• 17 Oktyabr 2021
logo
Öz qızılımız, öz sikkələrimiz

Öz qızılımız, öz sikkələrimiz

“AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkələr satışa çıxarılıb. Belə ki, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb. Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən “Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin “İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.
Yeni məhsullar “AzerGold”un Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir. Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsalı olan bütün sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir. “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilmişdir. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.
Əslində “AzerGold”un Azərbaycanda hasil etdiyi qızıldan sikkə və külçələr istehsal etməsi ölkədə milli yerli zərgərlik sənayesinin inkişafı, yerli istehsalın stimullaşdırılması və ölkəmizin dünya qızıl bazarında iqtisadi nüfuzunun artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycanm son illər qızıl bazarında aktiv fəaliyyətə başlayıb və getdikcə istehsalı artırır. Xüsusən də Qarabağ torpaqları düşmən işğalından azad edildikdən sonra oradakı yataqların işlənməsi və mədən sənayesində hasilatın artıırılması üçün yeni və böyük imkanlıar yaranıb. Əlbəttə, bu müəyyən vaxt tələb etsə də, 10 il sonra bu sahədə böyük nəticələrin əldə ediləcəyi gözləniləndir. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər verlib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar səhmləri “AzerGold” QSC-yə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Dövlətimizin başçısının 2020-ci il 6 avqust tarixli Sərəncamına əsasən, MMC tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrası davam etdirilir.
2020-ci ildə “AzerGold”un qızıl hasilatında 8,7 faiz, gümüş hasilatında isə 17,6 faiz artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9 faiz (24,04 milyon ABŞ dolları) çoxdur. Bununla yanaşı, şirkətin ümumi mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb. Belə ki, “AzerGold”un ümumi mənfəəti 2019-cu illə müqayisədə 43,04 milyon ABŞ dolları və ya 141,3 faiz artaraq 2020-ci ildə 73,5 milyon ABŞ dollarından çox olub. Ümumi mənfəətin satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2019-cu ildə 35 faiz idisə, 2020-ci ildə 66,7 faiz təşkil edib. Cəmiyyətin xalis mənfəəti isə 2019-cu illə müqayisədə təqribən 35,8 milyon ABŞ dolları (287,3 faiz) artaraq 2020-ci ildə 48,2 milyon ABŞ dollarından çox olub. “AzerGold” QSC 2019-cu ili təqribən 43,9 milyon ABŞ dolları EBITDA ilə başa vurubsa, 2020-ci ildə bu göstərici 57,6 faiz artaraq 69 milyon dolları ötüb. Aktivlərin səmərəli şəkildə idarə olunması nəticəsində müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edib. Belə ki, aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets) ötən il artaraq 34,5 faiz olub. Müqayisə üçün bildirək ki, bu indeks üzrə göstərici 2019-cu ildə 11 faiz təşkil edib.
“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 milyon ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 milyon ABŞ dolları (255,9 faiz) artaraq 98 milyon ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 milyon dolları ötüb. Hesabat ilində 29,6 milyon manat məbləğində xalis mənfəət Cəmiyyət tərəfindən investisiya fəaliyyəti üzrə istifadə olunub. Qeyd edək ki, qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına təmin edən QSC bu istiqamət üzrə dövlət büdcəsindən asılılığı tamamilə aradan qaldırıb. Dövlət büdcəsi hesabına maliyyələşmə yalnız yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.
Ölkə ərazisində öz fəaliyyətini genişləndirən “AzerGold” bu il Naxçıvan Muxtar Respublikasında da “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb. Şirkətin geoloqları tərəfindən “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək. Culfa rayonunun şimal-şərqində yerləşən “Ortakənd-Xanağa” sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivləri ilə seçilir. Sahə daxilində “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb. “AzerGold” QSC tərəfindən 2017-ci ildə “Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb. Quyulardan çıxan kernlər kəsilib və sınaqlaşdırılıb. Bu günədək ümumilikdə 2879 sınaq götürülüb və analizi aparılıb. Axtarış işləri və laborator analizlərin nəticələrinə əsasən 2021-ci ildə kəşfiyyat işlərinin davam etdirilməsi qərarı verilib. Geoloji kəşfiyyat işlərinin uğurlu yekununda ehtiyatların hesablanması, təsdiqi və yataqların istismarına hazırlıq işləri çərçivəsində beynəlxalq nüfuzlu məsləhət şirkətləri ilə birgə fəaliyyət planının hazırlanması planlaşdırılır.
“AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayrılıb. Son 5 ildə dövlət büdcəsinə 55,5 milyon manatdan çox məbləğdə vergi və rüsumlar ödənilib. Bütün bu uğurlara Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” mədənində həyata keçirilən hasilat fəaliyyəti nəticəsində nail olunub.
Dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası da hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, layihələrə 16 minədək işçinin cəlb edilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunda yeni məşğulluq imkanları baxımından çox əhəmiyyətlidir.
Mahir Həmzəoğlu