• 3 Oktyabr 2022
logo
Rişi Sunak, yoxsa Lizz Trass?

Rişi Sunak, yoxsa Lizz Trass?

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasında liderlik uğrunda yarış davam edir. Partiyanın lideri ölkənin baş naziri olacaq. Bu ya keçmiş maliyyə naziri Rişi Sunak, ya da xarici işlər naziri Liz Trass olacaq. Mübarizə ikisi arasında davam edir.
Baş nazir kim olursa-olsun, Böyük Britaniya ABŞ-la strateji müttəfiqliyini davam etdirəcək. Bu London siyasətinin ana xəttidir. Rusiyaya gəldikdə, Londonun Kremlə münasibətinin dəyişəcəyini də söyləmək çətindir. Yeni seçkiyə qədər baş nazir səlahiyyətini yerinə yetirən Boris Conson Rusiyaya qarşı sərt mövqedən çıxış edir, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibənin birinci günündən Kiyevə hərtərəfli dəstək verir. Ukrayna prezidenti Vladimir Zelenski Boris Consonu özünə ən yaxın tərəfdaş sayır. Xarici işlər naziri Lizz Trassın da Rusiyaya münasibəti bəlliir. O Consonun kabinetində xarici siyasəti müəyyənləşdirdiyinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni sərt tənqid edir, anti-Rusiya koalisiyasının formalaşmasında əsas rollardan birini oynayır. Rişi Sunak hökumətdə maliyyə işinə məsul olduğundan onun Rusiyanın işğalıyla bağlı açıqlamaları çox deyil.
Londonun xarici siyasətində digər mövzusu Çindir. “The Telegraph” nəşrinin yazdığına görə Rişi Sunak Çini “ən uzunmüddətli təhlükə” adlandırıb. Çini Böyük Britaniya üçün uzunmüddətli iqtisadi və təhlükəsizlik problemi kimi dəyərləndirən Rişi Sunak Lizz Trassdan geri qalmamağa çalışır. Lizz Trassı dəstəkləyən təhsil naziri Ceyms Kleverli Sunakı Çini qiymətləndirməsində gecikdiyini bildirib. Yəni Ceyms Kleverli demək istəyib ki, bugünə qədər harda idin, Çin təhlükəsi barədə niyə danışmırdın?
Lizz Trass və Rişi Sunakdan biri baş nazir olacağı halda Çinlə necə rəftar edəcəkləri barədə mübahisə edirlər. Sunakdan fərqli olaraq Trass Çin təhlükəsi barədə illərdir açıqlamalar verir, problemin mahiyyətini izah etməyə çalışır. Sunak da son vaxtlar Çin mövzusunu xeyli aktuallaşdırıb. Misal üçün Sunak deyib ki, baş nazir seçilsə məktəb və universitetlərdə Konfutsi mərkəzlərini qapadacaq. Bu mərkəzlərdə Çin dili, tarixi və mədəniyyəti tədris edilir. Bəzilərinin fikrincə, Pekin bu mərkəzlər vasitəsilə siyasi təbliğat da aparır. Sunak Çinə qarşı mübarizədə Vaşintonla birgə hərəkət edəcəyini vəd verib.
Beləliklə, baş nazir postu uğrunda mübarizədə xarici siyasət ön plandadır. Böyük Britaniya Türkiyə və Azərbaycanın da tərəfdaşıdır. Ona görə Böyük Britaniyanın yeni baş nazirinin kimliyi və onun yürüdəcəyi siyasət Ankara və Bakı üçün də əhəmiyyətlidir.

“Atlas” Araşdırmalar Mərkəzi