• 8 Avqust 2022
logo
Azərbaycan dəhliz məsələsini silahla həll edərsə...

Azərbaycan dəhliz məsələsini silahla həll edərsə...

Məhəmməd Əsədullazadə: “Bu zaman önümüzə İran dayansa, İranın da qarşısında Türkiyə olacaq”

Bölgədə maraqlı proseslər baş verir. ABŞ prezidenti Co Baydenin Yaxın Şərq Turnesindən sonra Trükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər etdi. Eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin 3 gün fərqlə İrəvanda oldular.
Bölgədə baş verən prosesləri politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə müsahibəsində şərh etdi...
-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda İranın ali dini rəhbəri Xamenei ilə görüşdə bir neçə məsələ müzakirə edilib. Əsas diqqət edici məqam Xameneinin Zəngəzur dəhlizi ilə bağlı dedikləridir. Tehranın bu dəhlizə qarşı olduğunu ortaya qoydu.
Xamenei "Təbii ki, işin içində İran-Ermənistan sərhəddinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”,- deyə bildirdi. Göründüyü İranin dini lideri konkret olaraq Zəngəzur dəhlizinə qarşı çıxır. Amma, Azərbaycan bu dəhlizdən İranın istifadə etməsini daima qeyd edir. Təbii ki, burada Tehran Türkiyənin bu dəhliz vasitəsilə, Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətindən narahatdır.
Bundan əlavə, İranın dini lideri Qarabağın işğaldan azad olunmasından məmnunluğunu qeyd etsə də, bu işin içində Zəngəzur dəhlizinin olmasından narahatlığını ifadə edib. Tehran hesab edir ki, bu dəhliz İran Ermənistan sərhəddini bağlayır. Xameneinin bu yanaşması İranın Azərbaycana və Türkiyəyə düşmənçilik siyasətinin bariz nümunəsidir.
Bu illər ərzində İran Azərbaycan ərazilərinin işğalında maraqlı olub. Artıq işğal aradan qaldırılıb. Tehran əlavə bəhanələr ortaya atır. Demək olar ki, İran Zəngəzur dəhlizinın açılmasına qarşıdır. 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən dəhlizin verilməsi ilə bu ərazi Ermənistanın nəzarətindən çıxır və dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. Rusiya da dəhlizdə maraqlı deyil. Sadəcə, kommunikasiyalarin açılmasını vurğulayır.
Azərbaycan dəhliz məsələsini silahla həll edərsə və bu zaman önümüzə İran dayanarsa, onda İranın da qarşısında Türkiyə olacaq. Sonda, İran məğlubiyyətə uğrayacaq.
Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması ölkəmizin milli maraqlarına xidmət edir.
-Bir müddət öncə ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfər etdi. İlk səfər isə Tramp Administrasiyası ilə xüsusi yaxınlığı olan Səudiyyə Ərəbistanından başladı. Məqsəd nədir və bölgədə nə baş verir?
-ABŞ prezidenti Co Baydenin Yaxın Şərq turnesi Ağ Evin regiona baxışının yenidən formalaşmasına hesablanıb. Xüsusilə İsrail-Ərəb ölkələri arasında "İbrahim sazişinin" reallaşması istiqamətində Vaşinqtonun dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Vaşinqton regionda İsrail-Ərəb ölkələri ilə sülhə nail olduqdan sonra İran, Rusiya və Çinin siyasətinin qarşısını almağı hədəfləyir.
Baydenin İsrailə səfəri koalisiya hökumətinin yenidən seçkilərdə qələbə çalması üçün Vaşinqtonun dəstəyini nümayiş etdirməklə yanaşı, İranla bağlı məsələdə Vaşinqtonun mövqeyinin bölüşməsini razılaşdırmaqdan ibarətdir. ABŞ prezidenti Fələstinə səfər edərək Mahmud Abbasla da görüşdü. Bu səfər İsrail-Fələstin arasında sülh müqaviləsinin bağlanması və digər münasibətlərin qurulması ilə nəticələnməyəcək. Baydenin bu səfəri regionda Səudiyyə və körfəz ölkələrini yeni dünya nizamında ABŞ-ın yanında tutmaqdan ibarətdir.
ABŞ Yaxın Şərqdə yeni bir siyasi mərhələ başlatmağa çalışır və burada yeni bir siyasi-hərbi ittifaq qurulacaq. Bu ittifaq İran, Rusiya və Çinə qarşı yönləndiriləcək. Yaxın Şərq siyasətində Ağ Ev ciddi yanılışlıqlar edib və boşluqlar yaranıb. Bu səfərlə bu boşluqları doldurmaq mümkün deyil. Ardıcıl və stabil siyasətin həyata keçirilməsi mütləqdir.
Bu səfərdən çıxan nəticə ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında hava nəqliyyatı bərpa edilir. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 13 milyon barelə qaldırdı. Həmçinin Ərəb ölkələri ilə İsrail arasında düşmənçilik diplomatik münasibətlərin qurulması ilə nəticələnəck. Göründüyü kimi Yaxın Şərqdə İsrail-ABŞ və Ərəb ölkələrindən ibarət yeni bir format yaranır.
Baş verənlərə nəzər saldıqda proseslər regionda Türkiyənin maraqlarına cavab vermir. ABŞ və Ərəb ölkələrinin müəyyən illərdə birliyi Ankaranın regionda siyasətinə qarşı olub. Buna baxmayaraq Türkiyə və İsrail Yaxın Şərqdə birgə koordinasiyalı fəaliyyət göstərəcəklər.
