• 24 İyul 2024
logo
“Azərbaycanın ŞƏT-ə və BRİCS-ə üzv olmaq istəyini təqdir edərdim”

“Azərbaycanın ŞƏT-ə və BRİCS-ə üzv olmaq istəyini təqdir edərdim”

Qüdrət Həsənquliyev: “Bizim iqtisadiyyatımız yalnız iri birliklər çərçivəsində sürətlə inkişaf edə bilər”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı, keçirdiyi görüşlər, imzalanan sənədlər barədə fikirlərinizi bilmək istərdik.

- Vətən Müharibəsində qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb. Azərbaycan regionun, türk dünyasının siyasi mərkəzlərindən birinə, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinə çevrilməkdədir. Uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin regionun maliyyyə mərkəzinə də çevrilmək imkanı var. Prezidentin səfər zamanı dövlət başçıları ilə keçirdiyi ikitərəfli, Türkiyə və Pakistan liderləri ilə keçirdiyi üçtərəfli görüş ölkəmizin təhlükəsizliyi və inkişafı baxımından çox önəmlidr. Çinlə imzalanmış strateji tərəfdaşlığa dair Bəyannaməni isə xüsusi qeyd etmək istəyirəm. Çinin Azərbaycanın ərzi bütövlüyünə və təhlükəsizliyinə, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvülüyünə, Şərq-Qərb nəqliyyat dəhlizinə verəcəyi dəstək son dərəcə əhəmiyyətlidir. Səfəri ölkəmiz üçün olduqca uğurlu hesab edirəm. Azərbaycanın ŞƏT-ə və BRİCS-ə üzv olmaq istəyini təqdir edərdim. Mən, ümumiyyətlə, Avrasiya məkanında Avropa İttifaqı modelində yeni birliyin yaradılması tərəfdarıyam. Bizim iqtisadiyyatımız yalnız iri birliklər çərçivəsində sürətlə inkişaf edə bilər.

- Putinlə görüş zamanı Prezidentin ölkəmizdə rus dilinə verilən qiymət barədə fikri bəzi şəxslərin tənqidi ilə üzləşib. Siz necə düşünürsünüz?

- Zamanla Azərbaycan rus dili vasitəsilə dünya elminə, mədəniyyətinə çıxış əldə edib. Bu gün Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, ölkəmizdəki ailə üzvlərinə də maddi kömək göstərirlər. Vətəndaşlarımızın hər beş nəfərindən birinin teleyi Rusiya ilə, rus dili ilə əlaqəlidir. Kiçik araşdırma aparılsa aydın olacaq ki, tənqidçilərin mütləq əksəriyyəti bu dildə danışır. Uzun müddət bir-birimizdən aralı düşməyimiz səbəbindən türk xalqlarının leksikonunda fərqliliklər yaranmış və bu gün biz türk xalqlarının çoxu ilə, keçmiş Sovet İttifaqı respublikalarının xalqları ilə rus dilində anlaşırıq. Bu gerçəklik heç bir xalqa öz dilini inkişaf etdirməyə, öz dilində danışmağa mane olmur, əksinə xalqlar arasında ünsiyyət yaradılmasına,əməkdaşlığa, humanitar əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Biz sadəcə çalışmalıyıq ki, beynəlxalq dil olan ingilis dilinin də ölkəmizdə geniş miqyasda öyrədilməsi üçün xüsusi dövlət proqramı qəbul edək. Tənqidçilər isə qərəzli və sifariş yerinə yetirənlərdir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının Şuşa sammitində təşəbbüs göstərə bilər ki, ortaq türk dili kimi Anadolu türkcəsi (85 milyon insan bu dildə danışdığı üçün) bütün türk respublikalarında geniş tədris olunsun və hər bir türk bir-biri ilə ana dilində ünsiyyət qura bilsin.

- Azərbaycanın NATO sammitinə qatılmalıdırmı?

- Düşünürəm ki, bəli. Biz müstəqil ölkəyik. Azərbaycanın NATO ilə əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib, yalnız təhlükəsizliyə xidmət edir. Biz NATO-ya üzv olmağa hazırlaşmırıq. Qardaş Türkiyənin də üzv olduğu blokun dəvətindən imtinanı doğru saymazdım.