• 20 Yanvar 2022
logo
Səfir: “Danimarka Azərbaycanla daha sıx iş birliyi yaratmaq niyyətindədir”

Səfir: “Danimarka Azərbaycanla daha sıx iş birliyi yaratmaq niyyətindədir”

Dekabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan Əhliman Əmiraslanov Azərbaycan və Danimarka Krallığı arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən danışıb, iki ölkə arasında münasibətləri genişləndirmək üçün böyük potensialın olduğunu deyib. Əhliman Əmiraslanov diplomatın Ağdama səfərini yüksək qiymətləndirib.
Sonra komitə sədri qonaqlara Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Səhiyyə komitəsi digər komitələrlə müqayisədə yeni komitədir və artıq on ilə yaxındır ki, müstəqil komitə kimi Milli Məclisdə fəaliyyət göstərir. Bu dövr ərzində komitənin xətti ilə 20-dən çox yeni qanun qəbul olunub, yüzlərlə qanun layihələrinə dəyişikliklər edilib. Bildirilib ki, Səhiyyə komitəsi sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji sağlamlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, həmçinin ölkədə səhiyyə üzrə aktual mövzularda dinləmələr keçirir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Danimarka Krallığının ölkəmizdəki səfiri Denni Annan Azərbaycan və Danimarka arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi perspektivlərini yüksək qiymətləndirib. Bildirib ki, bir çox Danimarka şirkətləri Azərbaycanda fəaliyyət göstərir. İki ölkə arasında mövcud olan parlamentlərarası əlaqələrdən söz açan diplomat bu əlaqələrin gələcək inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Denni Annan Ağdama səfəri barədə danışarkən bildirib ki, azad olunmuş ərazilərdə yenidənqurma işləri, xüsusən də ağıllı və dayanıqlı şəhərin yaradılması istiqamətində aparılan işlərlə tanış olub. Diplomat ölkəsinin Azərbaycanla daha sıx iş birliyi yaradılması niyyətində olduğunu diqqətə çatdırıb.
Sonra görüşdə iştirak edən Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen bildirib ki, bu şirkət Azərbaycanda 1990-cı illərdən fəaliyyət göstərir.
Görüşdə Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarka Krallığının ölkəmizdəki Fəxri konsulu Arnoud Qovart və digər rəsmi şəxslər iştirak ediblər.