Azərbaycanda iqtisadi artım qeydə alınıb. Bekə ki, AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70,544 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manatdır.
Sənaye sektorunda da artım meyilləri müşahidə olunur. Bu ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artmışdır. Sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorundadır. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,4 faiz çoxalıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 73,6 faiz, əczaçılıq məhsullarının istehsalı 69,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 49,9 faiz, elektrik avadanlıqlarının istehsalı 33,9 faiz, mebel istehsalı 33,3 faiz, tikinti materiallarının istehsalı 30,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,5 faiz, içkilərin istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kağız və karton istehsalı 5,2 faiz, geyim istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 1,3 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,3 faiz, poliqrafiya məhsullarının istehsalı 20,0 faiz, maşın və avadanlıqların istehsalı 28,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 45,2 faiz, sair sənaye məhsullarının istehsalı isə 50,1 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,7 faiz artıb.
Sərmayə yatırımlarında da artım var. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9 faiz çoxalıb. İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatının qeyr-neft sektrounun özl sektorun investisiyalarına böyük ehtiyacı var. Hazırda əsas diqqətini Qarabağın iqtisadiyyatının bərpasına yönəltmiş hökumət işğaldan azad olunmuş ərazilərdə sahibkarların rolunu artırmaq, onların investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır. Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilib. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır.
İqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var.
Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur.
2024-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1760,8 min nəfər olmuş, onlardan 887,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində işləyir.
Bu il ölkədə sahibkarların da sayında artım qeydə alınıb. 2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13.810 vahid (7,4 faiz) artıb. Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183.528 vahid təşkil edib və 2023-cü ilin yanvar – iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.
2024-cü ilin 7 ayı ərzində 7.426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6.616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5.985-i (80,6 faizi) elektron qaydada, onların isə 4.832-si Asan İmza, 1.140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,0 faiz təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.
Tərlan