• 29 Mart 2024
logo
Media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatı ilə tanış olublar

Media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO

Ağdamın işğaldan azad olmuş ərazilərinə media-tur təşkil olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təşkil olunmuş media-turun məqsədi minatəmizləmə prosesini izləmək, minalardan təmizlənmiş ərazilərə baxış keçirmək, mina təmizləyənlərin iş prinsipi ilə tanışlıq olub.
Fövqəladə Hallar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Nazirliyin bölgədə fəaliyyət göstərən regional idarələri əlavə müasir avadanlıqlarla təchiz olunduqdan sonra heyətin sayı genişləndirilib. Əməkdaşlar müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Media nümayəndələrinə məlumat verilib ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar, əsasən, Ağdam və Füzuli rayonları ərazisində işğaldan azad edilən kənd və qəsəbələrdə, xüsusilə də yollar, elektrik xətləri çəkilən ərazilər, inşaat işləri aparılacaq sahələr, içməli su hövzələrinin kənarında aparılır.
Daha sonra media nümayəndələri ərazinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi prosesinə hazırlıq, əməkdaşların təlimatlandırılması, təmizləmə prosesini izləyiblər.
Jurnalistlər təmizlənmə zamanı aşkarlanmış mina və PHS-ə də baxış keçiriblər.
Media-tur zamanı yağış yağması səbəbindən beynəlxalq minatəmizləmə standartları və təhlükəsizlik nəzərə alınaraq, humanitar minatəmizləmə əməliyyatı dayandırılıb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki İstehkam Hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov APA-ya müsahibəsində bildirib ki, digər aidiyyəti dövlət orqanları ilə yanaşı, FHN-nin qüvvə və vasitələri işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tapşırıqlarına cəlb edilib.
Minatəmizləmə işlərini sürətləndirmək məqsədi ilə nazirliyin əməkdaşları Türkiyə Respublikasında aidiyyəti kurslarda, eləcə də Rusiya Federasiyası FHN-nin əməkdaşları tərəfindən keçirilən kurslarda iştirak edib və sertifikatlarla təmin olunub: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən akkreditasiya əsasında əraziyə cəlb edilib”.
Mina təhlükəsindən danışan S. Heydərov əhaliyə səslənərək, qaydalara riayət etməyə çağırıb: “Çağırışımız budur ki, polis nəzarət postlarından yayınaraq işğaldan azad olmuş ərazilərə keçidi dayandırsınlar. Hər bir şəxs şüurlu şəkildə dərk etməlidir ki, qaydalar məhz onların həyat və sağlamlıqlarını düşünərək qəbul edilib. Bu işdə bizə ən böyük dəstək məhz vətəndaşlarımızın məsuliyyətli yanaşmasıdır.
Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşmalıyıq.
Respublikanın bütün aidiyyəti orqanlarının qüvvə və vasitələri bu işə səfərbər edilib. Tezliklə ərazilər müharibənin partladıcı qalıqlarından təmizləndikdən sonra onlar öz doğma dədə-baba yurdlarına geri dönəcəklər”.
O, FHN-in işğaldan azad olan ərazilərdə quruculuq işlərində iştirak edən şəxsləri də ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istefa etməyə çağırdığını vurğulayıb.