kremlin nəbzini yoxlayır. Yəni bu istiqamətdə gələcəkdə daha geniş bir aksiya keçirilsə Moskvanın cavabı necə olacağını Paşinyan test etmək istəyir.
O ki qaldı Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasına, nəzərə almaq lazımdır ki, Rusiya bu hərbi bazadan Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşıyır. Bu faktı rəsmi Bakı da dəfələrlə aşkarlayıb. Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır.
Rəsmi İrəvan hər nə qədər Qarabağ Azərbaycanın daxili məsələsidir desə də 102-ci hərbi baza yolu ilə ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir. Bununla belə Nikol Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır və narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır.

Əli