• 21 İyul 2024
logo
Geosiyasi proseslərdə nüvə silahı faktoru

Geosiyasi proseslərdə nüvə silahı faktoru

Bəşəriyyətin yarandığı, insan cəmiyyətinin formalaşdığı gündən ədalət və onun təntənəsi haqqında şifahi xalq ədəbiyyatı nümunələrinin yaranmasına, saysız-hesabsız fəlsəfi və bədii əsərlərin yazılmasına rəğmən dünya yaradılan bütün canlıların ilkin instiktiv qavrayışları üzərində, yəni cəngəllik qanunlarıyla idarə olunub. İnsanlar da, onların yaratdıqları dövlətlər də həmçinin... Güclü zəifə qalib gəlib...
Böyük dövlətlər kiçik və zəifləri parçalayıblar, yaxud öz maraqları naminə güdaza veriblər. Kral Arturlar, Robin Qudlar, Koroğlular... isə tarixin müxtəlif dönəmlərində zəif düşən, müdafiəsiz qalan xalqların gələcəyə olan ümidlərini qorumaq üçün uydurduqları, öz arzu və istəklərinin sərhədlərinə uyğun şəkildə böyütdükləri obrazlardır. Sadəcə obrazlar...
...Dünya dəyşir, geosiyasi reallıqlar və onların bizə təqdim olunan, yaxud bizim qəbul etdiyimiz virtual gerçəklikləri arxasında ustalıqla gizlədilmiş görüntüləri də həmçinin...
İnformasiya və kommunikasiya texnologiyalarının surətli inkişafı dünyanı ovucunda görmək istəyənlərin bir zamanlar ilğım təsiri bağışlayan hədəflərinin ən azı virtual müstəvidə təlqin və qəbul edilməsinə imkan yaradır.
Təəssüf ki, dünyanın geosiyasi reallıqları dövlətlərin xəritə üzərindəki rəngləri qədər cazibədar deyil. Xəritə sadəcə kağız parçasıdı...
Bu gün sosial şəbəkələrin sevimli qəhrəmanına çevrilmiş Albert Eynşteyn nisbilik nəzəriyyəsi, kütlə və enerjinin ekvivalentliyi arasındakı məsafə ilə bağlı kəşflərinin bəşəriyyəti daim məhvolma təhlükəsi altında saxlayacaq dəhşətli bir silahın yaradılmasına yol açacağını bilsəydi, bəlkə də kəşflərini öz nəhəng beyninin dərin qatlarında gizlədib, gün işığına çıxmasına imkan verməzdi...
Yaxud nasistlərin atom bombası araşdırmaları barədə prezident Ruzveltə xəbərdarlıq etməzdi...
Eynşteynin Xirosima və Naqasaki faciələrindən sonra prezident Ruzveltə ünvanladığı məktubuna görə peşmanlıq hissi keçirdiyi barədə müxtəlif fərziyyələr var. Onun dostu Linus Paulinqlə həyatının ən böyük xətası barədə söhbətinin də həqiqət olmadığl bildirilir. Həqiqət olan isə böyük güclərin istinad mənbəyinə, yaxud böyük güc və təhlükəsiz olmanın hələlik dəyişilməz düsturuna çevrilən nüvə silahıdır.
Fərziyyələr müxtəlifdir. Amma bütün fərizyyələrə və nəzəri yanaşmalara baxmayaraq, nüvə silahı ilə bağlı suallar, xüsusilə də Qərb-Rusiya qarşıdurması, eləcə də Ukraynada davam etməkdə olan müharibənin fonunda öz aktuallığını qoruyub saxlayır.
Nüvə silahı hansı şəraitdə və kimlərə qarşı tətbiq oluna, hansı təhdidlər yarada və hansı nəticələrə yol aça bilər? Dünyada baş verən proseslər və bu suallar ətrafında müzakirə açılanda əsasən bir qənaətə gəlmək mümkün olur:
Nüvə silahından hərbi münaqişədə istifadə olunması hər iki tərəf üçün dəhşətli nəticələrə yol aça bilər. Yəni, kimliyindən asılı olmayaraq, nüvə silahını tətbiq edən də, nüvə hücumuna məruz qalan da son nəticədə fəlakətə məruz qalır.
