• 8 Dekabr 2021
logo
Soltan Məmmədov: “Fransanın bəzi siyasi dairələri Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir”

Soltan Məmmədov: “Fransanın bəzi siyasi dairələri Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir” - MÜSAHİBƏ

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Soltan Məmmədovun APA-ya müsahibəsi
- 8 noyabr - Zəfər Gününü Fransada qeyd etdiniz və bir sıra rəsmi şəxslərlə görüşlər keçirdiniz. Parisdə Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasını birgə təşkilatçılığı ilə keçirilən, münaqişədən sonrakı mərhələyə həsr edilmiş “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debatda da iştirak etdiniz. Bu görüşlərdən sonra Fransanın münaqişədən sonra Qarabağda rolunun necə olacağını düşünürsünüz?
- İstər Anım Günündə, istər Zəfər günündə biz beynəlxalq ictimaiyyətə 44 günlük Vətən müharibəsində Azərbaycanın həqiqətlərini, ədalətli mövqeyini çatdırmağa çalışmışıq. Hansı ki, Azərbaycan bu mövqeyi illər boyu çatdırmağa çalışsa da, onlar bunu qəbul etmək istəməyib.
Bildiyiniz kimi, Azərbaycan Fransa ilə münasibətlərə həmişə xüsusi önəm verib. Fransanın Avropanın aparıcı dövlətlərindən biri olması, dünyada gedən proseslərə təsir imkanları danılmazdır. Eyni zamanda, bizim bir çox sahədə üstə-üstə düşən maraqlarımız var. İqtisadi, siyasi, mədəni, humanitar sahələrdə çox yaxşı əməkdaşlıq təcrübəsi mövcuddur. Azərbaycan-Fransa münasibətlərinin inkişafında, parlamentlərarası əlaqələrin qurulmasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolu olub. Məhz onun parlamentlərarası əlaqələr üzrə işçi qrupa rəhbərlik etdiyi dövrdə çox böyük işlər görülüb, Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edən önəmli addımlar atılıb.
Lakin Fransanın Minsk Qrupunun həmsədri kimi tutduğu mövqe, Azərbaycana və keçmişdə qalan Qarabağ münaqişəsinə yanaşması, vasitəçi olduğu halda belə ikili standartlara yol verərək, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi uzun illər Azərbaycan cəmiyyətinin və dövlətinin haqlı narazılığına səbəb olub. Xüsusilə Vətən müharibəsi dövründə Fransa Milli Assambleyası və Fransa Senatının qəbul etdiyi qətnamələr, dövlət rəsmilərinin verdiyi bəyanatlar narahatlıq və təəssüf doğururdu. Bəzi dövlət qurumlarının, eyni zamanda, qanunverici orqan rəhbərlərinin Ermənistana səfərləri və orada səsləndirdiyi fikirləri kifayət qədər qərəzli idi.
Buna baxmayaraq, müsbət fonda da bəzi addımların şahidi olduq. Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dövlət katibi təklif etmişdi ki, Azərbaycanla Fransa arasında mədəni əlaqələr gücləndirilsin, bir sıra layihə həyata keçirilsin. Eyni zamanda, Milli Assambleyada Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidentləri, üzvləri, bizə dost olan deputatlar Azərbaycana qarşı qətnamə qəbul olunması ilə bağlı bir neçə təşəbbüsün qarşını ala bilmişdi. Onlar öz həmkarlarına sülh prosesinə ziyan vurmamaqla bağlı çağırışlar ediblər. Bu cür hallar dəfələrlə olub. Ona görə də Zəfər Günündə və Zəfər Günündən bir neçə gün qabaq Parisə səfər etmək və orada həmkarlarımızla görüşmək, birgə müzakirələr aparmaq, dostlarımızın sayını artırmaq bizim üçün çox önəmli idi. Mən ilk olaraq, Milli Məclisin sədri Sahibə Qafarovaya öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, dərhal bizim bu təşəbbüsümüzü müsbət qiymətləndirib, səfər etmək üçün şərait yaratdı.
