• 27 İyun 2022
logo
“Sanki cənab Prezident bir qohumunu görmüş kimi mutlu oldu...”

“Sanki cənab Prezident bir qohumunu görmüş kimi mutlu oldu...”

Hulusi Kılıç: “Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq!”

Diplomatdan Türkiyənin əleyhdarlarına çağırış: “Türkiyənin dostluğu çox dəyərlidir, dost olsunlar, düşmənçiliyindən qorxsunlar”

Türkiyənin Azərbaycandakı sabiq səfiri, dəyərli diplomat, Azərbaycanı özünün ikinci vətəni olaraq sevən, dəyərləndirən və can Azərbaycana xidmətindn zövq alan aldığını hər vədə dilə gətirən Hulusi Kılıçla səfərini başa vurub, geri dönən ərəfədə görüşdük. Diplomatla söhbətimizi təqdim edirik:

- Hulusi bəy, Azərbaycanda, öz vətəninizdə sizi görmək hər zaman xoşdur. Budəfəki səfərinizdə dopdolu bir proqram oldu. Budəfəki səfər təəssüratlarınız necədir?

- Budəfəki səfərim zamanı keçirilən “Texnofest“ gerçəkdən Azərbaycanımız üçün önəmli bir tədbir idi. Beşinci ilini Azərbaycanda keçirdi və Türkiyədə keçirilmiş kimi keçirildi. “Texnofest”i Türkiyədən gəlmiş 400 nəfər ziyarət etdi. Bu tədbirin önəmi nədən önəmli? Azərbaycandakı gənclər arasında çoxlu sayda istedadlar var. Selcuk Bayraqdar kimi bir alim, insan “Texnofest” günlərində burda oldu, hər kəslə görüşdü, şəkil çəkdirdi. Həmçinin Nobel ödülünü qazanmış Türk elm adamı Əziz Sancar...Bunlar azərbaycanlı gənclər üçün bir nümunə idi. Cənab Prezidentin, Cumhurbaşqanımızın çıxışları çox mühüm idi. Ayrıca Birinci vitse-prezidentin də Cumhurbaşqanımızın həyat yoldaşı hörmətli Əminə Ərdoğanla əl-ələ tutub səhnəyə çıxması çox gözəl oldu. Rizədə iki Cumhurbaşqanın əl-ələ tutub, səhnəyə çıxmaları bölgəmiz və dünya üçün, Türkiyə və Azərbaycan xalqı üçün çox gözəl mesajlardır. Xalqlarımız bunu çox böyük təqdirlə, sevgi ilə qarşıladı. Yəni onların əl-ələ tutması demək. Birliyimizi, gücümüzü birləşdiririk, anlamındadır bu. Gücümüzün birliyimizdə olduğu mesajını verirlər.

“Texnofest” gerçəkdən bir türk markasıdır. Selcuq Bayraqdarın özünün və ailəsinin reallaşdırdığı bir fəaliyyətdir və insanlar son dərəcə məmnun qaldılar. Cumhurbaşqanımızın Azərbaycanımızın Müstəqillik günündə Bakıya gəlməsi Müstəqillik gününə daha fərqli bir anlam verdi, bu günün önəmini daha da artırdı.

-Həm də Nuru paşa və Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 104-cü ildönümündə...

- Bəli. Çox önəmliydi. Üstəlik, keçmişin dəyərlərinə sahib çıxmaq da çox böyük önəm kəsb edirdi. Azərbaycan 1991-ci ildə deyil, dövlət olaraq 1918-ci ilin 28 Mayında quruldu. Prezidentlərimizin həmin gün bərabər olmasını hər kəs gördü. Həmin günə verilən böyük önəmin nəticəsiydi.

- Və o gün siz Azərbaycan Prezidenti ilə görüşdünüz. Təəssüratlarınız maraqlıdır...

