• 22 Aprel 2024
logo
Kuçinin gücü çatmaz...

Kuçinin gücü çatmaz...

Uzun illər boyu Ermənsitanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, müsəlman azərbaycanlılara məxsus dini abidələrin yerlə yeksan etməsinə, ziyarətgahları dağıtmasına, məscidlərin donuz tövləsinə çevirməsinə dəstək verən, ən müxtəlif yollarla və bəhanələrlə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda mübarizəyə maneə yaratmağa çalışan, işğalçının hələ delimitasiya olunmamış sərhədlərini özünün “qırmızı xətti” elan edən, Zəngəzur dəhlizinin gerçəkləşməməsi üçün saysız-hesabsız oyunlardan çıxan, bir zamanlar sahilinə yaxınlaşmağa qorxduğu Xəzərdən əlavə pay uman İranın müstəqilliyimizin bütün dövrlərində düşmənlərimizin yanında və qarşımızda olduğunu çox yaxşı bilirik. Bütün dünyada “terrorizmin sponsoru” kimi tanınan bu ölkənin Azərbaycanın dünyəvi dövlət modelinə münasibətdə həyata keçirdiyi gizli və aşkar oyunlardan da, yaxşı xəbərimiz var. Əlinə imkan düşən kimi Azərbaycanı strateji hədəflərindən yayındırmaq üçün bacardığını edib, düşmən kimi qələmə verdikləri ilə qol-boyun olub, azərbaycanlılın izini bölgədən silmək istəyənlərin qulluğunda dayanıb, günahsız müsəlmanları qətlə yetirənlərə, yurdlarını viran qoyanlara “bəçeşm”, “befərman” deyib, işi keçənlərə quyruq bulayıb, güclünün qarşısında real təhlükə yarananda quyruğunu qısıb, mısıb və susub...
Azərbaycan öz haqqı uğrunda mücadilə aparanda sərhəddə qoşun toplayıb, əzələ nümayiş etdirib, amma Azərbaycanın Tehranda dislokasiya olunmuş səfirliyinin mühafizəsini təşkil etməyə, terrorun qarşısını almağa gücü çatmayıb. İndi öz ərazisindəki diplomatik nümayəndəliyin təhlükəsizliyini təmin edə bilməyən bir ölkə Dəməşqdəki konsulluğuna edilən hava hücumunun qisasını, məntiqi izahı olmayan səbəblərdən Azərbaycandan almağa çalışır. Məsəli bu yazıda adı keçən və keçməyənlərdən uzaq, Arazın o tayında da, bu tayında da məşhur bir el məsəlində deyilidiyi kimi, “Eşşəyə gücü çatmır, palanı döyür”. Bu yerdə Seyyid Əzim Şirvanı ilə Mirzə Ələkbərin qarşılıqlı həcv-məktlarından birində yer alan iki beyti xatırlatmasam olmaz:

Seyyid Əzim Şirvani: “Mirzə, ver bura qəlyanı,
Yoxsa soxaram gözünə bütün Salyanı”.

Mirzə Ələkbər Sabir: “Seyyid, sən ki, belə güclü idin
Neyçün saxlamadın zəlzələdən Şirvanı...”