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti Jerom Lamber və Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri Alen Uperlə görüşlər keçirdik. Jerom Lamber bu yaxınlarda Fransada bizim diaspor təşkilatımız olan Azərbaycan Dostları Assosiasiyasının prezidenti seçilib. Fransada bizi dəstəkləyən qruplar, assosiasiyalarımızla görüşlər keçirdiq. Nant şəhərində fəaliyyət göstərən “Qarabağ" Azərbaycan məktəbinin nümayəndələri Parisə gəlmişdi. Bildiyiniz kimi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il Fransanın Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi açılıb. Fransada azərbaycanlı uşaqlara Azərbaycan dilini tədrisi üçün bu layihə həyata keçirilir. Bir neçə yaxın şəhərdən də uşaqlar bu layihəyə cəlb edilir. Bu layihələrlə bağlı maraqlı müzakirəmiz oldu.
9 noyabrda “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debatda əvvəllər Azərbaycan əleyhinə qətnaməyə səs verən deputatlar da qatılmışdı. Burada bir neçə ictimai xadim, Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri, dostluq qrupuna üzv olmayan müxtəlif digər partiyaların üzvləri, Azərbaycanın yanında olan iş adamları da iştirak edirdi. Orada Lamberin çox güclü çıxışı oldu və bu çıxışdan sonra hər bir deputat bu gün Azərbaycanın regionda həyata keçirməyə çalışdığı sülh siyasətini və regionda yaranmış yeni geosiyasəti vəziyyəti düzgün formada qiymətləndirərək, Fransanın gələcəkdə hansı addımlar atmasıyla bağlı fikrini bildirdi. Mən çıxışımda Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq və bərpa işləri barədə geniş məlumat verdim. Qonaqların sırasında tədbirdən bir gün əvvəl ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə Şuşada səfərdə olan UNESCO-nun «Sülh naminə incəsənət xadimi” Hedva Ser də var idi. Bizim verdiyimiz məlumatlara dəstək olaraq, Ağdama, Füzuliyə, eləcə də bir neçə gün əvvəl Şuşaya səfər etmiş fransız deputatlar azad olunmuş ərazilərimizdə işğal illərində ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı gördüklərini, təəssüratlarını bölüşüblər. Bu bizim üçün çox xoş oldu.
Əvvəllər bizim əleyhimizə olan qətnamənin lehinə səs verən fransalı deputatlar artıq Azərbaycana səfərlərdən sonra anlayırlar ki, reallıq başqadır. Həmin deputatlardan biri orada mənimlə görüşdü və qətnamənin lehinə səs verməsinin səbəblərini izah etdi.
Eyni zamanda, Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının nümayəndələri də oktyabrda Azərbaycanda olub və bu problemin həllində Azərbaycana kömək etmək istəyirlər. Milli Məclisdə keçirilən görüşdə biz onların bu addımını yüksək qiymətləndirdik. Onların bura səfəri və burada işləmək arzusu göstərir ki, Fransa regionda sülhün bərqərar olmasına töhfə vermək istəyir. Bu, belə düşünməyə əsas verir ki, Fransa hökuməti illərlə hüququ pozulmuş 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarına qısa zamanda qayıtmasına kömək etməkdə maraqlıdır.
- Artıq Fransanın mövqeyinin dəyişdiyini deyə bilərikmi?
- Bizim orada çağırışımız o oldu ki, bu günə qədər əsaslı olaraq, bizim narahatlığımıza səbəb olan Fransanın mövqeyi bu gün dəyişəcəksə, biz buna adekvat cavab verməyə hazırıq. Orda hətta belə bir fikir də səsləndi ki, Ağdamın Baş Planının hazırlanmasında iştirak etmiş şirkətlərin siyahısında bir Fransa şirkəti belə yoxdur.
- Yəni Azərbaycan Fransa şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesində iştirak etməsini istəmir?
- Azərbaycan heç vaxt heç bir dövlətə öz qapılarını bağlamayıb. Biz öz mövqeyimizi ədalətli olduğuna əminik və tərəfdaşlarımızdan da haqlı olaraq ədalətin yanında olmalarını gözləyirik. Fransa proseslərə obyektiv və ədalətli mövqedən yanaşsa, biz çox maraqlı olarıq ki, Fransa şirkətləri də gələcəkdə işğaldan azad olunmuş ərazilərə sərmayə qoysun, bu ərazilərin bərpasında fəal iştirak etsin.
