• 19 Sentyabr 2024
logo
Ermənistan Avropanın “qurban”ına çevriləcək

Ermənistan Avropanın “qurban”ına çevriləcək

Silahlanma rəsmi İrəvanın başına bəla olacaq

Ermənistan silahlanır, Hindistan, İran, Fransa, hətta Avropa İttifaqı rəsmi İrəvana silahlı yardım göstərməkdən məmnunluq ifadə ediblər. Lakin bunun Cənubi Qafqazda sülhün bərqərar ola biləcəyinə böyük maneə olduğunun fərqində deyillər. Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, işğalçı Ermənistanı silahlandıran ölkələr bölgədə sülh istəmirlər. Xüsusən ötən ayın sonlarında bu mövzu yerli medianın gündəmində oldu.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı medianın sualına cavabında deyib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.
"22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Bu qərarı necə şərh edərdiz?" sualına A.Hacızadə belə cavab verib: "Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
“Haber Qlobal”da dərc olunan “Düşmən münasibət, İrəvan və Afinaya silah tədarükü” adlı geniş məqalədə qeyd olunur ki, Hindistandan Ermənistan və Yunanıstana silah-sursat və hərbi texnika tədarükü davam edir.
Məqalədə Yunanıstana göndərilən silahların qlobal qarşıdurmaya səbəb olacağı bildirilib: “Afinanın Ankaraya qarşı Hindistandan aldığı raket sistemləri NATO-nun döyüş təyyarələrinə yerləşdirilə bilir. Yeni Dehli İrəvana külli miqdarda HHM sistemlər, PUA, Afinaya isə türk döyüş gəmilərinə qarşı istifadə üçün raket sistemləri satır. Sözügedən sistemlər NATO-da böhrana səbəb olacaq səviyyədədir”.
Yazıda İran və Hindistanın Rusiyanın yerinə keçdiyi bildirilib: “Aralarında “Faynənşl Tayms”, “Ekonomist Tayms”, “Azadlıq” radiosunun Avropa xidməti kimi tanınmış mətbuat orqanlarının olduğu bir sıra KİV orqanları da Ermənistana yalnız İranın deyil, Hindistanın da silah tədarük etdiyini təsdiqləyir. Hindistandan başlayan və İrandan keçərək Ermənistana qədər uzanan yolla həyata keçirilən daşınma ötən ilin aprel ayında imzalanan üçtərəfli müqavilə ilə başlayıb. Müxtəlif mənbələr Hindistandan Azərbaycana qarşı istifadə üçün Ermənistana göndərilən silahlar arasında mobil personal anti-dron və “Zen” HHM sistemlərinin olduğunu bildirirlər. İrəvanın Hindistana “Zen” sistemləri üçün 41 milyon, “Pinaka” reaktiv yaylım atəş sistemi üçün isə 260 milyon dollar ödədiyi haqqında da məlumatlar var. Ermənistan eyni zamanda imzalanan 155,5 milyon dollarlıq müqavilə əsasında Hindistandan 84 ədəd ATAGS topu alıb. Silahlar əvvəl İranın cənubunda və Birləşmiş Ərəb Əmirliyinin isə şimalında yerləşən liman şəhəri Bəndər-Abbasa gətirilir, sonra isə buradan quru yolu ilə Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana aparılır”.
“İran İnternational” mənbəsinə istinadən yazır ki, İran və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıblar.
İddia edilib ki, Tehran İrəvanı özünün kamikadze PUA-ları ilə təchiz edir.
“Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb”, - məqalədə bildirilib.
Nəşr İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya "Şahid-136", "Şahid-129", "Şahid-197", “Mühacir” kimi pilotsuz təyyarələr və “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.
İran və Ermənistanın xarici işlər və müdafiə nazirlikləri “İran İnternational”ın şərh üçün sorğusuna cavab verməyib.
Vaşinqton İnstitutundan hərbi ekspert Fərzin Nadimi deyib ki, bu miqyasda razılaşma Ermənistan üçün əhəmiyyətlidir: “İran əvvəllər də Ermənistana pilotsuz təyyarələr və bəzi başqa silahlar satıb, lakin bu miqyasda olmayıb”.
“Indian Defence Research Wing” portalının məlumatına görə,Hindistan bu ilin sonunadək Ermənistana “Akaş-1S” hava hücumundan müdafiə üzrə mobil sistemlərin tədarükünü həyata keçirəcək.
Bildirilib ki, “Bharat Dynamics Limited” şirkətinin istehsalı olan bu sistem istiqamətləndirici döyüş başlığı ilə təchiz edilib.
Məlumata əsasən, Ermənistan 2022-ci ildə Hindistandan 15 ədəd “Akaş-1S” sistemi alınması üçün saziş bağlayıb. Bu müqavilənin maya dəyəri 720 milyon dollar təşkil edib.
