• 20 Aprel 2024
logo
Kiçik biznesin innovasiya fəaliyyəti stimullaşdırılır

Kiçik biznesin innovasiya fəaliyyəti stimullaşdırılır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib. KOBİA-dan bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb. “Startap” şəhadətnamələri “VR Home” MMC-nin virtual reallığa əsaslanan (marketpleys) və “Probill” MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, “Blokchain Academy” MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə Agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
Ölkə Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir. Daxili bazar araşdırmasının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən həyata keçirilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə məhz İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentlik tərəfindən KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, "Startap şəhadətnaməsi"nin verilməsi buna misal ola bilər.
Kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanının 9.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid “G2B” (dövlət–biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi və hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” üzrə xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsi müəyyən edilib.
Sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsi kimi Export.az elektron ticarət portalını göstərmək olar. Portal sahibkarlıq subyektlərinə biznes əlaqələrdə etibarlı vasitəçi, dünya biznesinə asan çıxış imkanının yaradılması missiyasını yerinə yetirir.
Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növlərinin əhəmiyyətli dərəcədə azaldılması, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi, satınalmalar sahəsində kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması və vahid internet portalı - etender.gov.az vasitəsilə həyata keçirilməsi, vergi qanunvericiliyində köklü islahatlar və s. tədbirlər də özəl sektorun fəaliyyətinin gücləndirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına, rəqəmsallaşmanın geniş vüsət almasına, rəqabət mühitinin inkişafına xidmət edir.
Azərbaycanın ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
Azərbaycanda özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81%-ə, məşğulluqda payı isə 77%-ə çatıb. Özəl bölmənin dövlət dəstək alətlərindən daha geniş istifadəsi qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradır.
Dövlət müxtəlif iqtisadi rıçaqlar vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir. Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Sahibkarlığın İnkişafı Fondu bu günədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verilib. Bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir.
M.Həmzəoğlu