- Onda hələ də Fransa şirkətləri işğaldan azad olunmuş yerlərin bərpasına və yenidən qurulmasına sərmayə yatırmaqda maraqlı görünmür?
- Onlar tərəfindən maraq var. Biz keçirdiyimiz görüşlərdə də bu marağın olduğunu müşahidə etdik. Bu gün Azərbaycanda Fransanın 50-dən çox şirkəti fəaliyyət göstərir, Fransa Azərbaycana 2 milyard dollardan çox yatırım edib. Lakin hər kəsin hörmətlə və anlayışla yanaşmalı olduğu bir həqiqət var: Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini müdafiə edən ölkələrə bu məsələdə üstünlük verməsi tamamilə təbiidir. Bu gün Fransa şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinə qoşulmasını Azərbaycan ictimaiyyətinin yumşaq desək, təqdir etməyəcəyi hamımıza məlumdur. Hətta müsbət dəyişikliklərə baxmayaraq, keçmişdə baş verən neqativ halları da nəzərə almalıyıq. Lakin bu o demək deyil ki, biz bütün qapıları bağlamışıq. Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə işində iştirak etmək arzusu xoşməramlı jest kimi qiymətləndirilə bilər. Fransa bu məqsədlə vəsait ayırmağa hazır olduğunu da rəsmi səviyyədə bəyan edib. Əlbəttə ki, Azərbaycanın bu vəsaitə ehtiyacı yoxdur. Lakin istənilən halda belə təşəbbüslər Fransanın sülh prosesinə töhfə vermək niyyətinin ifadəsidir. Bundan başqa, Fransa Beynəlxalq Qızıl Xaç cəmiyyəti vasitəsilə Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların axtarışı ilə bağlı layihələrə də dəstək verir. Bu barədə biz orada olanda məlumat verdilər. Düşünürəm ki, münasibətlərdə müsbət irəliləyiş olsa, Fransa şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb edilməsində problem olmaz. İstənilən təşəbbüsün son hədəfi doğrudan da regiona sülh gətirməkdirsə, dəstəkdirsə, biz də bunu alqışlayırıq.
- Fransanın mövqeyində Azərbaycana qarşı neqativ addımların hələ də qaldığını dediniz. Bunu gələcəkdə hansı şəkildə görəcəyik?
- Çox məyusedici məsələ odur ki, xüsusilə Senatda erməni lobbisinin təsiri altında olan, ermənipərəst deputatlar kifayət qədərdir. Bizdə olan məlumata görə, senat sədrinin himayəsi altında noyabr ayının 23-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirdə Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı gözlənilir. Bu cür təşəbbüslər Azərbaycanla Fransa arasında etimadı gücləndirməyə xidmət etmir. Eyni zamanda, regionda sülhün təmin olunmasına da heç bir töhfə vermir, əksinə əlavə gərginlik yaradır. Bunu bizə dost olan fransalı həmkarlarımız da deyir. Bu cür addımların artıq şou xarakteri daşıdığını onlar da görür. Biz çox ümid edirik ki, Fransa ictimaiyyəti və siyasi elitası bu cür təşəbbüsləri dəstəkləməyəcək.
- Fransada səfərdə olarkən UNESCO yanında Daimi Nümayəndəliyimizdə də müxtəlif görüşlər keçirdiniz və onlarla birlikdə tədbirlərdə iştirak etdiniz. UNESCO-nun işğaldan azad olunmuş Azərbaycan torpaqlarına faktaraşdırıcı missiya göndərməməsinin səbəblərini aydınlaşdıra bildinizmi?
- Bu gün bizim UNESCO-dakı Daimi Nümayəndəliyimiz çox böyük işlər aparır. Azərbaycan UNESCO ilə əməkdaşlıqda hər zaman maraqlı olub. Münaqişədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində də bu əməkdaşlıq imkanlarından faydalanmaqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Bir vacib məqamı qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın bir müddətdə bu ərazilərdə dini, mədəni abidələr dağıdılıb, məhv edilib, yaxud özgəninkiləşdirilib. Bu dövr ərazində UNESCO tərəfindən həmin ərazilərdə Azərbaycana məxsus dini, mədəni abidələrin vəziyyətinin monitorinqi həyata keçirilməyib. Doğrudur ki, bu məsələdə Ermənistanın törətdiyi maneələr də rol oynayıb. Hazırda müvafiq qurumlar işğaldan azad olunmuş ərazilərə texniki missiyanın göndərilməsi istiqamətində danışıqlar aparır. Bir sıra şərtlər, o cümlədən hüquqi, siyasi və digər detallar razılaşdırılır.
