• 27 İyun 2022
logo
“Moskva özünə qarşı radikal mövqe tutan dövlətlərə qarşı manipulyasiya edəcək”

“Moskva özünə qarşı radikal mövqe tutan dövlətlərə qarşı manipulyasiya edəcək”

Züriyyə Qarayeva: “Adekvat tədbirlər görülməzsə, dünyanı yaxın gələcəkdə ciddi ərzaq böhranı bürüyə bilər”

Dünyada gərgin siyasi, hərbi, iqtisdi atmosfer davam edir. Bu da ciddi problemlərə yol açır. Bir sıra ölkələrdə artıq ərzaq qıtlığı yaşanır. Bəzi Avropa ölkələrində taxıl ehtiyatları tükənmək üzrədir. Eyni zamanda müxtəlif bölgələrdə də gərginliklər yaradılır. Buna misal olaraq Yunanıstanın Tyrükiyəyə qarşı təhrik edildiyini misal göstərmək olar.
Rusiya-Ukrayna savaşı fonunda Avropa və dünyanı gözləyən iqtisadi-siyasi çətinliklər və bölgədə baş verən proseslərlə bağlı politoloq Züriyyə Qarayeva ilə söhbətləşdik. Z.Qarayev “Xalq Cəbhəsi”nə müsahibəsində suallarımıza aydınlıq gətirməyə çalışdı.
-Əlbəttə ki, Rusiya-Ukrayna savaşı nəticəsində regionu və dünyanı iqtisadi-siyasi çətinliklər gözləyir. Bu çətinliklər başlıca olaraq enerji problemi ilə bağlıdır. Avropanın 80 faizi, xüsusən Almaniya kimi ölkə Rusiya neft və qazından aslı vəziyyətdədir. Bu mənada hazırda Avropa İttifaqı tərəfindən qəbul oluan 6-cı sanksiya paketi də bu aslılığın 20 faiz endirilməsini nəzərdə tutur. Məsələnin mahiyyəti bundan ibarətdir ki, hələ bunları icra etmək mümkün olmayıb. Çünki, Rusiyanın mövcud kəmərləri və hazırda heç bir bloka qoyulmayan ixrac bu ölkəyə milyardlarla dollar qazandırmaqdadır. Böhran enerji, ərzaq, xidmət, təchizat, zəruri istehlak məhsullarının qiymətlərinə təsir edir. Nəticədə Rusiya-Ukrayna savaşı fonunda Ukrayna tərəfdə yer alan dövlətlərdə münasibət dəyişikliyi yaranıb. Bəzi dövlətlər siyasi mövqelərində korrektələr etməyə qərar veriblər. Siyasi çətinlik isə ondan ibarətdir ki, mövcud münaqişə beynəlxalq səviyyədə xaosun yaranmasına, daxili hakimiyyətlərin böhrana məruz qalmasına, dayanıqlığı zəif olan ölkələrdə ciddi siyasi çalxantıların ortaya çıxmasına və ya güclənməsinə, eyni zamanda ittifaqlaşma tendensiyasının dərinləşməsinə səbəb olur.
-Rusiyanın Ukrayna limanlarını nəzarətə götürmək səbəbindən Avropada taxıl qıtlığı yaranıb. Bu, yaxın perspektiv üçün Avropada və digər ölkələrəd hansı ptroblemlərə yol aça bilər?
-Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsi yaradır. Avropada taxıl qıtlığı artıq yaranıb. Hazırda 25 milyon ton taxıl Ukrayna limanlarında qalıb ki, bu hal Avropa ölkələrinin 70-80 faizini əhatə edəcək. Burada Türkiyənin Rusiyaya təsir imkanları gündəmə gəlir. Limanların təhlükəsizliyinə təminat verilərsə, taxıl blokları ünvanlara çatdırıla bilər. Lakin indiki halda bunun nə dərəcədə mümkün olduğunu demək çətindir. Hərbi məğlubiyyətlə qarşı-qarşıya olan Rusiyanın bu faktordan istifadə edəcəyi qaçılmazdır. Mənə elə gəlir ki, bu ərzaq böhranı amilindən istiafdə edərək, Moskva özünə qarşı radikal mövqe tutan dövlətlərə qarşı manipulyasiya edəcək. Dünyanın əsas taxıl ixracatçısı olan Hindistanın prosesi dayandırması fonunda ABŞ-ın Avropanı taxılla təchiz etmə imkanı bloklanmış olur. Bu baxımdan adekvat tədbirlər görülməzsə, dünyanı yaxın gələcəkdə ciddi ərzaq böhranı bürüyə bilər. Artıq bunun işartıları görünür. Belə ki, hazırda ərzaq qiymətləri müşahidə altında olan son 32 ilin ən pik səviyyəsinə çatıb - təkcə mart ayında 13%, marta qədərsə il ərzində 33% artım olub.
-Türkiyə yüksələn gücdür. Suriyada hərbi əməliyyatlara start verilib. Bölgədə terror ünsürlərini hansı aqibət gözləyir?
