• 27 Aprel 2024
logo
“Xalq Cəbhəsi”nin əməkdaşının Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb

“Xalq Cəbhəsi”nin əməkdaşının Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb. “Şuşa: dünyanın mədəniyyət incisi” sərlövhəli yazı İngiltərə, İtaliya, İordaniya, İraq, Misir, Əlcəzair, Sudan, Özbəkistan və Pakistanın müxtəlif mətbuat orqanlarında işıq üzü görüb.
Məqalədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etdiyi diqqətə çatdırılır. Eyni zamanda Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ bölgəsində, eyni zamanda Şuşada ciddi quruculuq işləri görüldüyü, bununla yanaşı Şuşanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur.
Həmçinin Şuşanın görkəmli incəsənət xadimlərindən, şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunması, uzun illər işğal altında saxlanılmasından, işğal müddətində Azərbaycanın tarixi abidələrinin dağıdılmaslndan bəhs edilir: “...2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq.
Beləliklə Şuşa 30 il işğal altında saxlanılan Qarabağın azadlıq, eyni zamanda ədalətin, sülhün, əminamanlığın simvoludur. Şuşa həmçinin mədəniyyət beşiyidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsinin xüsusi anlamı var.
Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra orada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Bu gün Şuşa öz sahiblərinə qayıdıb. Şuşa inkişaf edir və dünyanın ən gözəl turistik mərkəzlərindən birinə çevriləcək. Qədim Azərbaycan şəhəri olan Şuşaya çoxsaylı xarici siyasətçilər, elm adamları, eksperltər, jurnalistlər səfərlər edbilər. Xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızı Şuşaya dəvət edir və bu möhtəşəm mədəniyyət paytaxtımızı görmələrini arzulayırıq”.