Bəs İsrail hansı planı həyata keçirir...
Oktyabrın 7-sində Fələstinin HƏMAS terror təşkilatının İsrailə genişmiqyaslı hücumu faktiki olaraq 1948-ci ildən başlayan Ərəb – İsrail qarşıdurmasının davamıdır. Bu müharibə, qarşıdurma əslində siyasi mahiyyətdən daha çox ideoloji mübarizə formasını aldığından tərəflərin hər hansı bir formada dayanıqlı razılaşması mümkün olmur. Fasiləli müddətlərdə regionda sakitlik olsa da, reallıqda müharibə, qarşıdurma, mübarizə 1948-ci ildən bu yana dayanmayıb. Son dövrlərdə regionda nisbi sakitlik regionun siyasi arxitekturasına, münasibətlərə əsaslı təsir edib. Nəinki yaxın Şərqin, ümumən beynəlxalq geosiyasi vəziyyətə daimi əhəmiyyətli təsir edən Ərəb-İsrail qarşıdurmasının aradan qaldırılması bir sıra qüvvələrin marağına uyğun deyil. Son illərdə İsraillə bir sıra Ərəb ölkələrinin barışması, diplomatik əlaqələrin yaradılması ən uzunömürlü gərginlik ocağının söndürülməsi baxımından əlbəttə ki, qlobal güclərin maraqları xaricindədir. 1967-ci il 6 günlük Ərəb-İsrail müharibəsindən sonra, 7 oktyabrda başlayan müharibə masştabına və itkilərinə görə daha böyükdür.
Bunu “Xalq Cəhəsi”nə politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, əlbəttə, 1948-ci ildən bu günə kimi Fələstin və İsrail məsələsinin həll edilməməsi indiki və növbəti Fələstin-İsrail müharibəsinin əsas səbəbidir. Ancaq bu müharibənin yenidən alovlanmasında bur sıra dövlətlərin maraqları aydın görünür. İlk növbədə, Yaxın Şərqdə növbəti Ərəb-İsrail müharibəsinin başlanması Rusiya, İran və nə qədər paradoksal olsa da ABŞ – ın maraqlarının təmini üçün vasitəyə çevrilib: “Bəllidir ki, İran nüvə silahını əldə etmək üçün son mərhələ üzərində işləyin və nəticənin yaxın zamanda əldə olunacağı barədə dünyanın nüfuzlu kəşfiyyat orqanlarının təkzibolunmaz sübutları var. İranın açıq düşmən elan etdiyi İsrail dövləti isə İranın nüvə obyektlərini məhv edəcəyi barədə ən yüksək səviyyədə çıxışlar edib. İsrailin İrana nüvə infrastrukturunu məhv etmək üçün hərbi müdaxilə edəcəyi böyük ehtimalla yaxın zamanlarda gözlənilən idi. Əlbəttə İsrailin İrana hərbi müdaxiləsi İrana nüvə proqramını başa çatdırmağa imkan verməzdi. İsraili İrana müdaxilədən yayındırmaq üçün sözsüz ki, İsraili başqa hərbi qarşıdurmaya cəlb etmək İranın nüvə proqramını başa çatdırmağa imkan yaradır. Fələstinin, HƏMAS-ın İranın tam nəzarətində olduğunu nəzərə alsaq, HƏMAS-ın İsrailə terror hücumunun təşkilatçısı və təminatçısının İran olduğu mübahisəsizdir. Livandakı Hizbullanın və hətta İranın da İsrailə qarşı müharibəyə başlaması ehtimal edildiyi halda, digər Ərəb dövlətlərinin özünün isə İsrailə qarşı açıq cəhbə açacağı mümkün görünmür. Əslində də heç İran da İsraillə açıq müharibəyə gedən deyil. Düşünürəm ki, başqa bir məqamı da səbəb kimi, sıradan çıxarmaq olmaz. İranın havadarı olduğu Ermənistan üzərində Azərbaycanın möhtəşəm qələbəsi İranı qıcıqlandıran faktor kimi, Azərbaycanın faktiki müttəfiqi olan İsrailə hücum planının gerçəkləşdirilməsi qərarına təsir edən şərtlərin sırasındadır”.
