• 8 Dekabr 2021
logo
"Süni yollarla “istixanalarda” yetişməmişəm"

"Süni yollarla “istixanalarda” yetişməmişəm"

"Əgər mən hobbi kimi məşğul olduğum bir sahəyə peşəkar yanaşıramsa, bunu mənə “irad” bildirmək, yaxud məni “iynələmək” üçün vasitə kimi qəbul etmək lazım deyil"

"internet və sosial şəbəkə “bumu” artıq özünü şəxsiyyət kimi qoruyub saxlamaq istəyən, virtual tamın zombiləşmiş zərrəsinə çevrilməyi arzulamayan insanları yorub və qəzetə qayıtmaq baş verənlərə qarşı etirazın əsas elementlərindən biridir"

“Xalq cəbhəsi” qəzeti 20 ildir fəaliyyət göstərir. Özünəməxsusluğu ilə fərqlənən bu mətbu orqan illərin keşməkeşli hadisələrinə güzgü ola bilib.
Mətbu orqanın baş redaktoru Elçin Mirzəbəylidən kiçik müsahibə aldıq. Maraqlı cavablar verdi. Elçin bəyin rəhbərlik etdiyi qəzeti ilə birgə yaşadıqlarını tarix də təsdqiləyir. Tarixin bir parçasına çevrilmək uğura çatmağın əsas nəticələrindədir.
- Qəzet çıxarmaqla sayt idarə etmək arasında seçim qarşısında qalsaz hansını seçərsiniz?
- Əvvala, indiki şərtlər daxilində nə zamansa belə bir seçim qarşısında qalacağımı düşünmürəm. Amma məşhur bir aforizmdə qeyd olunduğu kimi “heç vaxt “heç vaxt” demə” tövsiyəsini də sualınızı cavablandırarkən nəzərə alıram və imperativ fikir bildirmək istəmirəm. Mənə görə, “Xalq cəbhəsi” qəzeti həyata keçirdiyi informasiya siyasətinə və daşıdığı missiyaya görə, kimin necə düşündüyünə, siyasi baxışları, qrup, yaxud korporativ maraqları çərçivəsindən yanaşdığına baxmayaraq, Azərbaycana lazımdır və bu illər ərzində bizim həyata keçirdiyimiz informasiya siyasətinin ayrı-ayrı komponentlərinin bəzi çap və onlayn mediasında yer aldığının şahidi olsaq da, bu prosesin kompleks və ardıcıl bir şəkildə yalnız “Xalq cəbhəsi” qəzetində gerçəkləşdiyini düşünürəm. Məsələn, biz əgər Güney Azərbaycan mövzusunda yazırıqsa, bunun yalnız siyasi tərəflərini qabartmırıq. Əslində siyasi tərəfi mümkün qədər az qabartmağa, mənəvi bağları möhkəmləndirən məqamlara diqqət çəkməyə çalışırıq. Güney Azərbaycan ədəbiyyatı, folkloru, toponimlərindən başlayaraq, tariximizə qədər bütün komponentləri əhatə edir, avantüra ilə yox, milli ruhun bütövlüyünün qorunub saxlanılması ilə məşğul oluruq. Məhz bu səbəbdən, seçim etməzdim və seçim qarşısında qalacağım təqdirdə mənə təqdim olunan alternativləri deyil, öz alternativimlə yola davam edərdim.
- "Xalq cəbhəsi" qəzeti hüquqi baxımdan müstəqil qəzetdir, yoxsa partiya orqanı hesab olunur?
