• 10 Sentyabr 2024
logo
Siyasi əxlaqsızlığın müasir təzahür forması

Siyasi əxlaqsızlığın müasir təzahür forması

2003-cü ildə aspiranturaya daxil olduğum gündən etibarən ölkənin siyasi prosesləri daim mənim gənc tədqiqatçı diqqətimi cəlb edirdi. Ötən dövr ərzində müşahidələrimin nəticəsində dəfələrlə bir faktı “çırpaq həqiqət” olaraq özüm üçün müəyyən etmişdim: radikal təfəkkür tərzi apriori olaraq cəmiyyətə barış və inkişaf gətirə biləcək qüvvə sayıla bilməz. Radikal təfəkkürün dəyərlər sistemində “əxlaq”, “ədalət”, “rasionallıq”, “millilik”, “obyektivlik” və “sağlam düşüncə” kimi məfhumlar amputasiya olunub.

Diqqət yetirin, bu psevdosiyasətçilərin alətlərinə: demaqogiya, emosional manipulyasiya və təhrikedici ritorika. Vəssalam, ötən 30 il ərzində öyrəndikləri budur. Türk qardaşlarımız bu yerdə yaxşı deyirlər: yazıqlar olsun! Sahib olduqları manyakal, əsassız ambisiya və xain xislətləri səbəbində onların inkişafı çoxdan dayanıb. Bu siyasətciklərin əlindən həmin alətlər (demaqogiya, emosional manipulyasiya və təhrikedici ritorika) alınsa onlar dərhal sadəcə “lal ördəyə” çevrilmiş olarlar. Əlbəttə ki, bu cür şəxslər oynadıqları bütün qərəzli tamaşalarına rəğmən heç zaman xalqın, xüsusilə də tərəqqi və müasir düşüncəli gənclərin dəstəyini qaza bilməzlər.
Mövzuya təkrar olaraq qayıtmaq vadar edən kiçik, eyni zamanda olduqca əlamətdar olan bir siyasi fraqmentdir. Ölkənin siyasi münasibətlər sistemində hələ də özünə yer tapa bilməyən bizim bu bəlalı siyasətciklər yenə də köhnə, çeynənilmiş və artıq kifayət qədər bezdirmiş “boykot” mahnılarını oxumağa başlayıblar.

Bu haqda biz kifayət qədər yazmışıq, əslində bu cür yaramaz “boykot” oyunlarına cəmiyyətinin münasibətini əks etdirən yazılar ölkənin informasiya məkanında olduqca çoxdur. Odur ki, təkrarlılığa yer verməmək üçün mövcud halda diqqətinizi cəmi bir epizoda yönəltmək istərdik. Həmin bu epizod bilavasitə siyasi əxlaqsızlığın təcəssümü hesab oluna bilər.

Potensialı, resursu, fəaliyyətin nəticəsi, ictimai dəstəyi, dayanıqlı elektoratı olmayan və ötən dövr ərzində öz mövcudluğunu yalnız ucuz demaqogiya ilə nümayiş etdirmiş bir dəstəcik və sosial şəbəkə “Robinqudları” sən demə seçkilərə boykot elan edirlər. Bunun tək bir adı ola bilər: siyasi əxlaqsızlıq.

Yalnız cəmiyyətin böyük hissəsini özündə birləşdirən hər-hansı bir real siyasi qüvvə seçkilərdə iştirak etməkdən imtina etdiyi halda söhbət həqiqi boykotdan gedə bilər. Nəticələrə real təsir etmək iqtidarında olan qüvvə boykot elan edərək iştirak etməkdən imtina edə bilər. Daha aydın təsvir etmək üçün təsəvvür edin ki, Azərbaycanda YAP kimi nəhəng siyasi qüvvə seçkilərə boykot elan edir. Əlbəttə ki, bu seçkilərin nəinki nəticələrinin obyektivlik dərəcəsinə təsir edə bilər, ümumiyyətlə seçkilərin keçirilməsini mümkünsüz edər. Boykot bax budur.

Qeyd olunanlar müstəvisində yuxarıda söylədiyimiz maraqlı və əlamətdar epizoda qayıdaq. İnformasiya resurslarının birində sözün hərfi mənasında danışan rəqəmlərlə rastlaşdım. Belə ki, cəmi bir neçə gün keçməsinə rəğmən artıq 22 siyasi partiya seçkilərdə iştirak etmək istəyini bildirib və səlahiyyətli nümayəndələrinin adlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçkilərə qatılmaq istəyən siyasi partiya nümayəndələrinin sayı isə 260 nəfərə çatıb. Xatırladaq seçkilərin elan olunmasında cəmi bir neçə gün keçib və sözsüz ki, bu göstəricilər artacaqdır. Qeyd olunan fakt ölkəmizdə yaşanan siyasi aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, əhali öz seçimini edib və onun seçimi demokratik münasibətlərdir və demokratik dəyərlərdir. Əslində bu fəallıq və bu cür aktivlik qeyd etdiyimiz kimi inkişafı ötən əsrin səksəninci illərində dayanmış radikallara və radikal düşüncə tərzinə bay-bay deməkdir.

Politoloq Asif Adil