• 9 Oktyabr 2024
logo
Azərbaycan və Türkiyənin BRİCS-ə ehtiyacı varmı?

Azərbaycan və Türkiyənin BRİCS-ə ehtiyacı varmı?

“BRİCS-in G7 və G20 kimi dünya miqyasında problemli məsələlərə təsir imkanları, planları yoxdur”

İkinci dünya müharibəsindən sonra yaranan dünya düzəni öz yerini daha mürəkkəb və kəskin düzənə ötürüb. Yeni dünya düzəni və ya dünyanın yenidən bölüşdürülməsi ikiqütblü düzənin tək və ya çoxqütblü olacağını müəyyən edəcək. Artıq qütblərin formalaşması öz konturlarını almağa başlayıb. Qarşı qütblərdə yer alan aktorların öz tərəflərinə cəlb edilməsi mərhələsinə start verilib. Dünya iqtisadi və hərbi güclü qütblə nisbətən zəif, amma xammal ehtiyatının güclü olduğu qütbün qarşıdurmasında gərgin gözləntisinə davam edir. Qütblər yeni birliklər, təşkilatlar qurmaqla balans yaratmağa çalışır, dünya ölkələrini bu qurumlara cəlb etməyi planlaşdırırlar. Qarşıdakı illərdə beynəlxalq vəziyyətin hətta üçüncü dünya müharibəsi həddinə çatacağı gözləntiləri sürdüyü bir zamanda yaradılan birliklər daha çox iqtisadi amillər altında birləşsə də, bunun eyni zamanda gələcəkdə hərbi birlik kimi fəaliyyət göstərəcəyi də aydın görünür. Daha doğrusu, iqtisadi əməkdaşlığın daha çox hərbi əməkdaşlıq istəyindən doğduğu hiss edilir.
Politolooq Azər Qasımov “Xdalq Cəbhəsi”nə deyib ki, dünyanın hegemon dövlətləri yeni dünya düzəni konfiqurasiyasında mövcud birliklərin artıq işə yaramadığının şahidi olurlar. Odur ki, Aİ (Avropa İttifaqı), G7, G20, AUKUS, BRİCS, KTMT, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), İƏT (İslam Əməkdaşlıq Təşkilatı), TDT (Türk Dövlətləri Təşkilatı) və s. kimi təşkilatlarda yenidən birliklər yaradır, bu birliklərdə iqtisadi və hərbi məqsədlərlə birləşirlər. Yeni yaradılan və öncədən mövcud olan birliklərdə bir yerdə olan ölkələr dünyanın əks qütblərinin aktorları ola bilirlər. Bu, həmin birliyin sırf iqtisadi və ya hərbi birlik olmasından asılı olaraq dəyişir. Hərbi birliklər məsələn, AUKUS kimi Hind-Sakit okean regionu üçün yaradılmış bir birlikdirsə, BRİCS dünyanın bir neçə regionunu özündə birləşdirən iqtisadi birlikdir: “Bu birlik 2009-cu ildə dörd ölkənin: Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə BRİC adı ilə yaradılır. 2011-ci ildə Cənubi Afrika Respublikasının da bu birliyə qoşulması ilə BRİCS adını alır. Sonralar BRİCS-ə dörd öllə: Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də qatılır. Hazırda BRİCS-ə 40 dan çox ölkənin qatılmaq istədiyi bildirilir. Gələcəkdə bu təşkilatın BRİCS+ olacağı qeyd edilir. BRİCS ölkələri dünya iqtisadiyyatının, əhali sayının və enerji daşıyıcıları ehtiyatlarının yarıya yaxınına sahibdirlər. Son günlər Azərbaycan və Türkiyənin də BRİCS-ə üzv olmaq üçün müraciət etdiyi xəbərləri yayıldı. Azərbaycan və Türkiyənin beynəlxalq arenada birlikdə hərəkət etdiyi bəllidir. Təbii olaraq iki ölkənin iqtisadi maraqları üst-üstə düşür. Amma BRİCS təşkilatının nə dərəcədə Azərbaycan və Türkiyə iqtisadiyyatına töhvə verəcəyi maraq doğurur. Məsələ ondadır ki, bu məsələdə bir sıra maraqlı suallar vardlr ki, bunlara aydınlıq gətirilməlidir. Məsələn, NATO ölkəsi kimi Türkiyənin BRİCS-ə üzvlüyü, NATO-nun buna reaksiyası, Azərbaycan və Türkiyə bununla siyasi xəttini tamamı ilə Qlobal Şərqə çevirirmi və ümumiyyətlə BRİCS bizlərə nə verə bilər?