- Fransa tərəfi Böyük Qayıdış layihəsi ilə bağlı məlumatlıdırmı?
- Nəinki Fransa, bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə sadəcə insanları köçürməklə işi yekunlaşdırmayacaq. Bu bizim qarşımızda olan hədəflərdən yalnız biridir. Azərbaycan bu ərazilərdə böyük miqyaslı layihələr həyata keçirir və uzunmüddətli strategiya əsasında mükəmməl və müasir infrastruktur qurur. Azərbaycan Ermənistan kimi o əraziləri dağıdıb, sadəcə hərbi məqsədlə istifadə etməyi düşünmür. Dövlətimiz işğaldan azad olunmuş əraziləri çiçəkləndirmək, ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etmək istəyir. İşğaldan azad olunmuş ərazilərə bu yaxınlarda səfər edən deputatlar daha əvvəlki səfərlərindən kəskin fərqlənən mənzərə ilə qarşılaşdıqlarını, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərindən sözün yaxşı mənasında heyrətə gəldiklərini bildirirlər. Bu, həm də Azərbaycanla Ermənistanın o torpaqlara münasibətinin göstəricisidir. Lakin təəssüf hissi ilə bildirməliyəm ki, Fransada erməni lobbisinin təsiri altında olan bəzi siyasi dairələr, o cümlədən Senat rəhbərliyi bu reallığı görmək istəmir. Onların reallığı görməmək istəyi həm də o anlama gəlir ki, regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasını şərtləndirən amilləri də ya görmürlər, ya da görmək istəmirlər. Görmək istəmirlərsə, deməli bunda maraqlı deyillər. Məncə, ən əsas narahatlıq doğuran məqam məhz budur.
- Aydındır ki, artıq Fransada formalaşmış erməni lobbisi mövcuddur və onların öz-özünə zəifləməyini gözləmək üçün bizə uzun vaxt lazım olacaq. Bu vəziyyətdə Azərbaycan nə etməlidir?
- Bu bizi müəyyən mənada narahat edə bilər. Lakin biz öz gücümüzü daha da artırmaq üçün çalışmalıyıq. Fransada dostlarımızın sayını artırmalıyıq. Bu gün bu proses gedir. Ermənistanın lehinə qətnaməyə səs verən deputatlardan artıq 3 nəfər bizim dostlarımız sırasına qoşulub. Məncə, həqiqətləri nə qədər çox insan görsə, bizim tərəfdaşlarımızın sayı da bir o qədər çox olacaq. Bir çoxu, sadəcə, real vəziyyət barədə təsəvvürü olmadan qərar verir. Lakin vəziyyəti öz gözləri ilə gördükdə münasibətləri tamamilə dəyişir. Hesab edirəm ki, fəaliyyətimizi məhz bu istiqamətdə qurmalıyıq ki, Fransa siyasətində təmsil olunan daha çox insan reallıqları görmək imkanı qazansın.
- Hazırda yaranmış böyük fərqin aradan qaldırmaq üçün hansı addımlar atılır?
- Fransada erməni lobbisi güclüdür. Fransanın bir çox şəhərində, o cümlədən Parisdə, Marseldə güclü, Azərbaycana və Türkiyəyə kifayət qədər aqressiv münasibət sərgiləyən erməni icmaları yaşayır. Azərbaycanın Zəfər Günündə erməni diasporu Ermənistan səfirliyi qarşısında aksiya keçirdi. Əvvəllər onlar belə aksiyaları daha çox bizim səfirliyimizin qarşısında keçirirdilər. Şübhəsiz ki, bu onların indi məyus durumda olduğunu göstərir. Biz artıq qalib ölkəyik. Güclü dövlətimiz, güclü ordumuz və dünyada nüfuzumuz var. Azərbaycan sürətlə inkişaf edir. Ermənistanda isə yalnız tənəzzül və böhran müşahidə olunur və bu, bütün sahələrdə özünü göstərir. Təbii ki, bu fərqi erməni diasporu da görür, özlərini əvvəlki kimi aqressiv apara bilmirlər. Fransada ermənilərin sayı çoxdur və onlar yaxşı təşkilatlanıblar. Lakin biz bu faktlara fokuslanıb qalmamalıyıq, özümüzü gücləndirməliyik.
