• 26 Sentyabr 2022
logo
Dövlət Qarabağın iqtisadiyyatına sərmayələrini artırır

Dövlət Qarabağın iqtisadiyyatına sərmayələrini artırır

Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 2023-cü ildə gözlənilən xərclərin təqribi məbləğini açıqlayıb. Maliyyə Nazirliyinin açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır. Bu, xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz, ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.
Qeyd edək ki, hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Hələlik dövlət əsas investor kimi çıxış edir, çünki böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Cari ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələrinə Bərdə-Ağdam (44,5 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 kilometr, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (12 kilometr, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 kilometr, 2 hərəkət zolaqlı), Qubadlı-Eyvazlı avtomobil yolları (28,5 kilometr, 2 hərəkət zolaqlı) daxildir.
Gələn il Əhmədbəyli-Füzuli-Şuşa (81,6 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70,4 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (39,7 kilometr, 4 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yollarının (26,4 kilometr, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin (834,1 kilometr, 2 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,9 kilometr, 4-6 hərəkət zolaqlı), Ağdam-Füzuli (64,8 kilometr, 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (81,6 kilometr, 2-4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolları (76,3 kilometr, 2-4 hərəkət zolaqlı) layihələrinin başa çatdırılması proqnozlaşdırılır.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.
Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları ilə yanaşı, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.
Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilə bilər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur.
Hazırda işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək. Ağdam Sənaye Parkına rezidentlər 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən artıq iş yeri yaratmağı planlaşdırır. Qarabağın bərpası və dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə ölkə prezidentinin müvafiq fərmanlarına əsasən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Birinci sənaye parkı 190 hektar ərazini əhatə edir, burada 9 rezident və 2 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər Parka 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən artıq iş yeri yaratmağı planlaşdırır. Artıq rezidentlərdən “Dadaş-N” və “Veliev” MMC-lər tikinti işlərinə başlayıb. Digər rezidentlər isə layihələndirmə, torpağın hamarlanması işləri görür. İkinci sənaye parkı isə 200 hektar ərazini əhatə edir, burada 1 sahibkara rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Qeydiyyata alınmış rezident “KAMAZ Azərbaycan Lizinq” MMC artıq torpaq və fundament işlərinə başlayıb, Parka 6 milyon ABŞ dolları yatırmağı və 65 daimi iş yeri yaratmağı nəzərdə tutur. Qeyri-rezident - “Azpetrol" MMC isə yanacaqdoldurma məntəqəsi tikəcək. Artıq baş plan təqdim olunub, işlər davam edir.
Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər.
Artıq Qarabağda biznes qurmaq istəyən 1300-ə yaxın sahibkar KOBİA-ya müraciət edib. Onların da 460-dan çoxu xarici müraciətdir və 40-a yaxın ölkə daxil olmaqla geniş coğrafi dairəni əhatə edir. Layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir. KOBİA-nın sədri Orxan Məmmədov Qarabağın bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib ki, KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu məqsədilə hazırda tərəfimizdən 3 istiqamətdə işlər aparılır: Qarabağın investisiya potensialının geniş auditoriya kütləsinə tanıdılması, azad olunmuş ərazilərdə bizneslərin yaradılması ilə bağlı müraciətlərin qəbulu və ilkin biznes infrastrukturunun qurulmasına dəstək. Qarabağın investisiya potensialı beynəlxalq səviyyədə KOBİA tərəfindən ilk dəfə məhz qardaş Türkiyədə nümayiş olunmuşdur. Eyni zamanda, 2021-ci ildə KOBİA-nın təşkilatçılığı ilə baş tutmuş İBF Beynəlxalq Biznes Forumu və Mədəniyyət və İnvestisiya Sammitində, bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə, eləcə də digər yerli və beynəlxalq tədbirlərdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları nümayiş olunub.
Mahir Həmzəoğlu