V.Dadaşov deyib ki, Rusiyanın da Fələstin-İsrail müharibəsinin alovlanmasında maraqlı olması şübhəsizdir: “Əvvala, hələ Sovet dövründən başlayaraq Moskvanın Fələstinə və onun silahlı qruplaşmalarına həm siyasi-diplomatik və hərbi dəstək verdiyi məlum faktdır. Yeri gəlmişkən Sövet kəşfiyyatçısı Yevgeni Maksimoviç Primakovun həmin əlaqələrin qurulmasında əsas fiqurlardan olub. Çox güman kl, Rusiyanın isə Sovet dövründə Moskvanın Yaxın Şərqdə yaratdığı şəbəkə ilə indi də əlaqə və təsir imkanlarını qoruyub. Ən azı Rusiyanın faktiki müttəfiqi olan İranın Fələstində isə söz sahibi olması danılmazdır. Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı birləşmiş Qərbin Rusiyaya təzyiqlərini, diqqətini parçalamaq, hərbi yardımını azaltmaq üçün, Qərbin və xüsusəndə ABŞ-ın müttəfiqlərinə qarşı müharibənin başladılması əhəmiyyətli və təsirli vasitədir. Son məlumatlara görə Rusiyanın müttəfiqi Şimali Koreyanın ABŞ müttəfiqi Cənubi Koreyaya hücum edəcəyi haqqında da məlumatların yayılması belə qənaətə gətirir ki, Rusiya ABŞ müttəfiqlərinə qarşı müharibə açmaqla, ona qarşı birləşərək yönəlmiş qüvvələri parçalamaq və sıfıra endirmək niyyətindədir. Rusiyanın Ukraynaya təcavüzünə qarşı birləşmiş Qərbin diqqətinin Yaxın Şərqə, Koreya yarımadasına yönəldilməsi Rusiya qarşı təzyiqləri zəifləməklə, Qərbin Ukraynaya hərbi yardımının azaldılmasına səbəb olacaq. Onsuz da bir sıra Avropa ölkələri Ukraynaya hərbi və maddi yardımı dayandırdığını elan edib. ABŞ isə İsrailə bütün mümkün hərbi yardım edəcəyini açıqlaması və bunu həyata keçirməsi sözsüz ki, Rusiya-Ukrayna müharibəsini müvəqqəti olsa da arxa plana keçirir. Bu vəziyyətdə Rusiya Ukraynada əldə etdiyi fiziki qələbəni möhkəmləndirir və tərəflərin xüsusən də Ukraynanı danışıqlar masasında əyləşməsinə məcburiyyət yaranır. Və Rusiya Ukrayna təcavüzündə qazandığı ərazilərlə müharibənin danışıqlar prosesinə keçməsi ilə müvəqqətidə olsa müharibəni dayandırır. (Bu dəfə də Qərb Ukraynanı qurban verir)”.
ABŞ da yeni Fələstin- israil müharibəsində dövrə uyğun geosiyasi maraqlarının təmini üçün imkanlar qazanır. Əvvələ utanmayaq ki, Fələstin- İsrail konflikti bütün Yaxın Şərqə, Ərəb və İslam dünyasına əsaslı təsir edən vasitə olaraq qalır və bu vəziyyətdən manipulyasiya imkanı həmişə aktuallığını saxlayır. ABŞ-ın “Ərəb baharı”, “İŞİD” və digər proyektləri bir növü təsirdən düşdükdən sonra, yeni Ərəb- İsrail müharibəsi ABŞ-ın Şərqə, İslam dünyasına yeni müdaxiləsi və girməsi üçün yollar açır. ABŞ-ın Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda Yaxın Şərqə əlavə 20-25 “F-35” və “F-15” qırıcıları göndərəcəyi haqqında xəbərlər ABŞ-ın regionla bağlı yeni planlarının əlamətləri hesab edilə bilər. Ərəb-İsrail müharibəsi İran, Rusiya, ABŞ və eləcədə Türkiyənin regionda paralel və rəqabətli mövcudluğunun oturuşmuş vəziyyətinə təsir edən şərtlər yarada bilər. Həmçinin, ABŞ-ın çıxdığı İraq və Əfqanıstanda da siyasi vəziyyətin dəyişməsinə səbəb ola biləcək gərginliyin artması mümkündür: “HƏMAS-ın da İsrailə genişmiqyaslı hücumunun təşkili, baş tutmasında İsrail kəşfiyyatının məlumatsızlığı inandırıcı görünmür. Ola bilər ki, Fələstin HƏMAS-ın İsrailə genişmiqyaslı terror hücumuna imkanın verilməsi, bu hücum nəticəsində xarici vətəndaşların terrorçular tərəfindən insanlığa sağmayan uşularla işgəncəyə məruz qalması və qətlə yetirilməsi, Fələstin muxtariyyətinin, dövlətinin ləğv edilməsi üçün şəraitinin yaradılması məqsədi daşıyır. Bir fərziyə də müzakirə olunan mövzudur. Sözsüz ki, Fələstin – İsrail müharibəsinin indiki vəziyyəti Fələstinlə və ya HƏMAS-la bağlı təkcə regional məsələ deyil. Regionda vəziyyətin gərginləşməsi həm də Çinin Şərqə, Avropa, Afrikaya çıxış imkanının genişlənməsinin qarşısını almaq məqsədi də daşıya bilər. Yeri gəlmişkən, ABŞ-ın bu dövrdə Rusiyanın dağılması planından müvəqqəti də olsa imtina səbəblərindən başlıcası, Çinin Rusiya ərazilərinin əhəmiyyətli hissəsinə sahiblənməsi imkanının real səviyyədə olmasıdır. Qərb, daha doğrusu ABŞ üçün Çin əsas rəqibdir və Çinlə müqayisə də Rusiya Avropa və ümumən xristian dünyası üçün daha yaxındır. Əslində də indiki dövr sivilizasiyaların mübarizəsi fonunda mürəkkəb forma almış siyasətin konkret sektorlarının olmadığından, proseslərin inkişaf istiqaməti barədə bir qənaətə gəlmək mümkün deyil. Ancaq hal-hazırda Çinin, Hindistanın inkişaf tempini, hərbi imkanlarını əngəlləmək Qərb xristian dünyası üçün prioritet çəki almaqdadır”.
Cavid