• 25 Aprel 2024
logo
Yaradılan tarixin “və”ləri...

Yaradılan tarixin “və”ləri...

Yaxud məddahlığın “Müsavat nümunəsi”

Arif Hacılının müavini Razim Əmiraslanlının onun ünvanına səsləndirdiyi və yaltaqlığın son həddi sayıla biləcək ifadələrin yer aldığı videogötörüntünü izlədikdən sonra klassik ədəbiyyatımıza, mədhiyyə məzmunlu qəsidə nümunələrinə nəzər saldım. Yetmədi, xilafət və Osmanlı dövründə ərəb məddahlarının yazdığı tərifnamələrə üz tutdum, amma Müsavat başqanının "hüsnü-kamalı"nın vəsfinin yanından keçə biləcək bir beytə də rast gəlmədim. Hətta Xaqani Şirvaninin aşırı məddahlığına görə həcv yazdığı Ünsurinin mübaliğəli deyimlərinin də Əmiraslanlının üfürülməkdən yan-yörəsini köpük tutan sözlərinin yanında aciz qaldığına əmin oldum. Başqanını mədh edən Razim deyir ki, Arif Hacılının yubileyi böyük saraylarda qeyd olunmalıdır. Sitat: "Arif Hacılı xalqımızın yetişdiridiyi ən böyük şəxsiyyətlərdən biri olmaqla bərabər, əməliyla... tarix yaradan şəxsiyyətlərdəndir. Siz böyük şəxsiyyətsiniz. Sizin haqqınızda danışmağın özü böyük bir məsuliyyətdir. Bu, mənim üçün nə qədər şərəfli olsa da, bir o qədər də böyük məsuliyyətdir..." Razim Əmiraslanlı bütün bu mədhiyyə nümunələrini Arif Hacılının iştirak etdiyi məclisdə dilə gətirir və "başqan"ın sürəkli alqışlarıyla mükafatlandırılır. Yəni onun əttökən yaltaqlığı başqan tərəfindən də təqdir olunur. Razim mədhləriylə yay kimi gərildikcə, onun sözləri başqanının ürəyinə yağ kimi yayılır... ...Əgər bu klassik məddahlıq nümunəsi öz həyatını yaşayan, başqalarının həyatını və fəaliyyətini təftiş etməyən, "siyasi əxlaq polisi" təyinatına iddiası olamayan, başqalarını yeri gəldi-gəlmədi "yaltaqlıqda", "məddahlıqda" ittiham etməyən hər hansı bir Azərbaycan vətəndaşının ünvanına səslənsəydi, o zaman baş verənlərə məhəl qoymadan sıradanbir olay kimi qəbul edərdim. Amma Arif Hacılı və yandaşları illərdir ki, hətta obyektiv reallıqları heç bir mübaliğəyə yol vermədən dilə gətirən insanları da "məddah", "yaltaq" deyə "yaylım atəşinə" tutur, onları aşağılamaqdan, sosial şəbəkələrdə təhqir və linç etməkdən çəkinmirlər. Razimin məddahlığını alqışlayan Arif Hacılının davranışlarından bəlli olur ki, o, ünvanına səslənən bütün gəlişigözəl epitetləri haqq etdiyini düşünür. Məsələn, özünü "Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri" hesab edir. Qeyd edim ki, Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər eyni fikirləri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin ünvanına da səsləndirirlər. O zaman ortalığa olduqca təbii bir sual çıxır: Əgər Cümhuriyyəti elan edən və hər cür asılılığa, boyunduruğa qarşı çıxan, işğala, ilhaqa müqavimət göstərən Məhəmməd Əmin Rəsulzadə, Əli Bəy Hüseynzadə, Əlimərdan Bəy Topçuvaşov, Nəsib Bəy Yusifbəyli və adlarını sadalamadığım digər aydınlarımız, dövlət adamlarımız Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlər hesab olunurlarsa, o zaman Arif Hacılı kimdir? Yox əgər Azərbaycan parlamentində hakimiyyətə gəlişlərinin 9 dövlətlə razılaşdırıldığından bəh-bəhlə danışan, öz xalqının yox, həmin 9 dövlətin siyasi iradəsinə söykənərək hakimiyyətə sahiblənməyi böyük uğur hesab edən Arif Hacılı Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxisyyətlərdən biridirsə, o zaman haqlarında söz açdığım və açmadığım dövlət quran, dövlət qoruyan, qılınc çalan, zəfər qazanan böyük sərkərdələrin, dövlət xadimlərinin, bütövlükdə kölgəsinin köşəsi minlərlə Arif Hacılıdan böyük olan azərbaycanlıların ismini hansı siyahıya yazaq? ...Maraqlıdır, Arif Hacılı hansı tarixi yaradıb? Heç tarixin özü də Arif Hacılını yaratmayıb. Şübhə etmirəm ki, tarix insan kimi dil açıb danışa bilsəydi, dizini yerə atıb "vallah, billah, mənim Arif Hacılıdan xəbəri yoxdur" deyərdi. Azərbaycanın siyasi tarixinin önəmli bir parçası olan və bəzilərinin kölgəsində gizlənmək üçün sahibləndikləri Müsavat partiyasının adının, ideoloji prinsiplərinin yıpranması, dəyərdən salınması üçün mümkün olan bütün oyunlardan keçən insanların əməllərinin, həmçinin Arif Hacılı və digərlərinin uğursuzluqlarının məsuliyyətini tarix niyə öz üzərinə götürsün ki? Arif Hacılı kimilərin "yaratdıqları" olsa-olsa "Demkonqres", "SİDSUH", "DUB" və bu kimi adları ömürlərindən uzun uğursuz "ittifaqlar" ola bilər. Və təbii ki, ölkədə sivil, etimadlı siyasi münasibətlərin inkişafına, siyasi mədəniyyətin formalaşmasına kiçik, bəsit iddiaları və kluar oyunlarıyla yaratdıqları əngəllər... Bu adamlar bütün ömürləri boyu pərdəarxası beyət etdikləri boz-qara kölgələrin "ayaqları" altında olublar - əyləc kimi... Tarix isə inkişafı, dinamikanı sevir, daim hərəkətdə, inkişafdadır. Tarixi onun sürətini önləyənlər, öz xalqının sabahına, dövlətinin gələcəyinə işıq salmağı bacaranlar yarada bilər! Tarixi yaradan yaradıb, yazan da yazıb. Və bu yazının "və" hissəsindən adı keçənlərin nə bu günümüz, nə də gələcəyimiz üçün heç bir önəmi yoxdur. Elçin Mirzəbəyli