- “Xalq cəbhəsi” qəzeti müstəqil hüquqi şəxsdir, partiya orqanı deyil. Amma biz redaksiyanın kollektivi olaraq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi platformasının cəmiyyətimiz üçün faydalı olduğunu düşünürük və doğru hesab etdiyimiz ideoloji platformanı dəstəkləyirik. Bundan da qürur duyuruq. Amma bu, bizim medianın klassik ənənələrinə əməl etməyimizə mane olmur. Aramızda BAXCP üzvü olanlar da var, rəhbərlikdə təmsil olunanlar da, başqa siyasi partiyaların üzvləri də… “Xalq cəbhəsi” qəzetini, həmçinin “Xalq cəbhəsi” media qrupuna daxil olan internet resurslarını – xalqcebhesi.az, baymedia.az, axctv.az – izləyənlər bu resurslarda ölkənin siyasi spektrinin əhəmiyyətli hissəsinin öz baxışlarını bölüşdüklərini görə bilərlər. Ölkənin siyasi spektrində islahatlara başlanıldığı gündən, bizim resurslarımız siyasi partiya rəhbərləri və funksionerlərinin fakir mübadiləsi, ən müxtəlif mövzuda müzakirə aparmaları üçün platformaya çevrilib. AXC.TV YouTube kanalını və eyni adlı saytı izləməyiniz yetərlidir ki, söylədiklərimin hər kəlməsi öz təsdiqini tapsın. Bizim adımız da, mövqeyimiz də üstümüzdədir. BAXCP-nin siyasi kursunu müdafiə edirik və bundan sonra da edəcəyik. Ölkədə yüzlərlə resurs var ki, özlərini “müstəqil media”nın təmsilçisi hesab edirlər, mustəqil-müstəqil pozlar verirlər, amma… amma… amma… Mənə sizin ünvanladığınız bu sualı çox veriblər və nədənsə hər dəfə bu sual qəzetin “ad günləri”ndə yada düşür. Eyham-filan vurmuram, açıq danışıram. Rupor.az da daxil olmaqla, ölkədə fəaliyyət göstərən bütün informasiya resursları nə qədər müstəqildirlərsə, biz də ən azı bir o qədər müstəqilik.
- AXC iddiasının gerçəkləşməsinə dəstək verən "Xalq Cəbhəsi" qəzeti bu adı elə təkcə qəzetinin adı kimi yaşada bildi.
- Əgər siz vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının parçalanması prosesini nəzərdə tutursunuzsa, yanılırsınız. Çünki hədəfimiz, ali məqsədimiz AXC abreviaturuna yiyələnmək yox, AXC ideyalarını ölkəmizin milli maraqlarının əleyhinə olan oyunların alver predmetinə çevriməsinə imkan verməmək və xalqımız üçün müqəddəs sayılan dəyərlərin qorunması olub. Bizim daşıdığımız, təbliğ etdiyimiz və tərəddüdə yol vermədən həyata keçirdiyimiz ideoloji prinsiplər – Türkçülük, Turançılıq, Bütöv Azərbaycançılıq – bu gün vaxtilə bizə şimaldan və cənubdan məsafədən və “nüfuz müvəkkilləri” vasitəsilə meydan oxuyan bütün saxta ideallara qalib gəlib. Təzahürlər ortalıqdadır, təfərrüatına varmayacağam. Bir zaman bizim tərəddüd etmədən, sapmadan, yayınmadan təbliğ etdiyimiz Türk Birliyi artıq gerçəkliyə çevrilib və bir zamanlar buna görə bizi küncə sıxışdıranların Azərbaycan-Türkiyə İttifaqından, Türk Dövlətlərinin birliyindən ağız dolusu danışdıqlarını görəndə sevinirəm. Onların arasında həqiqəti səmimi olaraq dərk edənlər də var, situasiyaya uyğun oynayanlar da. Əgər 100 nəfərin arasında 15-20 nəfər də səmimi şəkildə milli ideoloji platformaya üz tutublarsa, bunun özü də böyük uğurdur. Qeyd edim ki, Azərbaycan Milli Azadlıq Hərəkatının dalğasında yaranan Azərbaycan Xalq Cəbhəsinin adı yalnız həmin dövrdə bəzi müttəfiq respublikalarda və Varşava Müqaviləsi ölkələrində yaranan hərəkatlarla bağlı deyil. Bu ad Azərbaycan Xalq Cümhuriyyətini xatırlatdığı üçün ideya olaraq irəli sürülüb və qəbul olunub. Məhz bu səbəbdən, “Xalq cəbhəsi” qəzeti həm Cümhuriyyət ideyalarının təbliğini özünün əsas hədəfi hesab edir və bundan sonra da belə olacaq. Digər tərəfdən, biz bu adı təkcə qəzetin adı kimi yaşatmamışıq, həm də dəyər kimi qoruyub saxlamışıq. Bu həm də siyasi və mənəvi əxlaq nümunəsidir. Lakin bizim bu ideyanı ritorikaya çevirən bəzi emosional qruplardan, mövqeyini saniyəölçən kimi dəyişənlərdən bir fərqimiz var: Biz ideyanıarı bərkdən çığırmırıq, davamlı təbliğatımızla, konseptual yanaşmalarımızla qəbul edilməsinə çalışırıq və əksər hallarda tarixi şəraiti öncədən doğru müəyyənləşdirdiyimiz üçün buna nail oluruq. Bu baxımdan, mənəvi qazancımız çox böyükdür.