- Mən çox gözəl duyğular yaşadım. Sanki cənab Prezident bir qohumunu görmüş kimi mutlu oldu və məni televiziyalarda gördüyünü söylədi. Həmçinin Birinci vitse-prezident, hörmətli Mehriban xanımın isti yanaşması məni çox mutlu etdi. Nə etdimsə, etdiklərimin təqib edilmiş olması burda mənim gücümü, həyəcanımı artırdı. Yəni heç bir şey boşa getməyib. Çıxışlarım televiziyadan izlənib. Mən cənab Prezidentə və Birinci vitse-prezidentə mənə göstərdikləri sevgi və şəfqət üçün ayrıca təşəkkür edirəm.

- Xatırlatmaq yerinə düşər, siz ilk xarici ölkə diplomatı olmusunuz ki, Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılmısınız...

- Bəli, elədir. O da ayrı bir gözəl hadisədir. Mən ilk “Dostluq” ordeni alan səfir oldum. Onu da hər zaman köksümdə daşıyıram, heç vaxt əksik etmirəm və o günü heç unutmuram. 13 sentyabr 2012-ci ildə, sağollaşma zamanı cənab Prezidentə dedim ki, mən vətənə qulluğa, xidmətə gəlmişdim, həyatımın bundan sonrakı hissəsini Azərbaycanın bir vətəndaşı, bir nümayəndəsi kimi işləməyə davam edəcəyəm. O da mənə “bura sizin öz vətəninizdir, Azərbaycanı nə qədər sevdiyinizi mən bilirəm. Cəmiyyətdə də çox önəmli yeriniz olub. Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox böyük qatqılarınız oldu”-söylədi. Artıq mənim verdiyim söz deyil, üstündən on il keçib. Bu müddətdə Moldovada səfir oldum. Amma orda Azərbaycanın ikinci səfiri kimi işləməyə davam etdim. Buraya yazılar yazdım, televiziyalara çıxdım. 44 günlük savaş dövründə yazdığım yazıların toplandığı kitabı da cənab Prezidentə hədiyyə etdim. Kitabın satışından əldə etdiyimiz gəliri YAŞAT Fondunun hesabına köçürdüm. Burdan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevaya təşəkkür edirəm. Ankaradakı səfirimiz Rəşad bəyə, Aygün xanıma, Səlcuq bəyə təşəkkür edirəm, kitabın təqdimat günlərinin keçirilməsində dəstək verdilər. Satışından əldə olunan paraların hamısı şəhidlər və qazi ailələrimiz üçün yaradılan hesaba köçürüldü.

28_69.jpg (75 KB)

-Bakı bu günlərdə daha bir mühüm tədbirə evsahibliyi etdi: ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konfransında siz də iştirakçı oldunuz. Bu barədə nə deyə bilərsiniz?

- ADA Universitetində keçirilən möhtəşəm tədbirə mən də dəvətliydim. Mənə görə, ADA Universiteti bu bölgənin ən yaxşı ali təhsil ocağıdır. Səfir, rektor Hafiz Paşayevə də təşəkkür edirəm. O, bizim üçün böyük bir dəyərdir, Allah onu başımızdan əskik etməsin! Özü ilə görüşdüm, mənə də çox böyük sevgi göstərdi, sağ olsun. O tədbir çox önəmli idi. Hər sahədə əlaqələrimizi inkişaf etdirdik, siyasi, iqtisadi, mədəni, idman sahələrində. İndi isə akademik səviyyədə əlaqələrimizi daha irəli aparırıq. Türkiyədən 44 universitetin rektoru gəlmişdi. 44 günə 44 rektor...Amma nümayəndə heyətləri, bələdiyyə başqanlar, millət vəkilləri vardı. İlk dəfə Azərbaycana gələnlər çox təəccübləndilər. Ölkənin bu qədər inkişafına...”Nə qədər təmiz bir şəhərdir” deyirdilər. Çoxu belə söylədi. Mən onlarla danışarkən çox böyük bir zövqlə, mənim öz şəhərim haqqında danışırmış kimiydim. Ona görə də böyük mutluluqla Ankaraya gedirəm. Təbii ki, geri dönmək üçün gedirəm. Getməmiz lazımdır artıq...

- Ankara, Türkiyə də sizdən inciməsin...