Ustadların ruhu bağışlasın, etik normaları nəzərə alıb, beytin birində azacıq dəyişiklik etmək məcburiyyətində qaldım.
Keçək mətləbə... Deməli, İran parlamentinin SEPAH-ın şinelindən çıxmış və bir qayda olaraq, sözügedən terror və kəşfiyyat birləşməsinin sözçüsü kimi çıxış edən deputatı Cəlal Rəşidi Kuçi “X” platformasında İranın Dəməşqdəki konsulluğuna hava hücumuna cavab olaraq, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyini hədəfə almağın zəruriliyini vurğulayıb. Sitat: “Sionistlərin” İran ərazisinə hərbi hücumuna istənilən başlıq altında qətiyyətli və oxşar cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.
Sözün doğrusu, SEPAH-ın Kuçi qulBEÇƏsinin Azərbaycanın paytaxtında yerləşən dilomatik nümayəndəliyin hədəfə alınması ilə bağlı, özündə hərbi müdaxiləyə, müharibəyə, terrora çağırış elementlərini daşıyan bu iddialarının İranın rəsmi dairələrinin mövqeyini nə dərəcədə ifadə etdiyini deməyə çətinlik çəkirəm. Amma Kuçinin bundan öncə “Telegram” kanallarında deyil, rejimin rəsmi orqanı “Tehran Times”də yer alan açıqlama və məqalələri, həmçinin bu açıqlama və məqalalərdə SEPAH-ın adını “terror təşkilatları siyahısı”na salan, salmaq istəyən ölkələrin, o cümlədən Avropa İttifaqının hərbi hücumla, terrorla təhdid edilməsi, sözügedən şəxsin öz sözünü demədiyini düşünməyə əsas verir. Yəni bu böyüklükdə qələt qılmağa KUÇİnin, yumşaq yazsam, GÜCÜ çatmaz. Əgər xatırlayırsınızsa, 44 günlük müharibədən sonra Azərbaycanla bağlı bütün planları pozulan Tehran rejimi Həsən Amili adlı birisinin diliylə ölkəmizi hədəfə almışdı və adını, peşəsini təkrar-təkrar xatırlatmaq istəmədiyim bu klassik “Molla Taraqqa” bizə “şirin quyruğu ilə oynamayın” deyirdi. O vaxtdan “şirin quruğu”nu görən olmayıb.
Sözün kəsəsi, bu “İran” deyə xitab etdiyimiz ölkənin rəsmi nümayəndələri, parlamentariləri, din alverçilərinin ifadə tərzində, mahiyyət etibarilə bir o qədər də ciddi fərq yoxdur: “Şirin quyruğu”, “qırmızı xətt”, “yaşıl həlqə”, “çəhrayı düzbucaq”… Elə bil siyasətlə həndəsənin və zoologiyanın sintezini yaradırlar. Əslində, qarışqadan fil, fildən isə qarışqa düzəltmək İranın bəzi siyasi və dini, yaxud əksinə, təmsilçilərinin köhnə azarlarıdır. Bunların siyasəti də, əməllərinin görünən tərəfləri də mübaliğə, taşbeh üzərində qurulub. Zalım uşağı, siyasətdə də Firdövsinin şeirlərini deyirlər elə bil...
Adama deyən gərək, sənin Dəməşqdəki konsulluğunu kim hədəfə alıb, get sözünü öna de. Gücün, cəsarətin və daha nə bilim nəyin çatırsa cavabını döyüş meydanında ver. Necə ki, Azərbaycan işğalın, kütləvi qətllərin və saysız-hesabsız müharibə cinayətlərinin cavabını döyüş meydanında, həm də misli görünməmiş bir cəsarətlə, ləyaqətlə, mərdliklə verdi... Ermənistanın İrandakı, yaxud başqa bir ölkədəki diplomatik korpusunu hədəfə almadı... Hətta işğalçıya yanacaq, silah-sursat və “zəhərlənmələri” üçün ərzaq daşıyan İran TIR-larına belə toxunmadı. Öz torpağında apardığı müharibədə belə döyüş əməliyyatlarında iştirak etməyən düşmənlərinin həyatını qorudu, torpağını tar-mar edən təcavüzkarın qanunsuz tikililərini mühafizə etdi...
Öyrənin də, gorumuza aparmayacağıq ki... İnsanlığı, mərdliyi..., öyrənin...
Yoxsa bizə dil uzatmayın, hədələməyin, əsassız ittihamlarla hədəfə almayın, KUÇİ kimiləri quyruğu qapı arasında qalmış KÜÇÜK kimi zingildətməyin üzərimizə...

Elçin Mirzəbəyli