ABŞ İsrail əlaqələri, Həmçinin Ərəb ölkələri ilə ikitərəfli münasibətlərin qurulması Azərbaycanın da maraqlarına cavab verir...
-Bu proseslər fonunda Türkiyənin Yaxın Şərq siyasətini necə qiymətləndirmək olar?
-Türkiyə yaxın Şərq siyasətində yeni siyasi konsepsiya ortya qoyub. Xüsusilə İsraillə əlaqələr normallaşıb. Həmçinin Səudiyyə Ərəbistanı ilə əlaqələr Qaşıqçı olayına görə pisləşmişdi. Səudiyyə vəliəhdinin Ankaraya səfəri buzların əridiyini göstərir. Türkiyənin Yaxın Şərqlə bağlı tarixi var. Çünki, bu regionda Türkiyənin olması region xalqlarının təhlükəsizliyinə və rifahına xidmət edir. Türkiyə bu regiona sülh və iqtisadi əməkdaşlıq gətirəcək. Türkiyə ilə münasibətləri korlayan ərəb ölkələri artıq səhv etdiklərinin fərqindədilər. İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir porsesə başlayıb. Hesab edirəm ki, Türkiyənin Yaxın Şərq siyasəti Ankaranın beynəlxalq mövqeyini yüksəldəcək. Yenidən bir siyasi açılım başlayıb və Ankara artıq regionda öz nüfüuzunu artıracaq. Region ölkələri görür ki, boşluq olanda İran yeri tutur və bu da regiona yalnız böhran vəd edir. Ona görə də Türkiyə faktorunu qəbul edirlər.
-Cənubi Qafqazla bağlı da maraqlı məqamlar var. Ermənistan Təhlükəsizlik katibi Armen Qriqoryan Ermənistan ordusunun sentyabr ayına kimi Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidən çıxarılacağını qeyd etdi...
- Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün İrəvan öz silahlı qüvvələrini bölgədən çıxarmalıdır. Həmçinin 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndi yerinə yetirilməlidir.
Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl, bununla bağlı Rusiyaya mesaj verdi. Göründüyü kimi, Kremldə prosesin başlanması üçün İrəvana təlimat verdilər. Bir müddət bundan əvvəl, yazmışdım ki, Rusiyanın Azərbaycana qarşı müsbət reveransları başlayıb. Bundan istifadə edib, Qarabağda silahlı erməni birləşmələrinin ləğv edə və separtizmə son verə bilərik. Artıq proses başlayıb.
Ermənistan silahlı qüvvələri çıxdıqdan sonra, Qarabağda qondarma, qanunsuz "müdafiə ordusu" adı altında hər hansı bir silahlı dəstə saxlanılmasına icazə verilməməlidir. Prosesi Azərbaycan uğurla yerinə yetirir. Bir neçə gün bundan əvvəl, qeyd etmişdim ki, Azərbaycanla Ermənistan arasında sentyabrdan ciddi danışıqlar başlayacaq. Ermənistan ordusu sentyabra kimi bölgədən çıxdıqdan sonra, danışıqlarda ciddi irəlləyiş olacaq.
-ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns iyulun 15-də, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə iyulun 18-də İrəvana səfər etdi. Səfərlərin 3 gün fərqi ilə edilməsini təsadüfi hesab etmək olarmı?
-Ermənistana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin, ardınca Rusiya Xarici Kəşfiyyat idarəsinin sədri Narışkinin səfəri xüsusi diqqət cəlb edən məsələdir. Ermənistanın Türkiyə ilə danışıqları və müəyyən dərəcədə əldə edilmiş nəticələr, həmçinin bu ölkədə ABŞ biolabaratoriyaların Rusiya tərəfindən bağlanılması tələbi Vaşinqtonun Ermənistana diqqətinin artmasına səbəb olub. Qeyd edim ki, bu gün regionda sülhün əldə edilməsi Ermənistanın siyasi iradəsindən asılı olan məsələdir. Çünki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarınadan əl çəkməyincə regionda sülhün əldə edilməsinin perspektivi yoxdur.
Ermənistan üzərində ABŞ və Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə təsir edir. 30 ildir ki, məhz Ermənistan amilinə görə regionda destablizasiya hökm sürüb. Ermənistanın Rusiya təsirindən çıxarılması Türkiyə və Azərbaycanla sülhün əldə edilməsinə gətirib çıxarcaq.
ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin sədrinin Ermənistan səfəri əsasən, bir neçə amilə söykənə bilər. Birinci, ABŞ Ermənistanın Rusiyanın təsirindən çıxmaq üçün ilk növbədə Türkiyə ilə əlaqələrin normallaşmasına dəstək verir. Türkiyə ilə normallaşma Ermənistanın baş naziri Nikol Paşinyan iqtidarına qarşı sui-qəsd ola bilər. MKİ rəhbəri Rusiya tərəfindən olan təhlükələri Pşainyanın diqqətinə çatdırmaqla, ona tam təhlükəsizlik zəmanəti verilə bilər. İkincisi, ABŞ biolabaratoriyalarının Rusiyanın baxışına verilməməsi məsələsidir. Üçüncüsü, Ermənistan daxilində siyasi proseslərdə qeyri-müəyyənlik var. Müxalifət Parlamenti baykot edir. Bu istiqamətdə Paşinyana tam dəstəyin göstəriləcək.
Rusiya Xarici Kəşfiyyat idarəsinin sədri məhz ABŞ kəşfiyyat rəisinin səfərindən narahat olaraq Ermənistana gələrək dəqiqləşdirmələr aparır.

Əli Zülfüqaroğlu