- (Gülür) Bəli. Onlar da darıxır. Burdakılar da darıxır, ordakılar da. Ona görə də gah ora gedirəm, gah da Azərbaycana dönürəm. (gülür) Allah mənə bu sevgini vermiş, bir millətə xidmət etmək şansı vermiş.

- Siz həm də yekdilliklə “İMZA”nın Türkiyə rəhbəri seçilmisiniz. Bu sahədə hansı işləriniz var?

- Bəli. Orda da çox gözəl işlər görəcəyik. Həyatımın sonuna qədər millətimə qulluq edəcəyəm, böyük əzmlə, zövqlə. İnşallah başqa fürsətlər də gələcək. Mənə görə, Azərbaycanın ən böyük tanıtımı nə oldu, bilirsinizmi? Bu, Qarabağ Zəfərini qazanmağımız oldu. Azərbaycanı tanıtmaq üçün milyonlarla dollar xərclənsəydi, bu qədər tanıtmaq mümkün olmazdı. Dünya gücümüzü gördü, cənab Prezidentin liderliyini gördü. Birinci vitse-prezidentin ona verdiyi dəstəyə şahidlik etdi. Həmçinin bütün dünya ordumuzun gücünü gördü. Bunu pulla etmək mümkün deyil, zatən.

- Həm də Türkiyə-Azərbaycan qardaşlığının nə qədər üst səviyyəyə qalxmasına bir daha şahidlik etdi bütün dünya, elə deyilmi?

- Təbii ki. Mən televiziyalarda bunu söyləmişəm bir neçə dəfə: “Bizim olan sizin, sizin olan bizimdir”. Bundan sonra şüarımız bu olmalıdır.

- Ya da “Siz bizsiniz, biz sizik”.

- Bəli. Necə istərsinizsə, elə də olsun!

- Türkiyənin də bütün dünyada lider dövlət olaraq irəli çıxması, söz sahiblərindən biri olması bizi eyni şəkildə qürurlandırır. Suriya ərazisində irimiqyaslı antiterror əməliyyatına hazırlıqlar bəzi çevrələri rahatsız edib. Qarşıdakı dönəm üçün təcrübəli diplomat olaraq nələr gözləyirsiniz?

- Təbii ki, Türkiyə Suriyanın torpaq bütünlüyünü tanıyan bir ölkədir. Amma Suriyadan Türkiyə əleyhinə terrorçu fəaliyyətlər olur. Rusiya ilə ABŞ-la belə bir anlaşma var: terrorçu qrupları Türkiyə sərhədindən 30 km geri çəkəcəklər. Zatən, dörd əməliyyat həyata keçirildi, bəzi bölgələrə Türkiyə nəzarət edir və oralar terrorçulardan təmizləndi. Amma rusların və amerikalıların nəzarət etdiyi bölgədən terrorçular Türkiyəyə keçirlər. Biz də onlara deyirik ki, o zaman siz bu işi görə bilmirsiniz, biz edəcəyik. Çünki bizim sivil hədəflərimizə zərər vurulur, bu isə nə Rusiya, nə Amerikanı narahat etmir. Odur ki, bu hədəfimizə də çatacağıq.

- Son günlər Rusiyadan qıcıqlı reaksiyalar eşitdik. İndiki halında Rusiya bu əməliyyatları durdura bilərmi?

- Öncə Lavrov dedi ki, biz PKK ilə mücadilədə Türkiyəni dəstəkləyirik. Sonra Rusiya XİN sözçüsündən bir çatlaq səs gəldi. Amma Türkiyə bundan kimsəni dinləməyəcək, çünki zərər görür terrorçuların fəaliyyətindən. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə Türkiyə bu addımları atmaq hüququna malikdir.

- Həm də Türkiyədə 5 milyonluq qaçqın ordusu var və onları sonsuzadək yaşatmaq asan deyil, evlərinə dönmələrini təmin etmək gərəkdir,elə deyilmi?