- "Xalq Cəbhəsi" qəzetinin neçə əməkdaşı var ?
- “Xalq cəbhəsi” qəzeti və bütövlükdə “Xalq cəbhəsi” media qrupuna daxil olan resursların əməkdaşlarının sayı bəzi gündəlik qəzetlərin, həmçinin xüsusi imtiyaza malik olan bəzi onlayn resurslar istisna olmaqla, əksər internet saytlarının əməkdaşlarının sayından daha çox və daha realdır. Çünki aralarında, 60-65 yaşdan sonra birdən-birə “jurnalist” olmaq həvəsinə düşən təqaüdçülər, “ölü canlar” yoxdur. Əməkdaşlarımızın imzasını hər kəs tanıyır və onların əhəmiyyətli hissəsi – 11 nəfər əmək müqaviləsi ilə qəzetdə çalışır, digərləri isə daxili xidməti müqavilə ilə media qrupumuzun ayrı-ayrı resursları ilə əməkdaşlıq edirlər. Resurslarımızda minimum əmək haqqı 500 AZN-dir. Əlavə olaraq, yalnız əməkdaşlarımız üçün qanorar da nəzərdə tutulub. Real fəaliyyət göstərən əməkdaşlarımıza real və leqal əməkhaqqı verir, sosial sığortalarını qarşılayır, vergimizi ödəyirik.
- Qəzetin üzləşdiyi ən ağır və ən gözəl anı hansı olub?
- Qəzetin kollektivi ilə birlikdə yaşadığımız bütün çətinliklər də həmrəyliyimizin, birliyimizin, dost, qardaş, bacı münasibətlərimizin ən gözəl anlarıdır.
- Məvacibin azlığına və hər hansı jurnalistika azadlığının boğulması hallarına etiraz edib sıralarınızı tərk edən əməkdaşlarınız olubmu?
- Daha yüksək məvacib təklifi aldıqlarına görə, olduqca böyük hörmətlə bizdən ayrılanlar olub. Hətta onlar da qəzeti çətin vəziyyətdə qoymamaq üçün yeni əməkdaşlar cəlb etdiyimiz günədək fəaliyyətlərini davam etdiriblər.
Jurnalsitika azadlığının boğulmasına görə deyil, fikir ayrılığı səbəbindən illər öncə bizdən ayrılan bir nəfər olub. Hətta onunla da çox yaxşı münasibətlərimiz bu günədək qorunur. Bizim redaksiya üçün keçmiş, bugünkü əməkdaş anlayışı yoxdur. “Xalq cəbhəsi” qəzetində ən müxtəlif vaxtlarda çalışan insanlara müraciət edib, özünüz üçün nəticə çıxara bilərsiniz. Bu xüsusda, baş redaktor kimi qəzetin sabiq və indiki əməkdaşlarının mənə münasibəti haqqında danışmağı doğru hesab etmirəm.
- Siz həm politoloq, həm siyasətçi, həm jurnalist, həm da şairsiz. Hansı sənəti özünüzə daha doğma hesab edirsiniz. Yaxud, peşələrinizi yuxarıdan aşağı düzsəniz necə sadalayarrsız?
