“Uzun illərdir Ermənistan hökuməti açıq şəkildə Azərbaycan xalqına qarşı ekoloji terror həyata keçirir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. Onun sözlərinə görə, su resursları yayda əkin vaxtı kəsilir, qışda açılaraq süni sel təhlükəsi yaradılır: “Ağaclar, meşələr qırılır. Əkin sahələri yandırılır. Zəhərli metal tullantıları, mis hasilatı və emalı, molibden emalı zamanı yaranan zəhərli sular bizim içməli su mənbələrinə qəsdən təmizlənməmiş buraxılır. Bundan əlavə Qarabağ ərazisində mədənlərin qanunsuz hasilatı zamanı, xüsusilə qızıl, gümüş və mis emalı zamanı ətraf mühit, təbii landşaft və içməli su resursları həddən artıq istifadə olunurdu, çirkləndirilitdi və zəhərlənirdi. Ancaq dünya ictimaiyyəti buna susqunluqla qarşılıq verirdi. Ancaq Azərbaycan öz torpaqlarını azad edən kimi bütün Qərb, xüsusilə bəzi Avropa ölkələri davamlı olaraq süni şəkildə, Qarabağın erməni icması məskunlaşan ərazilərdə və Ermənistandakı ekoloji vəziyyəti gündəmə gətirirlər. Guya Azərbaycanın hərbi əməliyyatları və işğaldan azad olunmuş ərazilərdəki digər fəaliyyətlər Ermənistana və ermənilərə ekoloji təhdid yaradır”.
“İkiüzlülüyün şahidi oluruq”
O, əlavə edib ki, biz yenə də eyni ikiüzlülüyün şahidi oluruq: “Ermənistan ekologiyasını düşünən ölkələrin şirkətləri Azərbaycan çaylarını və torpağını çirkləndirməklə məşğuldur. Düşünürəm ki, Oxçuçayı çirkləndirən alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır, şirkət, şirkət rəhbərliyi və bağlı olduqları qruplar, səhmdarlar məsuliyyətə cəlb edilməlidir. Almaniya hökumətinə sərt şəkildə etiraz bildirilməlidir. Eyni zamanda çalışıb bu şirkətlərdən birini beynəlxalq məhkəmələrdə böyük təzminata məcbur etmək lazımdır ki, digər şirkətlərə də dərs olsun. Bir daha bu cür ekoloji cinayətlərə yol verməsinlər”.
Əli Zülfüqaroğlu