- Təbii. Daha çoxdur. Elə 4 milyona yaxın suriyalı var. Onların pulunu bir xərcləyirik, bütün təminatını biz həyata keçiririk. Bu günə qədər xərclədiyimiz paranın həddi-hesabı yoxdur. Bəzi kiçik ölkələr var ki, onların illik büdcəsi qədər vəsait xərclədik.

- NATO bəzi ölkələri öz ağuşuna almaq üçün hətta Türkiyə kimi nəhəng gücə sahib üzvü ilə də gərginliyə meyilli görünür. Bu işin sonucu necə olacaq?

- Sonu...Türkiyə güclü, qərarlı bir ölkədir. Ona görə də Türkiyə ilə dost olsunlar. Türkiyənin dostluğu çox dəyərlidir, dost olsunlar, düşmənçiliyindən qorxsunlar. Bunu bilsinlər sadəcə. Dostluğumuz çox qiymətlidir, dost olsunlar. Amma düşmən olsalar, onun da cəzasını çəkərlər.

- Hulusi bəy, Ermənistan da hələ ki, geniş ortamda dostluq-normla qonşuluq yolunu tutmağa maraqlı görünmür. Bəs, buradan ermənilərə nə demək istərdiniz?

- Ermənistanın bu münasibətlərdən nə qədər zərər gördüyünü bilirik. 1991-ci ildə müstəqil olan zaman 3,5 milyon olan Ermənistan bu gün 7 mil olmalı idi. Amma 2 milyondan aşağıdır. Nəyə görə? Bizə, Azərbayanımıza və Türkiyəyə düşmənçilik etdiyinə görə bu günə düşdü. Halbuki, normal dövlət olsa, bu vəziyyətlə üzləşməzdi. Kilsənin və diasporanın təsiri altında olduğu üçün Ermənistan bu hala düşdü. İnsanlar çox pis vəziyyətdədir. Biz xalqlara, insanlara düşmən deyilik, Cumhurbaşqanımız da dəfələrlə söylədi. Amma bacarıqsız, uğursuz siyasətçilər xalqını pərişan edir. Ona görə də bizim dostluğumuza dəyər versinlər, uzatdığımız əli sıxsın Ermənistan. Çünki biz bu əldə onlara çörək veririk, çörək. Bu əli sıxsın, hətta öpsün deyirəm mən. Biz əlaqələri normallaşdırmaq istəyirik. Amma əvvəlcə Azərbaycanla sülh anlaşmasının imzalanması lazımdır. Ermənistan Azərbaycanımızın torpaq bütünlüyünü tanırıqsa, biz də onun ərazi bütövlüyünü tanımarıq, zatən Ermənistan süni bir dövlətdir.

- Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var, həmçinin Ermənistanın dövlət gerbində Ağrı dağının əksi. Bu məsələlər qəti şəkildə masaya qoyula bilərmi?

- Təbii. Amma ermənilərin ərazi iddiaları boş şeylərdir. Hər halda bütün bunlar aradan qaldırılacaq. Qonşu qonşunun malına göz dikməz, doğru-dürüst olar.

- Ermənistanda keçirilən aksiyalarda “Türksüz Ermənistan” bağırırlar...

- Zatən, türksüzdür Ermənistan, bir nəfər də türk yoxdur. Türkiyədəki leqal ermənilərin sayı isə 100 minin üstündədir. Onda biz də başlayaq ki, “Ermənisiz Türkiyə”, yaxud “Ermənisiz Azərbaycan?!” Bu şüar onların xəstəliyini göstərir. Xəstə ruhlu bir toplumdur. Ölkəni bu hala gətirdilər.

- Müalicəsini necə görürsünüz?

- Allaha buraxaq.(gülür) Biz dostluq üçün varıq. Gənclərin beynini nifrətlə yükləməsinlər.

- Zəngəzur dəhlizi ilə bağlı gözlənti necədir?

- Üçlü bəyanatda da var. Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq! Başqa yol yoxdur. Zatən, Zəngəzur 1921-ci ilədək Azərbaycan torpağı idi, hədiyyə edildi Ermənistana. Ermənistan düşünsün və ağlını başına yığsın!