• 5 Noyabr 2024
logo
27 Sentyabr – Zəfər Gününə aparan şərəfli gün

27 Sentyabr – Zəfər Gününə aparan şərəfli gün

Bu gün, 27 sentyabr müasir tariximizin şərəfli günüdür. 27 Sentyabr – Anım Günü bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramın göstəricisidir. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də start verdiyi növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Ali Baş Komandanın hər bir müraciəti növbəti qələbələr üçün böyük zəmin yaratdı.

44 günlük Vətən müharibəsində qüdrətli Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut və Suqovuşan qəsəbələrini, Şuşa şəhərini işğaldan azad etdi. Məhz 44 gün ərzində hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq. Çətin relyef şəraitində düşmənin 30 ilə yaxın qurduğu istehkamları Azərbaycanın Müzəffər Ordusu 44 gün ərzində darmadağın etdi.

Bu gün dünyanın 50 güclü ordusu sırasında yer alan ordumuzun 44 günlük təcrübəsi və döyüş taktikası digər ölkələr tərəfindən öyrənilməkdədir. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüş meydanında biabır olan erməni ordusu Gəncəni, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir, Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və ağır artilleriya qurğularından atəşə tutdu. Nəticədə çoxsaylı insan tələfatları oldu, dinc sakinlər yaralandı. Təəssüf ki, bu günə kimi Azərbaycan xalqına qarşı müxtəlif terror və soyqırım törədənlər hələ də cəzalarını almayıblar. Təbii ki, bu, 30 il ərzində bizə qarşı ikili münasibət bəsləyən beynəlxalq təşkilatların əsl simasının göstəricisidir.

2020-ci ilin noyabr ayının 8-i isə Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər Xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

Bu gün hər birimiz Şəhidlər Xiyabanına gedib şəhidlərimizin məzarını ziyarət edir, ruhları qarşısında baş əyərək ehtiramla yad edirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Azərbaycan Milli Məclisinin deputatı

Tənzilə Rüstəmxanlı