- Əvvəla, qeyd edim ki, mən heç vaxt özümü “politoloq” adlandırmamışam və siyasi analitik kimi bunun fəaliyyətim üçün olduqca məhdud bir çərçivə hesab edirəm. Mənimlə əməkdaşlıq edən bütün dəyərli həmkarlarım çox yaxşı bilirlər ki, təqdimatla bağlı fikrimi soruşanda “siyasi şərhçi”, yaxud “siyasi ekspert” kimi təqdim etmələrini xahiş edirəm. 30 ilə yaxındır ki, siyasi analitik – jurnalist kimi fəaliyyət göstərirəm. Yolum dövlət televiziyasının müxtəlif redaksiyalarından, “Sara”, “Space”, “Lider”, “Xəzər” televizyalarından keçib. Siyasi verilişlərin müəllifi və aparıcısı olmuşam. AzTV-də “Dördüncü nəsil”, “Sara”da “Panorama”, “Sözardı”, “Lider” TV-də “Geosiyasət”, Xəzər TV-də “Xəzər Aktual” proqramlarını izləyənlər, son 30 ildə ölkənin ən müxtəlif qəzetlərində köşə yazılarımı, araşdırmalarımı izləyənlər siyasi şərhçi, analitik, araşdırmaçı jurnalist kimi fəaliyyətimlə yaxından tanışdılar. Mən həm siyasətçi, həm də siyasi analitik – jurnalist kimi süni yollarla “istixanalarda” yetişməmişəm. 1988-ci ildən siyasi proseslərin episentrində olan biri kimi bundan sonra kimsənin keçə bilməyəcəyi (dövr fərqlidir) bir məktəb keçmişəm, siyasi proseslərin içərisindən aşağıdan yuxarıya doğru addım-addım, pillə-pillə, öz intellektimə, zəhmətsevərliyimə söykənərək addımlamışam. Heç vaxt aşırı ambisiyam olmayıb, öz imkanlarımın sərhədlərini dəqiq bilmişəm və bu gün də bilirəm. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində, NATO-nun və digər beynəlxalq təşkilatların seminarlarından, çeşidli beynəlxalq institutların siyasi forum və konfranslarından, siyasi məruzəçi kimi iştirak etdiyim subregional və beynəlxalq toplantılardan aldığım sertifikat və diplomları sıralasam, bir çoxlarının diplomlarının sözün bütün mənalarında çəkisini bir neçə dəfə üstələyər. Düşünürəm ki, buraya qədər sualınızın “siyasətçi”, “politoloq” və “jurnalistika” ilə bağlı hissəsinə aydınlıq gətirə bildim. Mənim üçün bunların üçü də bir yerdədir. Dünya dəyişir, yeni ixtisaslar meydana çıxır və onların bir çoxu vaxtilə ayrı-ayrı təqdim olunan ixtisasları birləşdirir. Müasir dövrdə istər dövlət, istər özəl idarəçilikdə, istərsə də beynəlxalq münasibətlər sistemində “informasiya” və “analitika” əsas faktorlardır. Mən həm siyasətdə, həm də jurnalistikada ANALİTİKƏM!!! TƏHLİLÇİ!
Şeirə gəldikdə isə ədəbiyyat mənim hobbimdir və həm də yeganə hobbim deyil. Əgər mən hobbi kimi məşğul olduğum bir sahəyə peşəkar yanaşıramsa, bunu mənə “irad” bildirmək, yaxud məni “iynələmək” üçün vasitə kimi qəbul etmək lazım deyil. Mən gördüyüm hər işə sevgiylə və məsuliyyətlə yanaşıram. Çünki bu işlərin ərsəyə gəlməsi üçün Tanrı tərəfindən mənə verilən ən dəyərli neməti – zamanımı xərcləyirəm. Dillər əzbəri olan onlarla şeirim, mahnı mətnlərim var. “Azadlıq” və “Azadlığa çağırış” marşlarını yazanda 21 yaşım tamam olmamışdı. 1987-88-ci ildə və daha sonra yazdığım şeirlərin ruhunda və məzmununda günü bu gün ritorikası dünyanı başına götürən çoxlarının 5-10 sətir belə yazmağa cəsarətlərinin çatacağını düşünmürəm. Hər halda. 1988-ci ildə
“Qalx ayağa millət, boğmasınlar səsimizi,
Bir bayraq altında birləşdir bizi”, - beytini yazmağa cəsarət edə biləcək çox az adam var idi. Çünki hələ bir bayraq altında birləşməyin nə demək olduğunu toplumun mütləq əksəriyyəti başa düşmürdü. Nə yazmışamsa keyfiyyətli yazmışam. Abbas Əhmədin 1989-cu ildə sözlərimə bəstələdiyi “Ürəyim yanar” mahnısı 32 ildir dillər əzbəridir. Bu gün də sevilərək ifa olunur və dinlənilir. Xatirəsi hər zaman qəlbimdə yaşayan dəyərli dostlarım Hikmət və Nailə Mirməmmədlilərin sözlərimə yazdıqları “Biz sənə səs veririk”, “Azərbaycanım”, “Bircə kəlmə payız”, dəyərli Xanım İsmayılqızının sözlərimə bəstələdiyi “Ovut məni”, “Sonuncu portret” mahnılarının illər keçdikdə daha çox dəyər qazanacağını, klassik nümunələrdən birinə çevriləcəyinə əminəm və musiqi zövqümə arxayın olduğum üçün yanılmayacağımı düşünürəm. Bunlar yaradıcılığımın çox kiçik bir hissəsidir. Amma yenə də poeziyanın mənim üçün hobbi olduğunu deyirəm. Nə üçün? Çünki bu sahədən gəlir əldə etmirəm. Bu peşəkar yanaşmadır. Əgər məşğul olduğun bir işdən gəlir əldə etmirsənsə, deməli, bu sənin hobbindir. Əslində Azərbaycanda yüzlərlə və bəlkə də minlərlə şair və yazıçının ən yaxşı halda 10-15 nəfəri yaradıcılığının qarşılığında qazandığı vəsaitlər hesabına dolanır. Əslində mən ehtimal amilini nəzərə alaraq, rəqəmi bir az yüksək götürdüm. Digərləri isə ədəbiyyatdan heç nə qazanmırlar və dünyada hakim olan yanaşmaya görə, ədəbiyyat onların da hobbiləridir. Sadəcə mən bunu etiraf edirəm, onlar isə yox…
- Qəzetlərin bazarda arxa plana düşməsinin əsas 3 səbəbi hansıdır?
