• 20 Aprel 2024
logo
"Şəhid ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunması mühüm əhəmiyyət kəsb edir"

"Şəhid ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunması mühüm əhəmiyyət kəsb edir" - İlyas Hüseynov 

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ. Hüseynov bildirib ki, şəffaqlıq prinsiplərini üstün tutan Fonda 23 iyun 2022-ci il tarixinədək Fondun hesabına 73 781 435.79 vəsait mədaxil olub: "Qeyd edək ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848 olmuşdur.
Xüsusilə vurğulamaq lazımdır ki, fondun fəaliyyət istiqamətləri üzrə 61 114 757.86 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 12 666 677.93 AZN təşkil edir. Xərclənən vəsaitdən:
• Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 36 892 200.00 AZN
• Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 546 346.40 AZN
• İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 336 540.51 AZN
• Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 17 339 670.95 AZN
Mühüm məqam bundan ibarətdir ki, Fondun hesabatlılığı daim diqqət mərkəzindədir və görülən işlər haqqında müfəssəl və detallı məlumatlar paylaşılır. Xüsusilə vurğulamaq lazımdır ki, şəhid ailələrin, qazilər və müharibə iştirakçılarının dövlətin diqqət və qayğısı ilə əhatə olunması mühüm əhəmiyyət kəsb edir. Fondun həyata keçirdiyi müxləlif layihələr və təşəbbüslər ictimai rəyə müsbət təsir göstərir və dəstəklənir".

Əli Zülfüqaroğlu