• 26 Aprel 2024
logo
400 milyon manat ƏDV istehlakçılara geri qaytarılıb

400 milyon manat ƏDV istehlakçılara geri qaytarılıb

“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür. Bu layihəni başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. “ƏDV geri al” layihəsi yeni nəsil NKA-ların tətbiqi ilə paralel şəkildə həyata keçirilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manata yaxın olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarına baxsaq, dövriyyə 3,1 milyard manata yaxındır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.
Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400,7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Digər tərəfdən nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Nağdsız ödəmələrin stmullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb ki, bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Bunlarla yanaşı, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin də bir hissəsi qaytarılır. Belə ki, Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Əslində iqtisadiyyata böyük ziyan vuran pandemiya Azərbaycanda nağdsız ödənişlərin artımını və bank kartlarından istifadəni stimullaşdırmış oldu. Buna həm insanlar arasında təmasların azalması məcburiyyəti, həm müasir İKT və bank hesablaşmaları sisteminin təkmilləşdirilməsi, həm də dövlətin nağdsız hesablaşmaların artmasında maraqlı olması və bu prosesi dəsdəkləməsi, stimullaşdırması şərait yaratdı. Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır. Ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur.
Bu üstünlüklərin nəticəsdir ki, Azərbaycanda nağdsız ödənişlər artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb.

Mahir Həmzəoğlu