Siyasi şərhçi Fuad Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, Qərb dairələri, ölkələri tərəfindən Ermənistanın silahlandırılması gözlənilən addım idi. Xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü tam bərpasından sonra: “Ermənistan meydanda tək qaldı, ona söz və yağlı vədlər verən ölkələr Azərbaycan ordusunun gücü qarşısında geri çəkilmək məcburiyyətində qaldılar. Onlar Azərbaycanın işğalçı üzərində qələbə qazanacağına inanırdılar. Çünki ölkəmizdə aparılan ordu quruculuğu, ordunun müasir silahlarla təminatı onları vahiməyə, təşvişə salmışdı. Bu gün bölgədə çarəsiz qalan Ermənistan indi köməyi Qərbdən və okeanın o tayından gözləyir. Düzdür, Hindistan, İran, Fransa və hətta Avropa İttifaqı Ermənistana silahlar verir, amma onlar Azərbaycanı heç vaxt qorxuda bilməzlər. Sadəcə fon yaratmaq niyyətindədirlər, bununla da Ermənistana göstərmək istəyirlər ki, yanındayıq. Ermənistana silah yardımı edən ölkələrin niyyəti həm də Azərbaycanın güclü beynəlxalq əlaqələri və nüfuzunun güclənməsinin qarşısını almaqdır. Eyni zamanda türk dövlətləri birliyinin yaranması onları təşvişə salıb”.
Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib ki,Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, bu "dostlar" İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində ən az faktiki nəzarəti "qaytarmağa" məcbur etməlidirlər.
"Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə, Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanarının əməkdarşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir", - ekspert qeyd edib.
Arkovun fikrincə, Ermənistan hakimiyyəti onlara səxavətlə pul verildikdə, həmişə bir neçə sahibə eyni vaxtda xidmət etmək bacarığı ilə seçilib: "Buna görə də Hindistan silahlarının tədarükü baxımından mən Ermənistanı da nominal alıcı hesab edərdim. Məncə, real alıcı üçüncü tərəfdir, ola bilsin Hindistan mövcud məhdudiyyətlərə görə birbaşa silah verə bilmir. Müasir dünyada bu, adi haldır. Vaxtilə Bakı Tehranla İrəvan arasında külli miqdarda raket sistemlərinin tədarükü ilə bağlı danışıqlara həssas yanaşırdı. Əslində, bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulmamışdı".
QHT sədri Füzuli Kərimovun fikrincə, Ermənistanın silahlanması regional təhlükəsizliyə təhdid yaradır. O, qeyd edib ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir: “Buna da başlıca səbəb Qərbin, xüsusən də Fransanın Ermənistanı qızışdırmasıdır. Qərb Ermənistanı silahlandırmaqla onu təhlükəyə atmış olur. Ermənistan bunu başa düşməlidir və özünü qorumalıdır. Ermənistanı Azərbaycana qarşı silahlandıran Qərbin heç bir ölkəninin vətəndaşı gəlib Ermənistan tərəfindən döyüşməyəcək. Sadəcə, Qərb Ermənistana “ruh” verir. Ermənistanı ikinci Ukraynana çevirmək istəyirlər. Ermənistan Avropanın qurbanına çevriləcək”.
Politoloq Azər Qasımovun fikrincə, Ermənistanın silahlanması anlayışı onu silahlandıranların maraqlarının qurbanına çevirmək anlayışı ilə düz mütənasibdir. Ermənistan silahlanıb nə edə bilər. Vaxtilə Azərbaycan ərazilərini işğal edəndə bunun hesabına müəyyən strateji dərinlik, yüksəkliklər və neytral ərazi əldə etmişdi ki, bu da Ermənistana müəyyən hərbi taktiki üstünlük vermişdi. İşğala son qoyulandan və Azərbaycan ordusunun bütün yüksəkliklərə sahib olandan sonra Ermənistan artıq elə duruma düşüb ki, onun silahlanması heç nəyi dəyişməz.
O hesab edir ki, Ermənistan daxildə öz əhalisini rahatlatmaq üçün hansısa silahlanma görüntüsü yaratmaq istəyir: "Ermənistanın silahlanması sadəcə onun özünə zərbə vurur. Azərbaycan bundan öz təhlükəsizliyi üçün təhdid hiss edir. Çünki acı təcrübə göz önündədir. Maraqlı güclər Ermənistanı şirnikləndirməklə regionda möhkəmlənmək istəyirlər. Həmin güclərin heç biri Ermənistanın yerinə döyüşməz. Odur ki, Ermənistan silahlanma yox, sülh müqaviləsi yolunda işləri sürətləndirməlidir. Bu, onun təhlükəsizliyi üçün daha məqbul yoldur".

Cavid