- Azərbaycan lobbiçilik fəaliyyətində nəyi düzgün etməyib?
- Çox məyusedici fakt odur ki, əvvəllər Fransada təhsil alan tələbələrimizin düzgün statistikasını, koordinasiyasını həyata keçirməmişik. Fransada diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək üçün yaradılan koordinasiya şurası tərəfindən artıq bu işlər görülməyə başlayıb. Fransada yaradılan “Alim” elmi təşkilatı bu ölkədə təhsil alan azərbaycanlı gəncləri və alimləri öz sıralarına cəlb edir. Düşünürəm ki, bizim müvafiq qurumlarımızın iştirakı ilə Fransada bəzi layihələri həyata keçirilməlidir. Resursları cəlb etməklə Fransada müəyyən layihələri reallaşdırmaq olar. Bizim əvvəllər Fransada mədəniyyət sahəsində gördüyümüz işlər var. Diasporumuzun güclənməsini, sadəcə, Diasporla İş üzrə Dövlət Komitəsindən gözləmək doğru deyil, bu prosesə hamımız töhfə verməyə çalışmalıyıq. Çünki güclü olmağımızın əsas şərti diaspor təşkilatlarının xaricdə birgə əməkdaşlığını təşkil etmək və onların düzgün koordinasiyanı həyata keçirməkdir.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri də Fransadır. Bu yaxınlarda ATƏT-in fransalı və rusiyalı həmsədri dəyişib. Azərbaycanın da ATƏT-ə gündəliyini dəyişməsi, sülh müqaviləsi ilə bağlı yeni gündəlik formalaşdırması ilə bağlı konkret təklifləri olmuşdu.
- Azərbaycan Minsk Qrupunu öz gündəliyini dəyişib, bu gün həyata keçirilən siyasətə dəstək olmağa çağırır. Bu siyasətin məqsədi regionda davamlı sülhə nail olmaq, əməkdaşlıq mühiti yaratmaqdır. Sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması məsələsində ATƏT-in Minsk Qrupu müəyyən rol oynaya bilər. Azərbaycan bununla bağlı mövqeyini kifayət qədər aydın şəkildə bəyan edib. Hesab edirəm ki, fərdlərin dəyişməsi nəyisə həll etmir. ATƏT-in Minsk Qrupu regionda yaranan yeni reallığı qəbul etməli və fəaliyyətini də bu reallığa uyğun qurmalıdır.
- 2022-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Yenə də erməni lobbisindən dəstək almaq üçün Fransanın mövqeyində Azərbaycana qarşı addımlar müşahidə ediləcəkmi?
- Siyasətdə, xüsusilə seçki dövründə çox gözlənilməz hallar baş verə bilir. Fransada keçirilən bəzi sorğuların nəticələrinə görə, hazırkı prezident Emmanuel Makronun partiyasının qalib gəlmək ehtimalı var. Çox güman ki, ermənilərin dəstəyindən həmişə olduğu kimi maksimum istifadə etmək istəyəcəklər. Bir neçə yeni namizədin də seçkilərdə iştirakı gözlənilir. Gələn il Fransada parlament seçkiləri də keçiriləcək. Milli Assambleyada Azərbaycan-Fransa Dostluq Qrupunun rəhbəri Pyer-Alen Rafanın fəaliyyəti təəssüf ki qənaətbəxş hesab oluna bilməz. Bəzi məsələlərə etinasız münasibəti bizim üçün gözlənilməz oldu. Baxmayaraq ki, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası İşçi Qrupunun formalaşmasından dərhal sonra onunla telefon danışığımız olmuşdu. Milli Məclisin sədri Sahibə Qafarova da qarşı tərəfə bu barədə narahatlığını çatdırıb. Fransada parlament seçkiləri ərəfəsində Milli Assambleyanın Fransa-Azərbaycan Dostluq Qrupunun fəaliyyətində müəyyən müddətə passivliyin olacağını gözləyirik. Çünki bütün diqqət seçki kampaniyasına yönələcək. Eyni zamanda, ola bilər ki, həm prezident, həm də parlament seçkilərində erməni lobbisindən dəstək almaq üçün yenə də bəzi siyasətçilərin bizim üçün sürpriz hesab edilməyəcək açıqlamalarını, davranışlarını müşahidə edək. Ancaq hesab edirəm ki, indi əvvəlki illərdən xeyli dərəcədə fərqli reallıqlar mövcuddur. Bu reallıqlar Azərbaycanın geosiyasi maraqlarına, strateji hədəflərinə daha çox cavab verir. Böyük dövlətlərin də siyasətində, Cənubi Qafqazdakı proseslərə yanaşmasında ciddi dəyişikliklər baş verib.
