• 8 Avqust 2022
logo
Kimdir günahkar?

Kimdir günahkar?

“Təkcə suallar deyil, cavablar da köhnəlir”
Ernest Hemenquey

Nə ittiham irəli sürəcəyəm, nə də hansısa iddia ilə çıxış edəcəyəm. Özümü də günahlandırmaq niyyətim yoxdur. Bu günədək kimsənin nəinki ölümündə, heç mənəvi əzab çəkməsində də günahım olmayıb...
...Hər gün işə gələndə, radiolardan birində davamlı olaraq səsləndirilən əttökən bir... – adını bilmirəm nə qoyum – reklam deyək, hə, reklamı dinləmək məcburiyyətində qalıram. Həmin o “reklam”dan qulağıma sıçrayan və öz dediyinə özü də inanmayan saxta səs insanları hər gün özünə sual verməyə çağırır. Sual da nədən ibarət olmalıdır?... Burası lap başqa aləmdir e... Sabun köpüyünün qoxusu gəlir. Deməli, sözügedən reklamın müəlliflərinin iddiasına görə, Azərbaycanın hər bir vətəndaşı (radio bütün ölkə ərazisində yayımlanır və müraciət də ümumi xarakterlidir) səhər gözlərini açan kimi, üzünü yumadan, dişlərini fırçalamadan aynanın qarşısına keçib uca səslə öz-özünə sual etməlidir: “Sən Bakımız üçün nə etmisən?” Bu azmış kimi, radiodan gələn səs utanmadan insanları saxta, əttökən bir suala səmimi cavab verməyə də dəvət edir. Yəni açıq-aşkar tərbiyəsizlik sərgiləyir. Bu məsələnin bir tərəfidir. Digər və əsas tərəfi isə sualın özü ilə bağlıdır. Saxta pafos, ritorika, neobolşevik təfəkkürü axırımıza çıxıb. Və nə sirrdirsə, bütün saxtakarlar öz saxta əməllərinin, indiki halda suallarının, yaxud müraciətlərinin qarşılğında başqalarından səmimiyyət gözləyirlər. Qayıdaq suala: “Mən Bakımız üçün nə etmişəm?” Vergi ödəmişəm, çiçəyindən böcəyinə kimi qorumağa çalışmışam, məişət tullantılarını da ağlı başında olan birisi kimi qutulara atmışam. Başqa nə edə bilərəm ki? Mənim işim yazmaqdır. Bakının abadlığına cavabdeh qurumların da işi üzərilərinə düşən vəzifələri icra etmək. Əgər məndən soruşsalar ki, bu gün nə yazmısan, o zaman bu suala rahatlıqla cavab verə bilərəm. Bakının təmizliyinə, yaşıllaşdırılmasına cavabdeh qurumların nümayəndələri də, həmçinin, onlara aid olan suala, özlərinə əzab-əziyyət vermədən, rahatlıqla cavab tapa bilərlər.
Təsəvvür edin, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşına deyirlər ki, hər gün səhər yuxudan oyanan kimi özünə sual ver: Sən bu gün hansı məqaləni yazmısan? Bilirsiniz nə cavab verəcək? Yəqin ki, bilirsiniz və bu səbəbdən də etik normaları gözləyib, sözügedən Birliyin əməkdaşının təxəyyülümdə çat verən cavabını yazmıram…
Bir az uzaqdan başladım, amma intihar edən qazimizlə bağlı hamıya ünvanlanan ittihamlar da bu qəbildəndir. Kimdir günahkar(lar)? Kimdir(lər)sə, ümid edək ki, ən qısa zamanda bəlli olacaq. Amma konkret şəxsin, yaxud şəxslərin günahını hamının üzərinə yükləmək, əslində gerçək günahkarların öz əməllərinə rahatlıqla davam etmələrinə xidmət edir. Bu bilirsiniz nəyə bənzəyir? Öz işinin öhdəsindən gələ bilməyənlərin məsuliyyəti başqalarıyla “paylaşmaq”, günahı özündən kənara ötürmək üçün “qurbanlıq keçi” axtarışına.
Yenə təkrar edirəm, nə mənim, nə də tandığım insanların Sabirabadda baş verən insan faciəsində heç bir suçu yoxdur!
Ayrı-ayrı mənbələrdə Elvin Cəfərovun müharibədən sonrakı dövr ərzində intihar edən sayca 36-cı qazi olduğu bildirilir. Dəhşətli rəqəmdir... Həm də problemin kifayət qədər ciddi və dərin olduğunu göstərir. Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan, sağlamlığını itirən insanlara, şəhid ailələrinə fərdi qaydada yanaşmaq lazımdır. Ayrı-ayrılıqda, fərd kimi, şəxsiyyət kimi... Statistik göstəricilərin tərkib hissəsi kimi yox! Bu insanlar öz qəhrəmanlıqları ilə “lar”, “lər” şəkilçiləri kontekstindən çıxıblar. Vətən uğrunda axıtdıqları qanın hər damlasında bu insanların ŞƏXSİYYƏTİ əks olunub. İşğaldan azad edilmiş ərazilərimiz şəhid və qazilərimizin ŞƏXSİYYƏT vəsiqəsidir!

Cavab axtarışı...