İlk növbədə onu qeyd etmək yerinə düşər ki, BRİCS-ə üzv olmaq üçün hər hansı bir dövlətin hansısa siyasi, hərbi blokda olmasının fərqi yoxdur. Bu, sırf iqtisadi birlikdir və üzv ölkələri bu təşkilatda iqtisadi maraqlar birləşdirir. Üzv ölkələr bir-birilərinin daxili işlərinə qarışmırlar və onların belə bir istəyi yoxdur. Odur ki, BRİCS təşkilatının ölkələrin suverenliyini ilk növbədə gözlədiyi bəlli olur. Yəni üzv ölkə bu təşkilatda heç bir təsir və təzyiqlə, məcburi şərtlərlə üzləşmiş. Bir sözlə, bütün üzv ölkələr bərabər hüquqlu tərəfdaş ölkə statusunda olur. Qeyd edilənlər fonunda Azərbaycan və Türkiyənin BRİCS-də bu şərtlər altında üzvlüyünə qənaətbəxş baxmaq olar”.
A.Qasımovun fikrincə, amma məsələnin mahiyyətinin daha dərindən analiz edilməsində fayda vardır. BRİCS təşkilatının yaranmasını labüd edən şərtlərin hansı mühitdə formalaşdığı sualına cavab tapmaq lazımdır. Məsələ ondadır ki, BRİCS-ə üzv ölkələrin siyahısına baxdıqda görünür ki, ilk növbədə bu ölkələrin hamısı inkişafda olan ölkələrdir, yəni burda bir dənə də olsun inkişaf etmiş ölkə yoxdur, yəni Qlobal Qərb və onun satellitləri Şərqi Avropa. Əslində onların buna ehtiyacı da yoxdur. Görünən odur ki, inkişafda olan ölkələrin bir təşkilatda birləşməsi böyük ölçüdə inkişaf etmiş ölkələrə qarşı balans yaratmaq cəhdindən irəli gələn addımdır. BRİCS-i Qlobal Qərbə qarşı təşkilat, yoxsa onunla əməkdaşlıq üçün yaranmış təşkilat kimi dəyərləndirmək lazımdırmı? Hesab etmək olar ki, böyük ölçüdə bu təşkilat Qlobal Qərblə əməkdaşlıq məqsədi ilə yaradılıb. Əslində BRİCS üzvlərinin Qlobal Qərblə iqtisadi əlaqələrinin statistikasına nəzər salsaq, bu, aydın görünür. Məsələn, Çinin ABŞ və Aİ ilə iqtisadi əməkdaşlığı birlikdə illik 1,5 trilyon dolları keçir. Amma məsələ bir o qədər də sadə deyildir. Dövlətlərin arasında nə qədər də iqtisadi əlaqələr yüksək səviyyədə olsa da, siyasi ambisiyalar hər zaman öndə gəlir. Qlobal Qərb nə qədər Çinlə iqtisadi əlaqələrdə maraqlı görünsə də, əslində Çini özlərinin bir nömrəli rəqibi, hətta düşmanı hesab edirlər. Hind-Sakit okean hövzəsində yaradılan AUKUS bilavasitə Çinin qarşısını almaq üçün yaradılıb və ABŞ bu hövzədə mövcud olan ölkələrdən Cinə qarşı Asiya Pasifik NATO-su yaratmaqla məşğuldur. Görünən odur ki, iqtisadi mübarizə siyasi mübarizənin tərkib hissəsini təşkil edir və bir çox hallarda elə iqtisadi və siyasi mübarizə eyni mahiyyət daşıyır. Qeyd edilənlər fonunda hesab etmək olar ki, BRİCS də Qlobal Qərbə qarşı iqtisadi əlaqələr adı altında siyasi birlik mahiyyəti daşıyır: “Bu baxımdan Azərbaycan və Türkiyənin, xüsusən də, Türkiyənin NATO üzvü kimi BRİCS-də fəaliyyət