• 13 İyun 2024
logo
Səmimiyyət, etimad və dostluq əlaqələri

Səmimiyyət, etimad və dostluq əlaqələri

Azərbaycan dövləti ilə Belarus dövləti arasındakı qarşılıqlı əlaqələr və isti münasibətlər dinamik inkişaf etdirilir. Belarus Prezidenti Aleksandr Lukaşenko 16-17 may tarixlərində ölkəmizdə dövlət səfərində oldu. Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır.

İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. “Hər şeydən əvvəl Azərbaycan özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”. Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Cənab Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib.

Azərbaycan Prezidenti işgaldan azad olunan ərazilərdə görüləcək işlərə də diqqət çəkərək bildirdi ki, İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.Prezident İlham Əliyev beynəlxalq müstəvidə mövcud münasibətlərə də aydınlıq gətirərək ölkələrimiz arasındakı isti baglantıları yüksək qiymətləndirdi.

Ermənistanın işğalçılıq siyasəti dövründə Belarus Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib. Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. Prezident İlham Əliyev deyib: “Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.

Aleksandr Lukaşenko, həmçinin bu arzunu ifadə etdi ki, dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm: “Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız.”

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, ticarət dövriyyəsinin həcminin də əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.


Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti