• 27 İyul 2024
logo
Prezident Rəisi ilə son görüşündən danışdı

Prezident Rəisi ilə son görüşündən danışdı

Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq.

Baymedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İran səfirliyində səfirliyin müvəqqəti işlər vəkili ilə söhbəti zamanı deyib.

"Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.

Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.

Faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda", - Prezident bildirib.