göstərməsinin NATO tərəfindən xoş qarşılanmayacağı aşkardır. Təbii ki, Azərbaycanın "Qoşulmama Hərakatı" ölkələr təşkilatının üzvü kimi özünə yaratdığı imic onu Qərb tərəfindən olunan təzyiqlərdən nisbətən qoruyur və BRİCS-ə üzv olacağı təqdirdə də qoruyacaq. Çünki BRİKS üzvlərindən Hindistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Braziliyanın ABŞ-la siyasi əlaqələri müsbətdir. Son illərdə Rusiyanın Ukrayna işğal cəhdi ilə yaratdığı durum onu Qlobal Qərblə qarşı-qarşıya gətirib və bu durumda Azərbaycanın xüsusi ilə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində BRİCS-ə üzvlüyü məsələsinin ortaya çıxması müəyyən qədər narahatlıq yarada bilər. Məsələ ondadır ki, Qərbin bunu doğru anlayab-anlamaması əsas məsələdir. Amma hesab edirəm ki, Azərbaycanın BRİCS-ə üzvlük məsələsi ortaya çıxdıqdan sonra Qərbdən göstərilən reaksiyanın az olması onu göstərir ki, bu məsələdə Qərbin reaksiyası hələlik məqbuldur. Təbii ki, Qərb bunu razılıqla qarşılamır, amma buna etiraz da etmir. Amma hesab edirəm ki, Türkiyənin BRİCS-ə üzvlük məsələsi elə də asan keçməyəcək. Türkiyənin BRİCS-ə üzvlüyü BRİCS-i həm siyasi, həm də iqtisadi olaraq gücləndirəcəyi kimi, eyni zamanda, NATO-nun buna reaksiyasının kəskin olacağı qənaətindəyəm. Əslində Türkiyənin həqiqətən BRİCS-ə ciddi şəkildə üzv olmaq istədiyini fikirləşmirəm. Məsələ ondadır ki, Türkiyə uzun illərdir müxtəlif bəhanələr adı altında Aİ-na üzvlüyü məsələsində gözlədildi. Artıq Türkiyə rəhbərliyinin Aİ-dan belə bir gözləntilərinin olmadığı qeyd edildi. Türkiyənin Aİ-na qəbul olunmayacağını başa düşdüklərini bildirdilər və Aİ-nı bir "xristian klubu" adlandırdılar. Amma hesab edirəm ki, Aİ Türkiyəni günün birində öz sıralarına qəbul etmək qərarı versə, Türkiyə bunu sevinclə qarşılayacaq. Ümumiyyətlə, hesab edirəm ki, Türkiyənin BRİCS üzvlüyünə müraciət etməsinin kökündə Aİ və ABŞ-a təzyiq istəyi dayanır. Yəni, demək istəyir ki, siz məni Aİ-na almasanız mən də sizin rəqiblərin yaratdığı təşkilata üzv olacam.
Aİ-nın və ABŞ-ın Türkiyənin BRİCS üzvlüyü məsələsində göstərəcəyi reaksiyanın Türkiyənin Rusiyadan S400 Hava Hücumundan Müdafiə sistemləri aldıqda göstərdiyi redaksiyadan fərqli olmayacağı qənaətindəyəm. ABŞ Türkiyəni NATO-dan belə çıxara bilər. Təbii ki, bu onların özü üçün də arzuolunmaz durumlar yaradar. Amma hesab edirəm ki, sırf bunun belə olması üçün BRİCS üzvləri Türkiyənin üzvlük məsələsində tərəddüd etməzlər. Bu baxımdan ABŞ-ın Türkiyənin BRİCS məsələsinə nisbətən loyal yanaşacağını da fikirləşmək olar. Hətta bir ehtimal Türkiyənin Aİ-na üzvlük məsələsini yenidən aktivləşdirməsi ehtimalı da böyük ola bilər”.
Politoloqun fikrincə, BRİCS-ə üzvlükdən Azərbaycan və Türkiyənin qazancı təbii ki, üzv ölkələrlə daha dərin iqtisadi inteqrasiya etmək şanslarının olması baxımından önəmlidir. İqtisadi inteqrasiya eyni zamanda həm də siyasi inteqrasiya anlamına gəlir, xüsusən də, İran və Hindistan ilə. Bu iki ölkə ilə Azərbaycanın siyasi problemləri olduğu bəllidir. Odur ki, BRİCS-ə üzvlük bu problemlərin aradan qalxmasına da öz təsirini göstərə bilər. Amma hesab edirəm ki, hələlik BRİCS təşkilatı qeyd edildiyi kimi də hərtərəfli inkişaf etmiş təşkilat deyildir. 15 ildir yaradılan BRİCS-in heç bir nizamnaməsi, mənzil qərargahı yoxdur. Bu illər ərzində bir ortaq inkişag bankı yaradılması məsələsi həll edilib. 100 milyard yatırım fondu olduğu qeyd edilir. Bunlar yanaşı ortaq pul vahidi və ya sisteminə keçilməsi planlaşdırılır deyilir, amma hələlik ortada bir şey yoxdur. BRİCS ölkələri arasında məsələn, Çin və Hindistan arasında həmişə düşmənçilik həddində qarşıdurmalar olur: “BRİCS təşkilatının G7 və G20 kimi dünya miqyasında problemli məsələlərə təsir imkanları, planları yoxdur. Ümumiyyətlə, BRİCS-in Qərbin finans sisteminə qarşı öz sistemini yaratmaq istəyi və bu məqsədlə yaradılması onu göstərir ki, bu təşkilat yeni dünya düzəni yaranması dövründə Qlobal Qərbin maliyyə sistemini dəyişməyi planlaşdırır. Hesab edirəm ki, bu faktın özü elə Qlobal Qərbə meydan oxumaqdır. Qərb öz hegemoniyasının əlindən alınmasına sakit baxmayacaq. Hələ ki, BRİCS-in yarandığı dövrdən bu günə kimi ciddi bir fəaliyyətinin olmaması Qərbi gözləmə mövqeyi tutmağa vadar edib. Qərb görsə ki, BRİCS onun finans sistemlərini kənarlaşdıran addımlar atmağa başlayır, məsələn, öz valyutalarını dövrəyə buraxır, dollardan tamamı ilə imtina edir, onda özünü göstərəcək. Görünən odur ki, böyük ehtimalla, BRİCS hələlik bu baxımdan həm tədricən öz sıralarına daha çox ölkə almaqla böyüməyi planlayır, həm də təşkilat daxili əlaqələrin, strukturların daha da inteqrasiyasını təşkil etməyi artırır. Müəyyən müddətdən sonra artıq hazır olduqda Qlobal Qərbin qarşısına açıq və güclü şəkildə çıxmağı planlayır. Təbii ki, bunlar bir ehtimaldır. Qərb də bunları bilməmiş deyildir. Buna qarşı öz tədbirlərini alır ki, 15 ildən çox müddətdə bu işlər BRİCS üçün irəliləyiş baxımından zəif gedir. Amma yeni dünya düzəni uğrunda mübarizə kəskinləşdikcə və həlledici dövrə daxil olduqca qarşı qütblərin oyunlarını daha açıq şəkildə oynayacaqları şübhə doğurmur. Bu dövrdə Azərbaycan və Türkiyənin atacağı addımlar elə hesablanmalıdır ki, yeni dünya düzəni konfiqurasiyasında öz layiqli yerimizi tuta bilək. Hesab edirəm ki, biz ən layiqli yerimizi Türk Dövlətləri Təşkilatının çərçivəsində tuta bilərik və bunun belə olması üçün çalışmalıyıq. BRİCS və ya hər hansı təşkilata üzv olmaq TDT-nın inkişafına vəsilə olmaq üçün bir vasitə olmalıdır. Hər şey Böyük Turan üçün!”.

Cavid