• 26 Aprel 2024
logo
2023-cü ildə neftin qiyməti ucuzlaşacaq

2023-cü ildə neftin qiyməti ucuzlaşacaq

Dünya bazarında neftin qiymətləri yenidən enməyə başlayıb. Bir müddət qiyməti 100 dollar ətrafında dəyişən “qara qızıl” yenidən ucuzlaşır. Hazırda Azərbaycannın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 85 dollardır. Bu qiymət 2022-ci ili büdcə proqnozlarına uyğundur. Belə ki, ilin əvvəlində büdcədə neftin qiyməti 55 dollar nəzərdə tutulsa da, sonradan 85 dollara yüksəldildi, müvafiq olaraq dövlət büdcəsinin gəlirləri və xərcləri də artırılmış oldu.
Ötən dövrdə bu siyasət özünü doğrultdu. Çünki neftin qiymətləri proqnozlaşdırıldığı kimi yüksək oldu. Hətta orta illik qiymət 100 dollar ətrafında olub. Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (136 dollar) qeydə alınmışdı. Bütün bunlar isə Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir. ABŞ Energetika Nazirliyinin 2022-ci ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozu 104 dollar idi ki, bu da az fərqlə özünü doğrultdu.
Ancaq 2023-cü ildən neftin builkindən bir qədər ucuz olacağı gözlənilir. Gələn ilin dövlət büdcəsində neftin qiyməti daha ehtiyatlı - 50 dollardan hesablanıb. Bununla belə, 2023-cü ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522,9 milyon manat çox olacaq. Büdcənin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq. 2023-cü ilin dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996,2 milyon manat artırılaraq 33 milyard 300 milyon manata çatdırılması, o cümlədən sosialyönümlü xərclərin 15 218,9 milyard manata və ya ümumi xərclərin 45.7 faizə çatdırılması planlaşdırılır.
Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda, 2022-ci ilin 9 ayı ərzində xalis mədaxil qiyməti 100,8 ABŞ dolları təşkil edib. Fondun 9 ay üzrə gəlirləri 11 milyard 365,9 milyon manat və ya təsdiq edilmiş gəlirlərin 72 faizi, xərcləri isə 6 milyard 566,9 milyon manat və ya təsdiq edilmiş xərclərinin 57 faizi həcmində icra olunub. Fondun aktivlərinin 2022-ci il sentyabrın 30-u tarixinə qalığı 45 milyard 386 milyon ABŞ dolları təşkil edib.
Bu il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 21,8 milyon manat olması proqnozlaşdırılsa da ilin sonuna daxilolmaların 12,7 milyon manat və ya 58,3 faiz olması gözlənilir. Hesablama Palatasının rəyinə əsasən, daxilolmaların azalmasına səbəb Ukraynada davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər, Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,6 faiz artmışdır. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma sektorunda, 19,9 faizi emal sektorunda, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,6 faiz artmışdır.
Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
Azərbaycan iqtisadiyyatı, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi hələ də neft amilindən asılıdır. Hazırda büdcə gəlirlərinin 53%-i neft sektorundan formalaşır və növbəti ildə də təxminən o qədər olacağı gözlənilir. Əvvəllər bu rəqəm 70% ətrafında idi. Yəni asılılq müəyyən qədər azaldılıb. Neft amilini tam aradan qaldırmaq mümkün deyil, ancaq arzu ediləndir ki, neft sektorundan daxilolmalar büdcə gəlirlərinin 25%-indən artıq olmasın. Həm də bu asılılıq Neft Fondundan transfertlərin, büdcədə neft gəlirlərinin azaldılması hesabına deyil, qeyri-neft sektorunun inkişafı və həmin inkişafın nəticəsi olaraq bu sektordan artacaq vergi yığımları hesabına azalmalıdır. Azərbaycanda qeyr-neft sekrotunda qeyri-neft sənayesi sahələri, kənd təsərrüfatında isə emal sənaye yüksək potensiala malikdir. Və həmin sahələr dövlətin təşviq mexanizmləri, sahibkarlığın dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması hesabına inkişaf etdirilə bilər. Hökumət son illər qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti və dəstəyi artırıb. Bunun nəticəsidir ki, son illər qeyri-neft sektorunda artım meyilləri qeydə alınır. Ancaq bununla yanaşı, qeyri-neft sektorunda biznesin dəstəklənməsi, ucuz kreditlərə əlçatanlığın təmin edilməsi, təşviq mexanimlərinin təkmilləşdirilməsi, beynəlxaq təcrübəyə əsaslanaraq dövlət-sahibkar əməkdaşlının gücləndirilməsi vacibdir. Neft gəlirlərinin bir hissəsi qeyri-neft sektorunun davamlı və dayanıqlı inkişafına yönəldilməlidir.
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişfına dövlət dəstəyinin artırılması vacibdir. Xüsusən də bank sektorunda islahatlara ehtiyac var. Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli deyil. İndiki kommersiya kreditlərinin faizləri ilə qeyri-neft sənayesini inkişaf etdirmək mümkün deyil. Ona görə də, bank sektorunda azad rəqabət mühitinin və biznes üçün əlverişli kredit bazarının formalaşdırılmasına böyük ehtiyac var. İqtisadiyyatımızın neft amilindən asılılığının artırılmasının əsas yolu qeyri-neft sektorunun diversifikasiyası, inkişaf etdirilməsi və ixrac potensilaının artırılmasıdır.
Bununla yanaşı, neft-qaz sektoru da inkişaf etməkdə davam edəcək. Növbəti illərdə ölkəmizdə qaz istehsalının ildə 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. “Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyə bilər. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Dünya bazarında qazın qiymətlərinin yüksəlməsi Azərbaycanın maraqlarına cavab verir, ölkənin qaz ixracının və bu sahədən gəlirlərin artırılması ilə bağlı siyasətinin doğru olduğunu bir daha təsdiqləyir. 2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək. 2022-ci ildə də qlobal təbii qaz tələbatının artacağı gözlənilir. 2021-ci ildə qlobal qaz tələbatı 110 milyard kubmetr artıb. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır.
Mahir Həmzəoğlu