-Türkiyənin Suriyada əməliyyatlara start verməsi NATO-Türkiyə əlaqələrinin doğurduğu nəticədir. Rusiya ilə qonşu olan Finlandiya və İsveçin alyansa üzvlüyünə Ankaranın veto qoyması Moskva üçün ciddi qazanc deməkdir. Əks təqdirdə Rusiya ilə NATO sərhədi 2 dəfə artmış olar. Bu dividientin qarşılığında Rusiyanın Türkiyə üçün Suriyada hava məkanını açması kifayət qədər gözlənilən haldır. Bu hal ABŞ və İranı xüsusilə qıcıqlandırır. Düşünürəm ki, ABŞ-ın layihəsi olan PYD, YPG-nin Türkiyənin cənubu və şərqi boyunca təşkilatlanması Türkiyənin milli və təhlükəsizlik maraqlarına qətiyyən uyğun deyil. Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının istismarı ilə bağlı Türkiyəyə qarşı böyük cəbhənin yaranmasına rəğmən, bu dövlət hansı prinsipiallığı ortaya qoyduğu kimi, adekvat reaksiyanı bugün də nümayiş etdirir. Şoyqunun və Lavrovun Türkiyəyə səfərləri də məhz bu parametrlərin müzakirəsini ehtiva edir.
-Bəllidir ki, ABŞ öz layihəsi olan PYD və YPG-nin aqibətindən narahatdır. Bu səbəbdən də Türkiyənin hərbi əməliyyatlarına qarşıdır. Belə olduğu halda Türkiyə-ABŞ münasibətlərində hansı problemlər yaşana bilər?
-Türkiyənin regional müstəvidə artan nüfuzu, beynəlxalq müstəvidə artan geostrateji mövqeyi ABŞ-ı ciddi narahat edir. Bu minvalla ABŞ- Türkiyə münaisbətlərində yəqin ki, bundan sonra gərginlik yaşana bilər. Xüsusən Yunanıstan məsələsi bu perspektivdən xəbər verir. Finlandiya və İsveçə qarşı veto qoyulması, Suriyada Amerikanın təşkilatlandırdığı terrorçuların təmizlənməsi, Rusiya ilə mövcud uzlaşma da bunun göstəricisidir. Türkiyənin maliyyə bazarına, silah satışına müəyyən kiçik sanksiyalar ola bilər. 2023-cü ildə baş tutacaq seçkidə Ərdoğanın qalibiyyətinin qarşısını almaq üçün də ABŞ mərkəzli provakasiyaların şahidi ola bilərik.
-Türkiyə və Azərbaycan bölgədə güc mərkəzinə çevrilib. Bu proseslər fonunda Ermənistanın bundan sonrakı mövqeyi necə olacaq? Qeyri-konstruktiv və təxribatçı mövqe Ermənistan üçün hansı nəticələrə səbəb ola bilər?
-Qeyri sabitlik, qeyri-müəyyənlik Ermənistanın hazırki vəziyyəti kimi diplomatiyası üçün də xarakterikdir. Brüssel görüşünün gündəliyinə çıxarılan sülh şərtlərinin icrasından yayınmaq üçün Paşinyan hökuməti təxribatlara davam edir. Rəsmi Bakının sülh üçün təklif etdiyi 5 şərtin ermənisayağı şərhi, üstəlik Sərhəd Delimitasiyası Komissiyasına dair açıqlamalar da İrəvanın sabotajçı ritorikasının sübutudur. Azərbaycanın isə alternativ variantı Ermənistanın cəzalandırılması ola bilər. Burda Azərbaycan prezidentinin dediyi fikir əsas səciyyə daşıyır. Ermənistanın 10 noyabr bəyannaməsinə əməl etmədiyi təqdirdə ölkəmiz qarşı tərəfin ərazi bütövlüyünü tanımaqdan imtina edə bilər. Ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək Ermənistan ərazisində əməliyyatlar icra edərək Zəngəzur dəhlizini öz təşəbbüsü ilə reallığa çevirəcək. Həmçinin, bu qeyri-konstruktiv riyakar mövqe Ermənistan üçün hökumət böhranı, vətəndaş müharibəsi yarada bilər. Türkiyənin təzyiq imkanları o ölkə üzərində artacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistanın bundan sonrakı mövqeyi Paşinyanın Brüsseldə götürdüyü öhdəliklərin icrasından keçir. Lakin daxili müxalifət və radikalların gücü Paşinyan üzərində güclü təsirə malik olduğundan hər dəfə Brüssel danışıqlarının nəticələri sabotaj olunur. Ancaq buna baxmayaraq, proseslərin gedişi müsbət sonluq barədə də ümidləri öldürmür.

Əli Zülfüqaroğlu