İndi keçək gerçək, reallığı əks etdirən, pafosdan uzaq suallara:
Elvin Cəfərovun intihardan öncə səsləndirdiyi fikirləri qeydə alan və ona təhrikedici suallar ünvanlayan, qızışdırıcı şüarlar səsləndirən şəxs kimdir? İntihar hadisəsi baş verən kimi sosial şəbəkələri başına götürən, İran boğazlarıyla ifa olunan mərsiyələrlə müşaiyət olunan videolar kimlər tərəfindən və harada hazırlanıb?
Bu sözləri boşuna yazmıram. 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinə maneə yaratmaq üçün əlindən gələni əsirgəməyən, qələbəmizdən sonra da erməniyə dəstək, bizə göstək olmağa çalışan molla rejiminin tör-töküntüləri uzun müddətdir ki, şəhid ailələri, qazilər və müharibə iştirakçılarını öz təsir dairələrinə salmaq, yaxud saxlamaq üçün dəridən-qabıqdan çıxırlar.
Başqa bir sual: Ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətləri nə işlə məşğuldurlar? Nə üçün şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının kağız üzərində yox, gerçəkdən təşkilatlanması üçün iş aparılmır? Onların yaradıcı potensialları, maraq dairələri öyrənilmir və buna uyğun dərnəklərin, birliklərin yaradılmasına cəhd göstərilmir?
Ayda-ildə, bayramda-seyranda konsert verib şablon və bəzən də əttökən, bəsit mətnlərə “bəstələnmiş” mahnılarla qulaqları yağır etmək “asudə vaxtın təşkili” deyil. Məsələ artıq “quş qoymaq” mərhələsini keçib və təhlükəli həddə çatıb. Qələbəmizi həzm edə bilməyənlər istənilən ideoloji boşluqdan yararlanmağa çalışır, ölkənin ən həssas təbəqəsini emosional ideoloji təsir mexanizmləri vasitəsilə uğrunda savaşdıqları dövlətlə qarşı-qarşıya gətirməyə çalışırlar.
Hardadır bizim axund və mollalarımız, gerçək din xadimlərimiz? Nə işlə məşğuldurlar? Hanı onların Vətən və Millət təəssübkeşliyi? Nədən aramıza bölücülük toxumu səpənlərə qarşı dirəniş göstərmir, molla rejiminin ideoloji təxribatlarına cavab vermir, öz fəaliyyətsizlikləri və bəzən də “fəaliyyətləri” ilə meydanı dünyagörüşümüzü qarşı-qarşıya gətirmək istəyənlərə buraxırlar?
Qazilərlə, şəhid ailələri ilə ayrı-ayrılıqda görüşmək, onların qayğılarını, düşüncələrini, hədəflərini, yaradıcılıq və iş potensiallarını, istək və arzularını öyrənib dərindən təhlil etmək və buna uyğun da təxirəsalınmaz tədbirlər həyata keçirmək lazımdır. Bu prosesdə peşəkar medianın da fəal iştirakının təmin edilməsinə böyük ehtiyac olduğunu düşünürəm. Problemlərlə bağlı məlumatlar da, onların həlli istiqamətində görülən işlər də açıq, şəffaf, əlçatan olmalıdır. Həm də fərdi qaydada... Ümumi statistik göstəricilərin tərkib hissəsi kimi yox!
Son faciənin fonunda nəzərə çarpan ürpədici məqamlardan biri də bəzi siyasi qrupların baş verən hadisədən yararlanmaq, yaxud üzərilərinə qoyulan ənənəvi missiyanı “icra etmək” cəhdləridir. Bu qrupların ənənəvi anti-Azərbaycan təbliğatının təməlində hakimiyyətə qarşı sivil mübarizənin deyil, dövlətə qarşı savaşın dayandığını, düşünürəm ki, sübut etməyə ehtiyac yoxdur. İndiki şəraitdə dondan-dona düşən, sağdan sola, soldan sağa yuvarlanan, vahid ideoloji platforması olmayan bu qrup təmsilçilərinin əsas məqsədinin Azərbaycan dövlətçiliyini gözdən salmaqdan ibarət olduğu göz qabağındadır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra bunlar necə yasa batıblarsa, hələ də çıxa bilmirlər. Hətta ölkəmizə düşmən kəsilən dairələrin istifadəsində olan media resursları belə Azərbaycan əleyhinə bu qədər aqressiv və qərəzli təbliğat aparmır. Hədəfdə Azərbaycan dövlətçiliyi, Zəfərimiz və Qarabağa qayıdışımızdır. Düşünürəm ki, bu təxribatçı qrupların da təhrikedici əməllərinə hüquqi qiymət verilməsinin zamanı çatıb və hətta müəyyən qədər gecikib də...
P.P.S. Yazını Ernest Hemenqueydən iqtibasla başlamağım təsadüfi deyil, şübhəsiz. Hemenqueyin müharibənin dəhşətlərini öz üzərində daşıyan və mükəmməl şəkildə əsərlərinə köçürməyi bacaran dahi yazıçı olduğunu düşünürəm.
Və son olaraq, Hemenqueydən başqa bir misal gətirmək istəyirəm: “Keçmiş qırıq qrammafon vali kimi ölüdür. Dünənin arxasınca yürümək isə qarşılığı olmayan bir məşğuliyyətdir. Əgər buna əmin olmaq istəyirsinizsə, bir zamanlar döyüşdüyünüz yerlərə gedin”. Bu qədər! Gələcəyə baxmaq lazımdır.