Belə olduğu təqdirdə, ortalığa bir sual çıxır: Əgər nüvə silahından hərbi məqsədlər üçün istifadə olunması mümkün deyilsə, o zaman nüvə potensialına malik olmaq uğrunda aparılan mübarizənin əsasında hansı amillər dayanır? Şübhəsiz ki, siyasi məqsədlər. Bu gün nüvə silahı hərbi-texniki faktordan daha çox siyasi və geosiyasi məqsədlər üçün istifadə olunan əsas təhdid və eyni zamanda təhlükəsizlik elementi sayılır.
Bizi nüvə silahının qlobal qarşıdurmalardan çəkindirici faktor kimi daha qabarıq şəkildə istifadə olunduğu dövrdən böyük bir zaman kəsiyi ayırmır. Ötən yüzilin ikinci yarısında, ən kəskin ideoloji və siyasi qütbləşmənin mövcud olduğu bir dövrdə məhz bu faktor – kütləvi qırğın silahından istifadə nəticəsində qarşılıqlı məhvetmə və məhvolma təhlükəsi birbişa hərbi qarşıdurmanın qarşısının alınması və qlobal sülhün qorunması müstəvisində əvəzolunmaz bir mövqeyə sahib idi.
Bu səbəbdən də açıq güc nümayişi, birbaşa hərbi qarşıdurmalar nüvə silahından başqa bütün silahların istifadə edildiyi üçüncü ölkələrin ərazisində həyata keçirilirdi. Bu gün də Yaxın Şərqdə, Qara dəniz və Baltik dənizi hövzələri regionunda baş verənləri nəzərə alsaq, proseslərin az qala təkrar olunduğunu söyləyə bilərik. Amma indi geosiyasi maraqlar, qarşıdurma subyektlərinin sayı və maraqları kifayət qədər rəngarəngdir. Dünya göründüyü, yaxud təqdim edildiyi kimi nüvə potensialına sahib olan iki qütbdən və onların işarəsi ilə hərəkət edən peyklərdən ibarət deyil.
Bu baxımdan, aparıcı nüvə dövlətlərinin hərbi-siyasi dairələrinin nüvə silahının beynəlxalq təhlükəsizliyi təmin edən əsas element kimi öz ömrünü başa vurması barədə qənaətlərini başa düşmək olar. Çünki hazırda aparıcı güclərin geosiyasi maraqlarına qarşı mübarizə üçün enerji və insan resursları zəngin olan dövlətlərin nüvə silahına sahiblənmək niyyəti də nə qədər paradoksal olsa da təhlükəsizlik amilindən qaynaqlanır. Nüvə silahının birbaşa hərbi müdaxilə və münaqişələrdən əsas çəkindirici alət kimi oynadığı rol bu kütləvi qırğın silahına yiyələnmək uğrunda mübarizəni də gücləndirib.
Nüvə potensialına malik əsas güclər arasında mövcud olan açıq geosiyasi qarşıdurma isə nüvə silahının yayılmaması ilə bağlı ikitərəfli, çoxtərəfli müqavilələrin və digər beynəlxalq sənədlərin icrasını çətinləşdirib. Qlobal nəzarətə və uzlaşmaya mane olan amillərin sayı çoxalıb. Yaranmış vəziyyət isə nüvə silahının çəkindirici siyasi faktordan daha çox hərbi-texniki vasitəyə çevrilə biləcəyi təhlükəsini daha da artırır.
Hələliksə nəhəng nüvə potensialına malik olan güc sahibləri Bismarkın “niyyəti yox, potensialı qiymətləndirmək lazımdır” prinsipindən çıxış edərək, soyuq müharibə dövründə olduğu kimi öz əzələlərini qlobal geosiyasi maraqların poliqonuna çevrilmiş qaynar nöqtələrdə davam etdirirlər. Satılan və açılan isə adi silahlardır...

Elçin Mirzəbəyli