• 19 Aprel 2024
logo
Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib

Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib

Mayın 11-də tanınmış jurnalist, yazıçı-publisist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib. Ölkənin jurnalist və idman ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasim Masazır qəsəbəsində mərhumun yaşadığı evin qarşısında olub.
Toplantıda çıxış edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu Məzahir Süleymanzadəni peşəkar jurnalist, eyni zamanda ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla birgə çalışdığı illərə ekskurs edərək bildirib ki, mərhum qələm sahibi həmişə sözün təəssübünü çəkib, eyni zamanda sözün milli maraqlar naminə işlədilməsində fədakarlıq, qorxmazlıq göstərib.
Tahir Aydınoğlunun fikrini davam etdirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Məzahir Süleymanzadə tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat təmsilçilərindəndir. Məzahir Süleymanzadənin əzmkarlığı ilə ərsəyə gəlmiş “Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan cəmiyyətinə çatdırılmasında müstəsna rol oynaylb. Nəşrin faciəni əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu, Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir.
Əflatun Amaşov eyni zamanda bildirib ki, işgüzarlığını və əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış Məzahir Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisinin formalaşdırılmasının fəal təşəbbüskarlarından olub. Bu məclis işini ömrünü-gününü peşəsinə həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə nəcib və xeyirxah təşəbbüslərə imza atıb. MŞ sədri çıxışında həmçinin qeyd edib ki, Məzahir Süleymanzadənin mənalı həyat yolu jurnalistikaya çoxşaxəli fəaliyyət sahəsi baxımından yanaşmanın örnək sayıla biləcək nümunəsidir.
İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov Məzahir Süleymanzadəni əsl dost, həmkar kimi xarakterizə edən keyfiyyətlərə diqqət çəkib. Onun yoxluğunun bütövlükdə Azərbaycan jurnalistikası üçün ağır itki olduğunu vurğulayıb.
Toplantıda çıxış edənlər Məzahir Süleymanzadə şəxsiyyətini bütövlük, mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi kimi dəyərləndirib, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Süleymanzadə Məzahir Bəybala oğlu 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edib. Hərbi xidmət müddətində Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb.
Məzahir Süleymanzadə müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya Zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb. Daha sonra “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.
1989-cu ildə böyük əziyyətlər hesabına Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından sayılan “Səhər” qəzetini yaradıb. Bu nəşr 1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra buraxılmış nömrəsinə görə mətbuat tariximizdə 2 milyon tirajla oxuculara çatdırılan ilk qəzet, şəhidlərimizin xatirəsinə ucaldılmış möhtəşəm söz abidəsi kimi tarixə düşüb. Çoxşaxəli yaradıcılıq diapazonuna malik Məzahir Süleymanzadə Azərbaycan Televiziyasında proqram aparıcısı, radionun məşhur “Bulaq” verilişinin daimi müəlliflərindən biri olaraq tanınıb. Bununla yanaşı o, ölkəmizdə idman jurnalistikasının inkişafına da müstəsna töhfələr verib.
Müxtəlif illərdə pedaqoji fəaliyyətilə diqqət çəkmiş veteran jurnalist yazıçı və publisist qələminin uğuru ilə də hər kəsi sevindirib, oxucuların dərin rəğbətini qazanıb. Onun çoxsaylı kitablarında özünü göstərmiş yaradıcılıq dəst-xətti Vətənə, torpağa, dogma yurda misilsiz bağlılıq nümunəsidir. Mövzu dairəsinin genişliyi və zənginliyi jurnalistin söz sənətində vətənpərvərlik anlayışına verdiyi bənzərsiz və təkrarsız tərifdir.
Çoxillik əməyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş Məzahir Süleymanzadə “Əməkdar mədəniyyət işçisi”, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. O, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” Ali mükafatı, həmçinin Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif edilib.
Səmimiyyət, işgüzarlıq, qayğıkeşlik, nəciblik və alicənablıq nümunəsi, söz sənətinin təəssübkeşi olan ustad jurnalist Məzahir Süleymanzadənin yoxluğu onu tanıyan hər kəs üçün son dərəcə ağırdır.
“Xalq cəbhəsi” qəzetinin redaksiyası mərhumun doğmalarına, əzizlərinə, saysız-hesabsız həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşür.
Allah rəhmət eləsin!