• 28 Mart 2024
logo
"Ermənistan öz təhlükəsizliyini qoruyacaq gücdə olmadığının fərqindədir"

"Ermənistan öz təhlükəsizliyini qoruyacaq gücdə olmadığının fərqindədir" -Tural İsmayılov 

"Bir aydan çoxdur ki, Ermənistanın Dilican vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində aktiv tikinti işləri aparılır. Yayılan məlumata əsasən, burada Rusiyanın yeni hərbi bazasının yerləşdirilməsi gözlənilir.
Məsələ ilə bağlı “Azatutyun” radiosu bildirir ki, hələ ötən ay hökumət “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilmə məntəqələri haqqında” protokola dəyişiklik edilməsinə başlayıb. Hökumətin saytında yerləşdirilən əsaslandırmaya görə, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirmə məntəqələrinin ünvanları dəyişdiriləcək. Politoloq Tural İsmayılov Xalqcəbhəsi.az-a deyib ki, Burada çox incə məqamlar var: "Rusiya hələ Sarkisyan hakimiyyəti dövründə Ermənistandakı hərbi mövcudluğunu genişləndirmək barədə razılığa gəlmişdi. Hədəf Gümrüdəki hərbi bazanı ana qərargah edib əsas istiqaməti Ermənistanın sərhəd bölgələrində olan yeni Rusiya alayı yaxud kazarmaları yaratmaq idi. Sarkisyan bu məsələdə ilkin razılıq da vermişdi. Sorosun Ermənistanda hakimiyyətə gəlməsi Rusiyanın planlarını bir qədər axsatdı. Amma Paşinyan forpost ölkəni heç bir zaman Rusiya mülkiyyətindən çıxara bilmədi. Və indi Paşinyan komandası özü Rusiyaya hərbi mövcudluğunu gücləndirməsi üçün bir növ yalvarır. Mənə elə gəlir ki, ilkin mərhələdə Berd ərazisində böyük sayda olmayan rus hərbçiləri yerləşəcək. Buraya Rusiya silahlı qüvvələrinin bir çox sahələr üzrə ixtisaslaşmış kadrlarının göndəriləcəyini də güman edirəm. Say tərkibi Gümrüdəki hərbi bazanın yarısı qədər ola bilər. Nəzərə alaq ki, Sürən Papikyan Azərbaycan qorxusundan uzun müddətdir Rusiyaya yalvarır ki, Gümrü bazası başqa şəhərə köçürülsün. Bu baxımdan bütövlükdə 102-ci hər hissənin bütövlükdə dislokasoya edilməsi ehtimalı da realdır. Situasiya həm də göstərir ki, Ermənistan delimitasiya prosesindən sonra öz təhlükəsizliyini qoruyacaq gücdə olmadığının fərqindədir. Nəticə Əlibəyli ilə sərhədi Rusiyaya təhvil verərək bir növ özünə qarantiya qazanmağa çalışır. Həm də daxili auditoriyada sərhədlərin daha təhlükəsiz və etibarlı "olmağı" haqqında təbliğat fonu da yaradır. Rusiya Ermənistan ərazisində genişlənmək bir neçə məqsədinə nail olur. Əvvəla, Ermənistan sərhədlərinə cavabdehlik daşıdığını həm Qərbə (Sorosa), həm də Azərbaycan və Türkiyəyə "nümayiş etdirir". İkincisi, Rusiya Ukrayna savaşı fonunda əlinin altında ölkələrdə daha geniş areallara yayılmaqla manevr imkanları qazanmağa cəhd edir. Bu gün Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri də yüksələn xətlə inkişaf etdiyi üçün Berddəki mövcudluğunun bizə hansısa bir təhdid yaradacağını güman etmirəm. Müvəqqəti olaraq rus sülhməramlıları Qarabağın kiçik hissəsində yerləşdiyi üçün və Rusiya rəsmilərinin Azərbaycana sıx səfərlərini nəzərə alanda hansısa yeni bir diplomatik gərginlik ocağının yaranacağını güman etmirəm".