- Kim deyir ki, qəzetlər arxa plana düşüb. Məncə “düşürülüb” desək, daha doğru olar. Çünki hazırda dünyada bizə kimlərin hansı informasiyanı təlqin etmələrindən asılı olmayaraq, fərqli tendensiya gedir. Qəzetlərin tirajı və təbii ki, reklam gəlirləri artır. Yenə təkrar edirəm, bu barədə ciddi mənbələrdən əldə etdiyim statistik məlumatlara malikəm. Çünki internet və sosial şəbəkə “bumu” artıq özünü şəxsiyyət kimi qoruyub saxlamaq istəyən, virtual tamın zombiləşmiş zərrəsinə çevrilməyi arzulamayan insanları yorub və qəzetə qayıtmaq baş verənlərə qarşı etirazın əsas elementlərindən biridir. Bu prosesin zamanla vüsət alacağını düşünürəm. Azərbaycana gəldikdə, hazırkı tendensiya onlayn mediaya keçid, yaxud transformasiya mərhələsinin sürətləndirilməsindən ibarətdir. Prosesin davamını zaman göstərəcək. İndiki halda ehtimallarımı peşəkar çevrədə səsləndirməyə üstünlük verirəm. Hazırda ölkəmizdə media sektorunu bazar münasibətləri və rəqabət müəyyənləşdirmədiyi üçün, sizin sualınızı proseslərin təbii inkişafı müstəvisindən dəyərləndirə bilməyəcəyəm. Aşırı subyektivliyə varmaq da istəmirəm. Son olaraq, suallarınıza birbaşa aidiyyatı olmayan bir məqama da toxunmaq istəyirəm: Fəaliyyətim boyu bacardığım qədər mediaya açıq olmuşam. Həmin media təsisatının mənə olan münasibətindən, yaxud mənim həmin təsisata olan yanaşmamdan asılı olmayaraq. Birgəyaşayışın da əsas prinsipi budur. Tolerant olmaq və başqalarının həqiqətini də analamağa çalışmaq lazımdır.
Bu arada, “Xalq cəbhəsi” qəzetinin 20 illiyi ilə bağlı yalnız oxucuların, qəzetin ənənəvi dostlarının, oxucularımızın və mənə, redaksiyanın əməkdaşlarına sayğı duyanların təbriklərini aldığımızı diqqətə çatdırmaq istəyirəm. Noyabr ayında bir neçə qəzetin ilk sayı işıq üzü görüb. Və onlara münasibətdə də “regional”, “subregonal” aspektdən, yaxud başqa xüsuslardan yanaşmaların şahidi olmuşuq. Hətta buna xüsusi ehtiyac duyulmadığı təqdirdə. Qeyd edim ki, “Xalq cəbhəsi” qəzetinin kollektivi də “qlobalçı” deyil. Biz sadəcə Bütöv Azərbaycançıyıq və başqa heç bir “çı-çü” kontekstinə daxil olmaq niyyətimiz yoxdur. Hər kəsə uzun və sağlam ömür arzulayıram. Həm də xarakter. Onu da qeyd edim ki, xarakter təkcə fərdlərə aid olan anlayış deyil, toplumun da, ayrı-ayrı təsisatların da xarakteri olur. Daha doğrusu, olmalıdır.

Ceyhun Musaoğlu