- Fransada keçirilən tədbirlərdə Senatdan hansısa deputat iştirak edirdimi?
- Xeyr. Biz bu tədbirlərin keçirilməsində Senatdan heç bir dəstək görmədik. Baxmayaraq ki, Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uperlə görüşdük. Yeri gəlmişkən, bu görüşdə Alen Uper Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyətinin media nümayəndələri ilə birlikdə Azərbaycana səfərinin təşkil olunması, işğaldan azad olunmuş ərazilərə ziyarətinə şərait yaradılmasını təklif etdi. Amma digər üzvlər heç biri bizim yanımızda deyildi. Biz Senat üzvləri ilə görüşlər üçün təşəbbüs göstərmişik. Bu tədbirin məhz Senatda keçirilməsini təklif etmişdik. Əvvəl razılıq olsa da, sonra bunun mümkün olmadığını bildirdilər. Bu, belə təəssürat yaradır ki, Fransanın bəzi siyasi dairələri Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir. Bu əlbəttə ki, bizi təəssüfləndirir. Çünki Azərbaycan Fransadan obyektiv və tərəfsiz mövqe gözləyir.
- Fransalı deputatlar və ya jurnalistlər yenə də Azərbaycana, işğaldan azad edilmiş ərazilərə səfər edəcəklərmi?
- Mən Parisdə olarkən “ERE” televiziyasına müsahibə verdim. Onların da böyük auditoriyası var. Həmin televiziyanın əməkdaşları Azərbaycana səfər etmək istəyirlər. Səfər çərçivəsində işğaldan azad olunmuş torpaqlardan reportajlar hazırlamağı planlaşdırırlar. Hesab edirəm ki, müharibədən sonra yaranmış yeni situasiyanı daha geniş auditoriyanın görməsi üçün hər bir imkandan istifadə etmək lazımdır.
- 8 Noyabr-Zəfər Günündə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin diplomatları ilə birlikdə Əlimərdan Bəy Topçubaşovun da məzarını ziyarət etmisiniz.
- Bu ziyarət zamanı Sən-Klu şəhərinin merinin müavini də gəlmişdi. Onlar Azərbaycanın Şərqdə ilk demokratik respublika, qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olmasından xəbərdardırlar. Fransa arxivlərində Əlimərdan bəy Topçubaşovun böyük arxiv sənədləri var. Hətta müəyyən məlumata görə, orada 40-a yaxın qutuda məlumatlar saxlanılır. O dövrdə Azərbaycandan məcburi miqrasiya etmiş azərbaycanlılar, ictimai xadimlərin həyatı, baş vermiş hadisələrlə bağlı sənədlər həmin arxivdə saxlanılır. Bunlar bizim tariximizdir və bizim o sənədləri əldə etmək, tanış olmaq hüququmuz var. Bununla bağlı səfirliyin, dövlət qurumlarımızın rəhbər şəxsləri tərəfindən yüksək səviyyədə Fransa tərəfinə dəfələrlə müraciətlər də olub. Hələ də cavab gözlənilir. Əfsuslar olsun ki, yenə də arxivdə olan erməni rəhbərliyi səviyyəsində bu müraciətlərin təmin olunmasına maneə yaratmaq təşəbbüslərini görürük. Fransada Azərbaycanın Dostları Assosiasiyasının rəhbərliyi də bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib.